“Gələn il mənzillərin qiyməti bahalanacaq”

436

Son ilyarımda manatın iki dəfə devalvasiyasının baş verməsi daşınmaz əmlak bazarı sahəsində də qiymətlərin qalxmasına səbəb olub. Bəs qarşıdan gələn il daşınmaz əmlak bazarına nə vəd edir? Bununla əlaqədar ekspert Nüsrət İbrahimov manatın devalvasiyasının daşınmaz əmlak bazarına da öz mənfi təsirini göstərdiyini söylədi. Onun sözlərinə görə, daşınmaz əmlak bazarında bu il manatın devalvasiyası ilə əlaqədar qiymətlər 11 faiz qalxıb. Nüsrət İbrahimov: “Manatın devalvasiyasının davam etməsi və onun dollar qarşısında dəyərini itirməkdə davam etməsi növbəti ildə də daşınmaz əmlak bazarında qiymətlərin qalxmasında katalizator rolunu oynayacaq. Belə hesab edirəm ki, 2017-ci ildə də daşınmaz əmlak bazarında qiymət artımı manatın dollar qarşısında nə qədər dəyərini itirməsindən və ya qazanmasından asılı olacaq. Təxmini hesablamalarıma görə, gələn il daşınmaz əmlak bazarında bu ilki qədər, yəni minimum 11, maksimum isə 15-18 faiz artım olacaq. Buna da səbəb qeyd etdiyim kimi tikinti materillarının qiymətinin artması ilə əlaqədardır. Eyni zamanda manatın devalvasiyasının əhalinin maddi durumuna mənfi təsir etməsi nəticəsində daşınmaz əmlak alanların sayının azalması Azərbaycanda mənzil tikintisində də geriləməyə səbəb olacaq”, -dedi.

Əziz Mustafa