Futbolumuzun Sabiri, yaxud Böyükağa müəllimin “Toptopnamə”si

Demişəm, yenə deyirəm, kim nə deyir desin, “Neftçi” klubunun sabiq baş məşqçisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa müəllim Hacıyevə mənim xüsusi rəğbətim var. Ona görə ki, bu kişi bizim tanınmış satira ustası, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi olmuş Mirzə Ələkbər Sabirin həqiqi davamçısıdır. Bəli, məhz o, futbolumuzun bütün eyiblərini, kəm-kəsirlərini dünya poeziyasında bənzəri olmayan bu ustad sənətkara layiq şəkildə qamçılayır. Yəni “günü parlaq, günüzü ağ, gecəni tar”, “pisi pis, əyrini əyri, düzü həmvar” (Bu xalturaya görə Sabirin ruhundan dönə-dönə üzr istəyirəm) deyir. Digər yazarları deyə bilmirəm, şəxsən mənim üçün onun hər açıqlaması maraqlıdır. Elə bu səbəbdən internetə girən kimi Böyükağa müəllimin fikirləri ilə bağlı materialları axtarır, onları birnəfəsə oxuyuram. Çünki o, hər açıqlamasında mənə elə paslar verir ki, onları, futbol termini ilə desək, heç “obrabotka” etmədən qola çevirməmək, bağışlayın, yazmamaq demək istəyirdim, günahdır. Bu mənada indiyədək yazdıqlarımın bir qismində o kişinin kifayət qədər payı var deməkdən belə çəkinmirəm. Hətta onu həmin yazılarımın həmmüəlliflərindən biri kimi də qələmə verməyə hazıram.

Bəli, bu günlərdə bu kişi Türkiyənin müxtəlif komandalarından uzaqlaşdırılmış bizim futbolçularımız haqqında verilən sualı cavablandırarkən bildirib ki, bəs onların qovulmasında günahkar onların özləridir: “Çünki nizam-intizam qaydalarına riayət etmirlər. İndi türk məşqçilər görsünlər ki, azərbaycanlı məşqçilər bu futbolçuların əlindən nələr çəkirlər”. Mən bu pası necə “qola” çevirməyim axı?

Bəli, Böyükağa müəllimin sözlərindən belə bir nəticə hasil olur ki, klublarımızın yerli futbolçuları nizam-intizam qaydalarına o qədər də ciddi əməl etmirlər. Yəni istədikləri vaxt yuxudan durur, istədikləri vaxt “avtoşluq” edir, istədikləri vaxt it oynadırlar və sairə… Elə bu kimi səbəblərdən məşqlərə vaxtında qatıla bilmirlər. Bu isə o deməkdir ki, onlar baş məşqçiləri yetərincə saymırlar, onlarla hesablaşmırlar. Mənə elə gəlir ki, bugünkü futbolumuzun uğursuzluğunun səbəblərindən biri elə budur. Bu isə heç də adi məsələ deyil. (Təbii ki, belələri legioner həyatı yaşaya bilməzlər). Biz isə futbolumuzun inkişafdan qalmasını alayı şeylərdə axtarırıq. Yenə sağ olsun, Böyükağa müəllim, dolayısı yolla da olsa bu məsələni gündəmə gətirib.

Amma mən bu dəfə Böyükağa müəllimə pas vermək istəyirəm. Bu Sabiryanə xasiyyət ki, Böyükağa müəllimdə var, o, AFFA-nın yeni yaradılmış Məşqçilər Komitəsinin üzvü kimi çox fəaliyyət göstərə bilməyəcək. Nədən ki, günlərin bir günü onu yediyi xörəyə türürməkdə, yaxud “sandığı açıb pambığı tökməkdə” günahlandıraraq bayıra atacaqlar. Ya da o, özü bu işindən istefa verəcək. Mən biləni, digər məşqçilərdən fərqli olaraq, Böyükağa müəllim çox gözəl istefa mədəniyyətinə malikdir. İnanmırsınız? Elə isə siz sağ, mən salamat! Yaxud da yaşayarıq, görərik.

Yeri gəlsə də, gəlməsə də yazımın bu yerində bir məsələyə də toxunmaq istəyirəm. Böyükağa müəllim indiyədək futbolumuzla bağlı o qədər dərin mətləblərə, dərdlərə özünəməxsus şəkildə toxunub ki… Qüdrətli futbol xadimi xalis futbol azarkeşlərini də bütün bu dərdlərin alovuna bürüməyi, onları da alovlandırmağı bacarıb. Məncə, onları toplayıb kitab halına salmağın vaxtı çatıb. Hə, kitaba da “Toptopnamə” adı verilsə, lap əla olar. Zənnimcə, həmin kitab Sabirin “Hophopnamə”si qədər böyük əhəmiyyət kəsb edər.

QVAMİ MƏHƏBBƏTOĞLU