Futbolumuzu niyə qaralamışıq?

506

Biz futbol aləmimizi, bu sahə ilə məşğul olanları yaman qaralamışıq. Odur ki, hər dəfə futbolumuzdan söhbət düşəndə onu topu tutaraq təxminən belə deyirik: “Milyonlarla vəsait xərclənir, futbolçular üçün hər cür şərait yaradılır, amma futbolumuz hələ də dünya miqyasında kifayət qədər tanınmır, bəs niyə futbolumuz bu gündədir?”

Bəri başdan onu da deyim ki, bu sözləri yazmaqla futbol rəsmilərimizə əsla yarınmaq fikrində deyiləm. Heç mənim adım onların dəftərində belə yoxdur. Olsa idi, mən də bu və ya digər klubumuzun xaricdə keçirdiyi hər hansı bir oyununda bir jurnalist kimi, yəqin ki, heç olmasa bir dəfə təmsil olunardım. Təmsil olunanlarla müqayisədə özümü o qədər də zəif hesab etmirəm. Yenə, xülasə, ümumiyyətlə, yarınmaq mənə yad ünsürdür.

Bu yazıda heç futbolumuzun niyə bu gündə olmasının səbəblərini göstərmək fikrində də deyiləm. Elə zənn etməyin ki, səbəblərini bilmirəm. Vallah-billah, bilirəm, amma yazmıram. Çünki bu barədə o qədər yazılıb ki, o qədər deyilib ki… Odur ki, mən bu xora bir daha qoşulmaq istəmirəm.

Bəs belə yazmaqda məqsədim nədir? İndi deyirəm. Ay futbolumuz niyə bu gündədir deyən məsləkdaşlarım, soydaşlarım? Məgər ölkəmizdə yalnız bu sahəyə vəsait qoyulur, yalnız bu sahənin inkişafına şərait yaradılır? Məgər idmanın voleybol növünə fikir verilmir? Verilir axı? Amma nədənsə onu futbol kimi hallandırmırıq, başqa sözlə desək, niyə voleybolumuz bu gündədir demirik? Bunu da qoyuram bir kənara… Gəlirəm tam mətləb üstünə… İndi elə bir sahə varmı ki ona maya qoyulmasın, onu günün tələbləri səviyyəsinə çatmasına çalışılmasın? Amma ortada elə bir uğurumuz yoxdur. Elə bu səbəbdən dünyada hələ də brendlərimizə az-az rast gəlinir. Halbuki vətənimizi dünya bazarında təmsil edə biləcək çoxlu sayda nəsnələrimiz var. Amma onlardan kifayət qədər yararlana bilmirik. Bəli, bir vaxtlar Azərbaycan şərabları tanınırdı. Ancaq sonrakı dövrdə biz MDB daxilində belə Gürcüstanla rəqabət apara bilmədik. Eşitdiyimə görə, Azərbaycan narının Avropada kifayət qədər böyük bazarı var. Amma bəzi problemlər ucbatından Avropa bazarında bu məhsulun çox böyük əhatə dairəsinə malik olan brendinin formalaşmasını təmin edə bilmirik. Yaxud da elə məhsullarımız var ki, dünyaya əksər hallarda Türkiyə brendləri adı altında çıxarılır. Niyə? Çünki adi qablaşdırmanı, etiketləşdirməni, sənədləşdirməni, sertifikatlaşdırmanı Avropa standartlarına uyğunlaşdıra bilmirik. Yəqin, deyəcəksiniz bəs neft? Unutmayın ki, neft erası da artıq bitməkdədir. Ona görə də, Azərbaycanımız indən belə neft amili ilə qürrələnə bilməyəcək.

Elə isə bəs niyə çığır-bağır salmırıq? Çığır-bağır salmaq o yana e… heç səsimizi də çıxarmırıq. Niyə bu məsələyə cavabdeh olanları futboldakılar kimi quru yuyub yaş sərmirik? Sanki bu, belə olmalıymış kimi rəftar edirik. Mən bunu əsla başa düşə bilmirəm. Elə isə bəs niyə onları qınamırıq? Yoxsa gözünüz ancaq futbolumuzu görür? Olmaya dünyaya yalnız futbolla çıxmaq alnımıza yazılıb, hə?

QVAMİ MƏHƏBBƏTOĞLU