Füzuli bizimdir, Qarabağ Azərbaycandır!

27

17 oktyabr – Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il ötür!

Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Zəfərə aparan bu qırx dörd günlük savaşın hər bir günü salnamədir. Füzuli döyüşləri də bu salnamənin bir hissəsidir.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.

Hərbi əməliyyatlar zamanı Füzuli, Xocavənd rayonlarının kəndlərinin tamamilə işğaldan azad ediməsi ilə nəticələnirdi. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan Ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı.

14 oktyabr tarixində Azərbaycan ordusu irəliləməni davam etdirərək Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Təkə, Tağaser kəndlərini işğaldan azad edir.  Növbəti gün ordu irəliləməni davam etdirərək üç rayon ərazisindən Füzuli şəhərinin şərq istiqamətdə bir neçə kəndi azad edir. Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edir. Şəhərin azad olunmasından öncə artıq şəhər bir necə istiqamətdə Azərbaycan ordusu tərəfindən mühasirəyə alınır. Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır. Nəticədə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.

2020-ci ilin oktyabrı 17-si tarximizdə əbədi qalacaq. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

“İki sahil”