Gələn il özünü maliyyələşdirə bilən şəhər və rayonların sırasına yeniləri daxil olmayacaq

503
Gələn ilin dövlət büdcəsində əvvəlki illərdə olduğu kimi şəhər və rayonların xərcləri yerli gəlirlərdən çox olacaq.
 Bu barədə məlumat ötən gün Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Fərmanda yer alıb. 2015-cü ilin dövlət büdcəsində yer alan rəqəmlərə əsasən regionların xərcləri gəlirlərindən təxminən 2 dəfə çox olacaq. Belə ki, gələn il şəhər və rayonların yerli gəlirləri 834,5 milyon manat olduğu halda, xərcləri 1 milyard 654 milyon manat təşkil edəcək. Aradakı 819,4 milyon manatlıq fərq isə mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlər, yəni dotasiya hesabına təmin olunacaq.

2015-ci ilin dövlət büdcəsinin gəlirlərində şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ cari illə müqayisədə 19,7% və ya 138 milyon manat çox olacaq. Şəhər və rayonların yerli gəlirləri ümumi büdcə gəlirlərinin cəmi 4,3%-ə bərabər olacaq və cari illə müqayisədə cəmi 0,1 faiz bəndi artacaq.

 

Özünü maliyyələşdirə bilən şəhər və rayonların sayı dəyişməyəcək

2012-ci ilə kimi Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlar xərclərini yerli gəlirlər hesabına təmin edə bilməyiblər. Ancaq 2012-ci ildə ilk dəfə olaraq Sumqayıt şəhəri ilə Abşeron rayonu da xərclərini yerli gəlirlər hesabına təmin ediblər. Ötən il isə xərclərini öz gəlirləri hesabına təmin edə biləcək şəhər və rayonların sırasına Şirvan şəhəri də daxil olub. Bu il isə bu sıraya Mingəçevir şəhəri ilə İmişli rayonu da daxil olacaq. Beləliklə özünü maliyyələşdirə bilən şəhər və rayonların sayı 6-ya çatacaq. Onu da qeyd edək ki, gələn ilin dövlət büdcəsində də xərclərini yerli gəlirlər hesabına təmin edə biləcək 6 şəhər və rayonun adı göstərilir ki, bunlarda yuxarıda adlarını sadaladığımız şəhər və rayonlardır. Beləliklə gələn il özünü maliyyələşdirə bilən şəhər və rayonların sırasına yeniləri daxil olmayacaq.

Mərkəzi büdcədən ən çox Ağdama, ən az Naftalana vəsait ayrılacaq

Gələn il mərkəzləşdirilmiş xərclərdən ən çox vəsait bu il olduğu kimi Ağdam, Şəmkir və Tovuz rayonlarına, həmçinin Gəncə şəhərinə ayrılacaq. Gələn il Ağdam rayonuna mərkəzləşdirilmiş xərclərdən 33,5 milyon, Şəmkir rayonuna 29,4 milyon, Tovuz rayonuna 26,1 milyon, Gəncə şəhərinə isə 24,9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Mərkəzləşdirilmiş xərclərdən ən az vəsait bu il olduğu kimi yenə də Xocalı, Xızı və Xocavənd rayonlarına və Naftalan şəhərinə ayrılacaq. Bu rayonlara müvafiq olaraq 3,6 milyon, 4,3 milyon və 4,5 milyon manat, Naftalan şəhərinə isə cəmi 901 min manat veriləcək.

Yerli gəlirlərin artm tempi regionlara ayrılan dotasiyaların artım tempini üstələyir

Son 8 ilin (2008-2015-ci illər) statistikasına nəzər salsaq görərik ki, bu dövürdə regionların yerli gəlirləri 3,2 dəfə, xərcləri isə 82% artıb. Mərkəzi büdcədən ayrılan vəsaitlərin həcmi isə daha az artıb – cəmi 25%. Rəqəmlər belə görünür ki, yerli gəlirlərin artm tempi regionlara ayrılan dotasiyaların artım tempini üstələyir. Müqayisə üçün bildirək ki, 2008-ci ildə mərkəzi büdcədən ayrılan vəsaitlər regionların ümumi xərclərinin 72%-ni təşkil edib. Ancaq cari ildə bu göstəricinin 52,1%-ə qədər azalacağı gözlənilir. Gələn il isə mərkəzi büdcədən ayrılan vəsaitlər regionların ümumi xərclərinin 49,5%-nə bərabər olacaq.

Allahverdi Cəfərov