“Futbolumuza yarımhücumçu da lazım olacaq”

0
467

Kim nə deyir desin, bizim futbol aləmimizdə o qədər qəribəliklər var ki… Mən bu aləmimizdə kök salmış qəribəliklərdən söz açıb vaxtınızı almaq istəmirəm. Sadəcə, yenilərinə diqqət yönəltmək fikrindəyəm.

Bəli, son illər futbol aləmimizdə bir qəribəliyimiz də özünü göstərir. Məsələn, iki oyun dalbadal məğlub olan komandanın baş məşqçisi deyir ki, bəs bu, normal haldır. Mənim fikrimcə, bu, məğlubiyyətə yeni don geyindirməkdən başqa bir şey deyil. Məğlubiyyətdən söz düşmüşkən, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da uduzmaqla bağlı məsələyə çox qəribə yanaşmağa başlayıb. O hətta deyib ki, bəzən məğlub olduğum oyunlardan daha çox razı qalıram. Bəziləri isə yeni bir aforizm formalaşdırıblar: “Yaxşı oynayıb, uduzmaq daha yaxşıdır, nəinki pis oynayıb qələbə qazanmaq”. Sual olunur, məgər hər bir yarışda son sözü nəticə demirmi? Deyir, elə isə bu cür ifadələrlə özümüzə təsəlli verməyimiz yetməzmi?

Bəli, indi hamı ondan danışır… Düz tapmısınız millimizin yen baş məşqçisi Robert Prosineçkini deyirəm. Yəqin, deyəcəksəniz, balam sən ona nə verib, nə ala bilmirsən axı, həftə səkkiz mən doqquz elə ondan söz açırsan? Olmaya baxım-görüm edib? Sizin nə fikirləşdiyiniz əsla vecimə deyil. Çünki onun elə qəribəlikləri var ki… Bəli, bizim məmləkətə gələn hər bir baş məşqçi özü ilə bir şey gətirir. Məsələn, deyilənlərə görə, Berti müəllim Foqts bizə özü ilə alman mədəniyyəti, nizam-intizamı, üstəlik, müdafiədə lövbər salıb oturmaq azarını gətirmişdi. Yeni baş məşqçi Robert Prosineçki isə nə gətirsə yaxşıdır? Fəlsəfə. Hə, hə, fəlsəfə… Bəri başdan deyim ki, mən fəlsəfənin incəliklərindən söz açıb filosofluq etmək istəmirəm. Bəli, cənab Robert məmləkətimizə qədəm basan gündən elə öz fəlsəfəsindən danışır. Bu təbiidir, çünki tarixə müraciət etsək, görərik ki, Platonun da öz fəlsəfəsi olub, Bəhmənyarın da, üstəlik, Nəsiminin…də. Bu mənada bu kişinin fəlsəfəsinin olması olduqca təbiidir. Hətta deyərdim ki, təbiidən də təbiidir. Belə getsə, o öz fəlsəfəsi ilə futbol tariximizdə qalacaq.

Mən onun fəlsəfəsini dərk etmək üçün, sözün düzü, çox baş sındırdım ki, axı onun fəlsəfəsi nədən ibarətdir? Uzun araşdırmalardan sonra belə qərara gəldim ki, Robert Prosineçki Belqrad “Srvena Zvezda”sında, “Barselona” və Madrid “Real”ında çıxış edərkən dünyanın ən yaxşı futbolçularından olub və onun fiziki, texniki, taktiki futbol anlayışı hücum üzərində qurulub. Yəni onun fəlsəfəsi Xorvatiya və İspaniya futbolu üzərində qurulub. Başqa sözlə desək, bu o deməkdir ki, onun fəlsəfəsi hər iki ölkənin futbol anlayışının sintezidir. Amma son anda qorxuram ki, bizim futbolçular bu sintezi qəbul edə bilməsinlər. Yəni əlimiz hər şeydən çıxar. Xorvatlarda belə bir misal var, ya yox bilmirəm. Amma bu cənabın nəzərinə çatdırmaq istəyirəm ki, bizim tərəflərdə belə bir məsəl var: Əli aşından da olmaq, Vəli aşından da olmaq. Nə isə… Onun əsas futbol anlayışı və tərzi topu yaxşı saxlamaq və hücum etməkdir. Yenə deyirəm, millimizin əvvəlki baş məşqçisi Berti Foqts müdafiə futboluna üstünlük verdiyi üçün daim tənqid olunurdu. Ona görə də bu kişi bura gələn gündən öz təbirincə desək, hücumameyilli futbolçu axtarışındadır. Allah işini avand etsin…

Amma görünən bu ki bu kişinin işi o qədər də yaxşı getmir. Vallah, qorxuram, sabah Robert müəllim deyər ki, mənim bu futbol fəlsəfəmi reallaşdırmaq üçün yaxşı yarımhücumçuya da ehtiyac var. Belə bir oyunçu axtarışı üçün dünya turnesinə çıxmaq istəyirəm. Əks halda, komandam hücumameyilli oyun nümayiş etdirə bilməyəcək. Bununla da o, futbolumuzu yarımlarla zənginləşdirməyin əsasını qoyacaq. Ola bilsin ki, bu sözlərim sizə gülməli görünə. Lakin burada gülməli heç nə yoxdur.

Başqa qəribəliyimizin isə heç bir analoqu belə yoxdur. Belə ki, Azərbaycanımızda futbol matçları oyunlar, demək olar ki, camaatın iş saatlarında, necə deyərlər, günün günorta çağı keçirilir. Sonra da deyirlər ki, bəs futbolumuzun azarkeşlik edənlər yoxdur. Bu oyunları təşkil edənlərdən soruşuram: məgər camaat işini-gücünü atıb oyuna baxmağa gəlməlidir? Axı indi elə zəmanədir ki, camaat bir parça çörəyinin dalınca qaçmasa, ac qalar. Amma mənə elə gəlir ki, bu oyunlar ona görə gündüz saatlarında keçirilir ki, həmin oyunları təşkil edənlərin axşamlar dürlü-dürlü işləri olur. Onların axşamlar hansı işlərlə məşğul olduqlarını deyib özümü yandırmaq istəmirəm. Qorxuram ki, köşəmi topa tutarlar. Əşi, heç bundan da qorxum yoxdur. Kim olacaq mənə güldən ağır söz deyən. Deyən olsa, mən də onlara belə bir hikmətli rəvayət söyləyərəm, həm onlar rahatlıq taparlar, həm də mən. Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə sənin zülmkarlığından danışır. Teymur hirslənib Mollanı hüzuruna çağırıb deyir:

– Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər, məclislərdə mənim zülmkarlığımdan danışırsan.

– Qibleyi-aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş olsun. Sənin zülmkarlığın hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here