Gələn il dolların məzənnəsi 2,5 manatdan yüksək ola bilər

534

Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8 milyard 370,6 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4 milyard 889,1 milyon manat və ya 2,4 dəfə çoxdur. “Yeniavaz.com” bildirir ki, bu barədə maliyyə naziri Samir Şərifov büdcənin komitələrin birgə müzakirəsində bildirib.
Qeyd edək ki, Samir Şərifov Neft Fondunun gəlirlərinin hansı mənbələr hesabına artacağını açıqlamayıb. Bildiyimiz kimi, gələn il Azərbaycanda neft-qaz hasilatının artacağı gözlənilmir. Əksinə neft hasilatının 2016-ci illə müqayisədə azalacağı bildirilir. Bir qədər əvvəl ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası üzrə İdarəsi 2016-cı ildə Azərbaycanda neft hasilatının sutkada 0,87 milyon barrel təşkil edəcəyini proqnozlaşdırıb. İdarənin 2017-ci il üzrə proqnozunda isə qeyd edilib ki, Azərbaycanda neft hasilatı sutkada 0,86 milyon barrel təşkil edəcək. Eyni zamanda OPEC-in açıqlamasında da 2017-ci ildə Azərbaycanda gündəlik neft hasilatının 40 min barel azalacağı barədə məlumat yer alıb. Bundan başqa iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bu gün bəyan edib ki, gələn il neft hasilatının aşağı salınması nəticəsində neft sektorunun 2,1% azalacağı nəzərdə tutulur.
Neftin büdcədəki qiyməti isə bu ilki səviyyədən 60% və ya 15 dollar çox olacağı, yəni neftin 1 barelinin qiyməti 40 dollardan hesablanacaq. Belə olan halda Neft Fondunun gəlirlərinin hansı mənbələr hesabına artacaq? İndiki halda bu yalnız dolların məzənnəsinin yüksəlməsi hesabına baş verə bilər. Bu isə o deməkdir ki, gələn il dolların məzənnəsinin yüksələcəyi gözlənilir. Neft hasilatı artmadığı, qiymət isə 60% artdığı halda Neft Fondunun gəlirlərinin 2,4 dəfə artımasını təmin etmək üçün dolların məzənnəsi 2,5 manatdan yüksək olmalıdır.