Gələn ilin dövlət büdcəsi qəbul olundu

0
544

Milli Məclis plenar iclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini qəbul edib.

Qanun layihəsi qəbul olunmadan öncə maliyyə naziri Samir Şərifov millət vəkillərinin qaldırdığı bir sıra məsələlər toxunub. S. Şərifovun sözlərinə görə, millət vəkillərinin irəli sürdüyü bəzi təkliflər hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aid olub. Nazir əlavə edib ki, millət vəkillərinin konkret xərc tələb edən məsələlər barədə təklifləri ətraflı öyrənilib: “Millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifi nəzərə alınıb və bu məbləğ 50% artırılaraq 150 milyon manata çatdırılıb. Qeyd olunan artımın Dövlət Neft Fondunun xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manata çatdırılıb. ARDNF-nin gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcək. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatı keçənlərin gəlir vergisi üzrə tətbiq olunan güzəştdən kənara qalması ilə bağlı idi ki, həmin güzəşt tətbiq olan yuxarı həddin 2500 manata artırılması 500 mindən çox adamı əhatə edəcək və həmin şəxslərin aylıq gəlirlərinin 3-9 %çərçivəsində artmasına səbəb olacaq”.

Maliyyə nazirinin çıxışından sonra büdcə layihəsi səsə qoyularaq qəbul edilib.

Gələn il üçün yaşayış minimumu 136 manat olacaq

Azərbaycanda gələn il üçün yaşayış minimumu 136 manat, ehtiyac meyarı 105 manat təsdiq edilib. Parlament həmçinin gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsini təsdiqləyib. İcmal büdcəsinin tərkib hissəsi olan DSMF-nin büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla, 3 078,6 mln. manat təşkil edəcək.

Fondun xərclərinin 35,6%-i və yaxud 1 100,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 1 978,6 mln. manatı və yaxud 64,4%-i məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına qarşılanacaq.

Fondun xərclərinin 95,5%-i və yaxud 2 923,6 mln. manatı əmək pensiyalarının ödənilməsinə, qalan 155, mln. manatı və yaxud 5,0%-i məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, sığortaolunanların sanatoriya-kurorort müalicəsinə və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsinə, fondunmərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması və digər sosial təyinatlı xərclərə yönəldiləcək.Həmçinin Milli Məclisin 2016-cı ildə xərclər smetası təsdiq edilib və bu göstərici 2 milyon 745 min 955 manat təşkil edəcək.