“Gənc ailələrin kənardan dəstək olmadan dolanmaları çətindir”

602
baby in supermarket; Shutterstock ID 6256522; PO: aol; Job: production; Client: drone

Övlad dünyanın ən şirin nemətidir, deyirlər. Gəlişi ilə ailəyə sevinc, xoşbəxtlik, üzlərə gülüş gətirir körpələr. Bunu övlad sahibi olmasaq belə, ətrafımızdakı insanları müşahidə edərək də görə bilərik. Hər bir valideyn uşağına rahat bir həyat bəxş etmək istəyir. Onun gəlişinə əvvəlcədən hazırlaşır, doğulacaq körpə üçün bütün şərait qurulur. Təbii ki, bütün bunlar müəyyən maddi vəsait tələb edir. Dünyaya övlad gətirməyə hazırlaşan ananın aylıq konsultasiyası, səhhəti ilə əlaqədar həkim tərəfindən təyin olunan dərmanlar, dünyaya gələcək körpə üçün alınan paltar və s. kimi ehtiyacların sayını artıra bilərik. Bəs, görəsən, körpənin dünyaya gəlməsi və sonrakı aylarda tələb olunan ehtiyacları təmin etmək üçün nə qədər maddi vəsait tələb olunur? Və valideyn olmağa hazırlaşan gənc ailə başqaları, daha dəqiq desək, yaxınları tərəfindən maddi dəstək olmadan bu vəsaiti əldə edə bilirmi?

“Uşaq böyüdükcə
maddi ehtiyaclar da çoxalır”
Suallarımıza cavab verən bir ay öncə ana olmuş Həvva Cəlilova körpənin dünyaya gəlməsi üçün tələb olunan xərclərin xəstəxana seçiminə uyğun olaraq dəyişdiyini bildirdi: “Mən körpəmi Xirdalan şəhərindəki dövlət xəstəxanasında dünyaya gətirdim. Bunun üçün xəstəxanaya 350 manat ödədik. Əlavə heç bir ödəniş olmadı. Qeyd edim ki, bu qiymət uşağı normal yolla dünyaya gətirdiyin zaman tələb olunur. Əgər uşaq əməliyyat yolu ilə olursa, qiymət dəyişir”.
Çox zaman körpənin qidalanması üçün ana südü kifayət etmir. Buna görə də ailələr həkimlərin təyin etdikləri süni qidaları almalı olurlar. Övladına həm ana südü, həm də əlavə yemək verdiyini deyən H. Cəlilova hələ ki, bir qutu yeməyin onlara bir ay kifayət etdiyini bildirdi: “Uşaq hələ ki biraylıq olduğuna görə bir qutu yemək bizə 1 ay kifayət edir. Onun da qiyməti 9 manatdır. Uşaq bezi üçün də aylıq 30 manat tələb olunur. Təbii ki, uşaq böyüdükcə ehtiyaclar da çoxalacaq və xərclər də artacaq”.
Deməli, bu ailənin körpənin dünyaya gəlməsindən başlayaraq, növbəti 3 ay müddətində təkcə uşağın ehtiyaclarını təmin etməsi üçün ortalama 500 manat tələb olunur. Yəni bu minimum məbləğdir. Buraya ailənin digər ehtiyaclarını, uşağın və ananın səhhətində yaranan digər narahatlıqlarla əlaqədar həkim müayinəsini, təyin olunan dərmanların qiymətini daxil etmədik. Bunları da hesablasaq, məbləğ vurub çıxar kəllə-çarxa.

Əgər ailədə cəmi bir nəfər işləyirsə…
Digər müsahibimiz isə 3 ay öncə körpə dünyaya gətirən Tükəzban Məmmədlidir. Sumqayıt şəhər sakini olan T. Məmmədli isə uşağın dünyaya gəlməsi üçün xəstəxanaya 550 manat ödəyib: “Körpəyə verilən əlavə yeməyin qiyməti 9 manatdır. Bu da uşağa cəmi bir həftə bəs edir. Lakin uşağın 6 ayından sonra yeməyin miqdarı artır. Bu da ayda, təxminən, 100 manat deməkdir. 1 ay üçün uşaq bezinin qiyməti isə, təqribən, 40 manata yaxındır”.
Bakı şəhərində yaşayan Natəvan Səttarova da gənc analarımızdandır. Təxminən bir ay bundan əvvəl ana olan N. Səttarova körpəsini paytaxtdakı xəstəxanalardan birində dünyaya gətirib və bunun üçün 600 manat ödəməli olub. Azərbaycanda orta əməkhaqqının 480 manat olduğunu nəzərə alsaq, məlum olur ki, hər hansı bir gənc ailənin valideyn olmaq üçün tələb olunan maddi vəsaiti təmin etmək imkanı çox azdır.
Onu da qeyd edək ki, haqqında bəhs etdiyimiz hər üç ailədə təkcə ata işləyir. Və bu vəziyyəti bir çox ailəyə şamil etmək olar.
Deməli, bu gün cəmiyyətdə real olan bir vəziyyət var: gənc ailələrin əksəriyyəti hər hansı bir qohumunun və ya dostunun maddi dəstəyi olmadan ehtiyaclarını ödəyə bilmirlər. İnsanlar tələb olunan maddi ehtiyacları təmin etməyin yollarını axtardıqlarından valideyn olmağın sevincini yaşaya bilmirlər. Görünür, körpənin dünyaya gəlməsi üçün bir necə ay əvvəlcədən pul yığmağa başlamaq lazımdır. Ayda cəmi 350-500 manat arası maaş alan ailə başçısının həm gündəlik xərclərini təmin edib, həm də əlavə pul yığması bir az mümkün görünmür. Yaxşı ki, ailə qurub ev sahibi olsa da, əlini övladlarının arxasından çəkməyən valideynlərimiz var…

“Hökumət hesab edir ki, birdəfəlik müavinət az verilməlidir”…
Mövzu ilə bağlı suallarımızı cavablandıran iqtisadçı Nazim Məmmədov bildirdi ki, dövlət tərəfindən körpəsi dünyaya gəlmiş ailələrə ödənən birdəfəlik yardım onların ehtiyaclarını ödəmir: “Körpəsi dünyaya gələn ailənin onu xəstəxanadan çıxarmasına rəsmi, qeyri-rəsmi və digər xərclərdə daxil olmaqla azı 1000 manat vəsaiti çıxır. Təbii ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda demoqrafiq problem olmadığına görə hökumət hesab edir ki, birdəfəlik müavinət az verilməlidir. Əksər ölkələrdə uşaq müavinəti var ki, onlar 18 yaşına çatana qədər bu məbləğ ödənilir. Azərbaycanda isə doğumla bağlı birdəfəlik ödəniş kifayət qədər deyil. Həm də qeyri-rəsmi ödənişlər səbəbilə gənc ailələr dünyaya övlad gətirməyi bir neçə ildən sonra üçün planlaşdırırlar. Çünki tələb olunan xərclər, belə demək mümkünsə, onları qorxudur”.

Xəyalə Sadıqova