“Futbolumuzun inkişafını istəyiriksə, azarkeşləri stadiona məcbur da olsa gətirməliyik”

Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” Avrokuboka hazırlığı davam etdirir. Biz də köməkçi-məşqçi vəzifəsində saxlanılan Sənan Qurbanovla əlaqə saxlayıb, onun düşüncələrini öyrənməyə çalışdıq. Qurbanov  müsahibəsində ötən mövsümü dəyərləndirdi və yeni hədəflərindən danışdı.

 

“Bizə bunu dadmaq lazım idi”

– Ötən mövsüm “Qəbələ” bir çoxlarının gözləmədiyi nəticələr göstərdi. Kubokda finala çıxdı, çempionatı 3-cü pillədə başa vurdu. Bir məşqçi kimi mövsümü necə dəyərləndirərdiniz?

– Mövsümə yaxşı başlamışdıq. Adlı-sanlı məşqçi gətirildi və hazırlıqlar da bu yöndə idi. Artıq hamı deyirdi ki, “Qəbələ” bu mövsüm yer tutacaq. Çempionat bizim üçün enişli-yüksəlişli keçdi. Bir dönəm, konkret olaraq qış fasiləsindən sonra uğursuz nəticələr göstərdik. Bunun da əsas səbəbi lider futbolçularımızın zədələnmələri oldu. Amma yenə də toparlana bildik. Baş məşqçinin də böyüklüyü orada görsəndi ki, komandanı ayağa qaldıra bildi. Mənim üçün mövsüm çox uğurlu keçdi. Bizə bunu dadmaq lazım idi. Ancaq bunun ardı gəlməlidir.

– Bəs ümumi dəyərləndirdikdə 2013-14 mövsümü istənilən səviyyədə keçdimi?

– Çox maraqlı çempionat keçdi. Özümüz bu intriqanın içində olduğumuz üçün demirəm, kənardan izləyənlərə də ləzzət elədi. “Xəzər Lənkəran” və “Bakı” kimi komandalar kənarda qaldılar. “İnter” çox pis start götürdü. İlk 6 oyunun 5-də məğlub oldu. Artıq hamı “İnter”i mübarizədən sildi. Ancaq sonradan çox böyük sürət yığdı. Həmçinin “Bakı” da sonradan toparlandı, mübarizəyə qoşuldu. “Qarabağ” bu mövsüm əla futbol sərgilədi, çox sürətli oynadı. Hamı “Qarabağ”a qarşı ehtiyatlı oynadı. Yeganə çatışmayan amil futbolun yaraşığı olan azarkeş idi.

 

“Çətini azarkeşi stadiona gətirməkdir”

– Azarkeşlərin stadionlara gəlməmələrinin səbəbini nədə görürsünüz?

-Syomin də deyirdi ki, azarkeşlərin niyə futbola gəlmədiklərini başa düşə bilmirəm. Azarkeşi bir yolla cəlb etmək lazımdır. Futbolçu da azarkeşsiz tribunalar önündə yüksək motivasiya ilə oynaya bilmir. Yaxşı futbolçular da var. Elə kubokun final matçında əsl Marat İzmaylovu gördük. Azarkeş amili də onun çıxışına müsbət təsir etdi. Mükəmməl atmosfer var idi. Əyalət komandasını paytaxtda 20 minə yaxın azarkeş dəstəkləyirdi. Çempionat oyunlarında bunun 50-60 faizi gəlsə, bundan qazanan milli komanda olar. Çünki o atmosferdə aşağı səviyyədə oyun göstərmək mümkün deyil və bu da futbolçunun “artırmasına” şərait yaradır. Azarkeş olmayanda futbolçu dayana-dayana oynayır. Çünki onu qızışdıran heç nə olmur. Azarkeşi cəlb etmək də klubların işidir. Syomin deyirdi ki, Azərbaycan futbolunda reklam yoxdur. Oyunların, futbolçuların reklamı az olur. “Rəvan”la oyunda Syomin şokda idi. 20-30 metrlik məsafədə insanlar yaşayır, amma stadiona gələn yox idi. Deyirdi ki, bəlkə də, onlar burada futbol olduğunu bilmirlər.

– Yeri gəlmişkən, “Neftçi” rəhbərliyi finalda sizin azarkeşləri stadiona məcbur gətirdiyinizə işarə vurdu…

– Azarkeşin öz xoşuna stadiona gələcəyini gözləsək, elə boş tribunalar önündə oynamaqda davam edəcəyik. Bu cür düşünən insanlar finaldakı o atmosferə kölgə salırlar. “Qəbələ”nin doldurduğu bütün sektorlarda ajiotaj var idi, insanlar ağlayırdılar. Əgər futbolumuzu inkişaf etdirmək istəyiriksə, lazım gəlsə, azarkeşləri stadionlara məcbur gətirməliyik. Onları 1-2 dəfə gətirsən, sonradan özləri gələcəklər. O ki qaldı finalda azarkeşləri məcburi gətirməyə, tribunadakı atmosferi görsəniz, bunun belə olub-olmadığını bilərsiniz. Çətini azarkeşi stadiona gətirməkdir.

 

“Liderlərimiz çökdülər, başqa plana keçdik”

– Qış fasiləsindən sonrakı enişin yeganə səbəbi yəqin ki, zədə deyildi. Başqa hansı səbəb var idi?

– Futbol klubu elədir ki, sənin minimum 3 lider futbolçun olmalıdır. Çünki oyunlar zamanı bu 3 oyunçudan heç olmasa biri komandanı arxasınca aparmalıdır. Adicə ən sistemli komanda olan “Qarabağ”da da lider futbolçular oynamayanda komanda problem yaşayır. Bizim liderlər axsadılar. Başqa planlara keçmək məcburiyyətində qaldıq. Kənardan deyildiyi kimi, nizam-intizamla bağlı bir problem olmadı. Sadəcə olaraq, liderlər çökdülər, biz də başqa alternativə keçdik. Ebesilio və Leonardo formadan düşmüşdülər, top onlara gələn kimi, onu itirirdik. Məcburiyyətdən müdafiə olunurduq. Nə qədər müdafiədə oturmaq olar?

– Leonardonun uzun müddət ehtiyatda oturmaması sırf formada olmaması ilə bağlı idi?

– Biri var futbolçu formada deyil, onu düzəltmək istəyir, biri də var tənbəllik edir, öz üzərində işləmir. Leonardo da tənbəl davrandı. Məşqçinin əlində bir futbolçu yoxdur ki, yalnız onunla məşğul olsun. Gərək futbolçunun öz canında olsun. Məsələn, Subotiç və Ebesilio məşqdən sonra öz istəkləri ilə qalıb üzərlərində işləyərdilər. Maratın peşəkarlığına isə söz ola bilməzdi. Oyunu alınmayanda belə, həm meydançada, həm də ondan kənarda necə peşəkar davranmaq lazım olduğunu göstərdi.

– Qış fasiləsində 2 mərkəz müdafiəçisi alındı — Erqaşev və Santos. Halbuki komandanın dayaq yarımmüdafiəsində problem var idi. Dodonun bu mövqedə oynaması buna əyani sübut idi. Fasilə zamanı yarımmüdafiəçi almaq fikriniz olmamışdı?

– Əslində dayaq yarımmüdafiəçisi axtarırdıq. Amma məşqçi bəzi müdafiəçilərimizdən narazı idi. Dodonu da orta sahədə yoxladıq və gördük ki, yaxşı çıxış edir. Bu üzdən də müdafiəni gücləndirmək qərarına gəldik. Syomin deyirdi ki, Dodonun çox böyük iş qabiliyyəti var, amma cinahda bunu tam aça bilmir. Ortada isə iş daha çox olur və Dodo da bu yükü çiyninə alacaq gücdədir.

 

“Syomin bizə səbirli, sakit olmağı öyrətdi”

– Həm futbolçu, həm də məşqçi kimi, bir çox baş məşqçi ilə birgə çalışmısınız. Syominin digərlərindən fərqi nədə idi ki, ilk ilindəcə nəticə verdi?

– Bəzən elə hallar olurdu ki, biz çılğın davranır, tez qərar verirdik. Elə bilirdik ki, düzgün hərəkət edirik. Amma Syomin bizə səbirli, sakit olmağı öyrətdi, futbolçuları oyuna necə kökləmək lazım olduğunu əla bilirdi. Futbolçudan potensialına görə yararlanmağı bacarırdı. Elə bu cəhəti onun uğur qazanması üçün kifayət edirdi.

– Avrokubok öncəsi komandada baş məşqçi dəyişikliyinin mənfi təsiri olmaz ki?

– Əsas heyətdə köklü dəyişiklik olmayacaq. Digər tərəfdən Dorniel Muntyanunun da dərhal taktiki dəyişiklik edəcəyini düşünmürəm. Yeni baş məşqçi futbolun sadəliyini istəyir. Yəqin ki, öz istədiyi taktikanı çempionat oyunları zamanı tətbiq etməyə başlayacaq. Bu heyət də elə indiki sistemi tələb edir. Amma sonradan ediləcək transferlərə görə sistemdə dəyişiklik edə bilər.

– Avrokubokda “Qəbələ”dən hansı nəticəni gözləyək?

– Liderlərin oyunundan, matça köklənmədən çox şey asılı olacaq. Futbolda motivasiya ilə hər şey eləmək olar. Sadəcə olaraq, həmin motivasiyanın arxasında güc olsun. Gücün varsa, başın da işləyəcək. Hər halda biz Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq.

Ruslan Sadıqov