Futzalçılarımız yarımfinala çıxa biləcək?!

558

Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsində 1/4 finalın son iki oyunu keçiriləcək. Yarımfinala vəsiqə uğrunda mübarizə aparan komandalar arasında Azərbaycan millisi var.

Yığmamız günün ilk qarşılaşmasında Rusiya ilə görüşəcək. İtaliya (0:3) və Çexiya (6:5) ilə qarşılaşmalardan sonra D qrupunda 2-ci yeri tutan komandamız C qrupunun qalibi – Rusiya ilə üz-üzə gələcək.

6 ildən sonra yenidən yarımfinala yüksəlmək iddiasında olan millimiz Rusiyadan əvvəlki məğlubiyyətlərin revanşını almağa çalışacaq. AVRO-2005-in seçmə mərhələsində (0:5) və DÇ-2012-nin pley-offunda (2:2, 2:3) şimallıları məğlub edə bilməyən komandamız ilki Serbiyada gerçəkləşdirmək əzmindədi.

1/4 finalçılar arasında ən az qol vuran şimallılar qrup mərhələsindəki dişsiz oyunu unutdurmağa çalışacaq. Qonşularımız Qazaxıstanı 2:1 məğlub edib, Xorvatiya ilə “sülh” bağlamaqla (2::2) yüksəldiyi mərhələni də keçmək iddasındadı.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Cütün qalibi Ukraynanı 2:1 hesabı ilə məğlub edən Serbiya ilə qarşılaşacaq. 1/4 final mərhələsinin saat 00:00-da başlayacaq son oyununda isə İtaliya ilə Qazaxıstan üz-üzə gələcək.