Futbola bələnən müəllim ömrü

161

 

42 il ömür sürmüş Bədrəddin Ömərovla bağlı bu yazını yazmağa başlayanda onu sizə necə təqdim edəcəyim barədə çox götür-qoy etdim. Odur ki, uzun müddət iki yol ayrıcında qaldım: ondan ali savadlı ingilis dili müəllimi, yoxsa həvəskar idmançı kimi söz açım? Son anda belə qərara gəldim ki, yazını onu daha yaxından tanıyanların söylədiklərinə istinadən yazım, qoy seçimi oxucularım  özləri etsinlər.

 Ailəsi və özü barədə bir neçə kəlmə

Ömərov Bədrəddin Əlfəddin oğlu 7 dekabr 1946-cı ildə Alpan kəndində anadan olub. Atası Ömərov Əlfəddin Şöhlət oğlu adi arabaçı, o dövrün təbirincə desək, kolxozçu olub. (Məlumat üçün qeyd edək ki, Şöhlət kişi və həyat yoldaşı Oğlangərək cütlüyündən 3 uşaq – Əlfəddin, Nəcməddin, Şəmsəddin (o, gənc yaşlarında qətlə yetirilib) və bir qız dünyaya gəlib).

Bədrəddin uşaq yaşlarında olarkən anası Tovuz xanım (molla Yaşar Həmidovun xalası) “Hacının bağı” deyilən yerdə ağacdan gilas yığarkən yıxılıb. 4 övladı olan (Tusiyyə (birinci həyat yoldaşından), Nadiyə adı ilə tanınan Asiya, Bədrəddin, Leyla) Tovuz xanım bu hadisədən  bir müddət sonra haqqın dərgahına qovuşub. Onu analığı Hökmə (Ağababa müəllimin bibisi) adlı qadın boya-başa çatdırıb.

Deyilənlərə görə, Bədrəddin zəhmətkeş olub. O, hələ uşaq yaşlarından meşələrdən odun, çöllərdən ot, meyvə bağlarından alma-armud gətirər, bu yolla ailəsinə yardımçı olmağa çalışardı. Belə hallarda o, adətən əgər belə demək mümkünsə, qan-tər içində olardı…

Alpan kənd orta məktəbini bitirən ili Bədrəddinin ali məktəbə qəbul olunmaq cəhdi baş tutmayıb. Onun yaxın dostu, orta məktəbdə onunla eyni sinifdə təhsil alan Kamil Qədirovun sözlərinə görə, Bədrəddin Bakıda 14 saylı peşə məktəbində neftçıxarma operatoru peşəsinə yiyələnib və bir neçə ay bu sahə üzrə işləyib. Növbəti ildə Bədrəddin  Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakultəsinə qəbul olunub.

Tələbəlik illəridən fraqmentlər

Tələbəlik illərində yataqxanada yaşayan Bədrəddin Ömərov öz fəallığı ilə seçilib. Bir neçə ay tələbə yataqxanasında onunla eyni otaqda qalmış Neman Qədirbəylinin dediyinə görə, dərslərini yaxşı oxuyan Bədrəddin yoldaşları arasında böyük hörmət sahibi olub. O, yaxşı oxumaqla yanaşı, təhsil aldığı ali məktəbin idman şərəfini də qoruyub. Belə ki, ali məktəb illərində futbolla daha çox maraqlanan Bədrəddin bir müddət təhsil aldığı institutun futbol üzrə komandasının üzvü olub. Hətta onun komandası  institutlararası respublika birinciliyində ikinci yerə layiq görülüb. Bu uğurda komandanın birinci dərəcəli oyunçusu sayılan Bədrəddinin kifayət qədər zəhməti olub.

Haşiyə

Deyilənlərə görə, sonradan Xalq artisti adına layiq görülmüş Elmira Rəhimova Bədrəddinin kurs yoldaşı olubmuş, özü də yaraşıqlı, qabiliyyəti ilə seçilən bu oğlana  vurulubmuş. Lakin atası Əlfəddin kişi şəhərli qızını qəbul etmək istəmədiyindən Bədrəddin bu sevdadan vaz keçibmiş. Burada Əlfəddin kişinin hökmü ilə bağlı bir məqama da toxunmaq istərdik. Bədrəddin müəllimin oğlu Rövşən eşitdiklərinə istinadən dedi ki, idmanın güləş və futbol növlərinə böyük marağı olan Bədrəddin hələ orta məktəbdə təhsil alarkən Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (1999-cu ildən  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası adlanır) qəbul olunmaq istəyibmiş, lakin atası onun bu arzusuna qarşı çıxıbmış. Bu mənada demək olar ki, sonradan onun idmana olan böyük marağı elə uşaqlıq arzularından qaynaqlanıb.

 

Haşiyə

“Tərəqqi” medallı Əməkdar həkim Cabir Məmmədovun yaddaşından: “Səmimi, qəlbi təmiz Bədrəddin müəllimlə mənim dostluğum tələbəlik illərimizdən başlayıb. Belə ki, mən və Ağababa müəllim ali məktəbdə təhsil alanda Heydər Əliyev sarayının yaxınlığındakı bağın qarşı tərəfindəki “Sputnik” çayxanasında onunla tez-tez görüşərdik. Yanında həmişə Qazax rayonundan olan tələbələr olardı. Orada  idmanla – güləşlə, xüsusilə Bədrəddin müəllimin incəsənətin bir növü adlandırdığı futbolla bağlı diskusiyalar  aparardıq. Bu diskusiyalar zamanı futbol bilicisi kimi tanınan Bədrəddin müəllimin arqumentləri daha tutarlı olardı.

Yay tətili günlərində kənddə olarkən  digər dostlarımızla birgə Şahnabata, Qarabulağa gedər, mənalı istirahət edərdik. O zaman bir-birimizin evində çolpa qonaqlığı təşkil etməyi, stolüstü oyunlar keçirməyi isə ənənəyə çevirmişdik. Valideynlərimiz də canla-başla qulluğumuzda dayanardılar. Bir sözlə, elə mehriban idik ki… Sözün düzü, mən indiki tələblər arasında belə mehribançılığı müşahidə etmirəm”.

Əmisi oğlu Əlif Ömərovun yaddaşından: “Tələbəlik illərində Bədrəddin azarkeşi olduğu “Neftçi”nin bir oyununu buraxmazdı. “Neftçi”nin qollarına həmişə özünəməxsus çılğınlıqla reaksiya verərdi. Hətta eşitdiyimə görə, hansısa oyunda “Neftçi” ikinci qolunu vuranda sevincini atılıb-düşməklə qeyd edən Bədrəddin müəllimi arxa cərgədəki azarkeşlərdən biri “sakitləşdirmək” istəyibmiş. Pəhləvan cüssəli Bədrəddin müəllim onun sevincinə xılt qatmaq istəyən həmin şəxsi  başı üzərinə qaldıraraq ön cərgələrə atıbmış”.

Qeyd edək ki, Bədrəddin müəllimin “Neftçi”yə olan sevgisi  öz ixtisası üzrə işləyərkən davam edib. Oğlu Rövşənin sözlərinə görə, hətta o, ən vacib işlərini belə bir kənara qoyaraq sevimli komandasını dəstəkləmək məqsədilə çalışdığı kəndlərdən Bakıya gələrdi: “Hərdən məni də özü ilə aparardı. Bir sözlə, atam, əgər belə demək mümkünsə, futbolla nəfəs alardı. Buna rəğmən, o, öz ixtisasına da ciddi yanaşardı”.

Öz ixtisasının bilicisi

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirdikdən sonra Bədrəddin Ömərov Qubanın Rustov kəndində pedaqoji fəaliyyətə başlayıb. O, bu məktəbdə savadlı, bacarıqlı müəllim kimi tanınıb. Neman Qədirbəylinin sözlərinə görə, hətta rayon Maarif şöbəsi onun iş təcrübəsini rayon müəllimləri arasında yaymaq məqsədilə müvafiq addımlar atıb. Bədrəddin müəllim Rustov məktəbində yalnız öz fənninin tədris etməklə kifayətlənməyib. O, bu məktəbin güləş, futbol aləminə bir canlanma gətirib. Elə bu səbəbdən bəziləri onu həmin kənddə həm də bədən tərbiyəsi müəllimi kimi qəbul edirdilər. Molla Yaşar Həmidov da Bədrəddin müəllimin həmin kənddə çox sevildiyinin şahidi olduğunu bildirdi.

Bədrəddin Ömərov 1976-1988-ci illərdə Alpan kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib. Bu illərdə, eləcə də bundan öncəki illərdə o  istər kəndin, istərsə də məktəbin idman həyatında müəyyən izlər qoyub. Belə ki, onun rəhbərliyi altında məktəblərarası, kəndlərararası yarışlar təşkil edilib. O zaman kəndimizin mükəmməl futbol komandası formalaşmışdı. Kəndlərarası yarışlara üstünlük verən Bədrəddin demək olar ki, bütün oyunlarda komandanın əsas heyətində hücumçu kimi yer alardı. Top pəhləvan cüssəli Bədrəddində olanda həmişə alqışlar qopardı. O da öz oyunu ilə bu alqışları doğrultmağa çalışardı. Bir sözlə, rəhmətlik öz mədəni səviyyəsi, təmkini, həm məktəbdəki fəaliyyəti, həm daə meydançalardakı uğuları ilə kəndimizdə hər kəsin hörmətini qazana bilmişdi.

Haşiyə

Yeri gəlmişkən, Bədrəddin hələ uşaqlıq, gənclik illərində güləşlə də  maraqlanıb.  Hətta bu sahə üzrə təltiflərə də layiq görülüb. Oğlu Rövşənin sözlərinə görə, Bədrəddin müəllim Gəncədə keçirilən hansısa yarışda qara ciyərindən zədə alıbmış.

Bir candadır Bədrəddin

Gənclik illərində isə  Bədrəddin müəllim futbolun, əgər belə demək mümkünsə, dəlisi olub. Hətta onu qarlı, yağışlı havalarda stadionda saatlarla futbol oynayan görmək olardı. Yay aylarında oyunlardan sonra tərli vəziyyətdə soyuq su, hərdən pivə içmək, çayda yuyunmaq onun adəti idi.

Bu yerdə Bədrəddin müəllimlə bağlı bir xatirəmi sizinlə bölüşmək istəyirəm: İli dəqiq xatırlamıram. Yay günlərinin birində məktəbdən çıxanda adını unutduğum bir şəxs məndən Bədrəddin müəllimi soruşdu. Mən stadion tərəfi göstərərək: “Yəqin orada olar”, – cavabını verdim.  Az sonra mən bu ifadəmi misralara çevirdim:

Deyim sizə, ay kişi,

Hayandadır Bədrəddin.

Qış, yay, payız, həm yazda

Meydandadır Bədrəddin.

 

Girib topla qol-qola,

Nəğmə qoşur hər qola,

Sanki topla – futbolla

Bir candadır Bədrəddin.

Bəli, o, futbola  bağlı şəxs idi, o, futbola aludə idi. Hətta o, futbolla məşğul olanda özünü belə unudardı.

Cabir Məmmədovun yaddaşından: ”Günlərin bir günü Ağababa müəllimlə məscidin tinində dayanmışdıq. Bu zaman əynində diklas plaş (onda diklas plaşlar modda idi), başında panama, boynunda qalstuk olan Bədrəddin müəllimin kəndə gələn marşrut avtobusundan düşdüyünü gördük. Onu elə uzaqdan görən kimi Ağababa müəllimə zarafatla dedim ki, bu ki, xalis katib libasındadır. Bədrəddin müəllim bizə yaxınlaşanda gördüm ki, ayağında futbol ayaqqabısı, o dövrün təbirincə desək, keta var. Dedim ki, ay Bədrəddin, axı bu diklasa, panamaya, qalstuka keta yaraşmır… Gülə-gülə dedi ki, bəs tələsik gəlirəm, avtobusa gecikməyim deyə ayaqqabımı dəyişməyə vaxtım olmayıb. Sən demə, o, işdən sonra futbol oynayıbmış. Başı oyuna necə qarışıbsa, bir də ayılıb görüb ki, kənd avtobusuna çatmayacaq. Odur ki, əlinə keçən paltarlarını geyinsə də, ayaqqabıları dəyişdirməyə müvəffəq olmayıb. Şübhəsiz, bu onun idmana, futbola bağlılığının bir əlaməti idi. Bir sözlə, demək olar ki, harada çalışmasından asılı olmayaraq, onun futbol oynamadığı gün olmazdı”.

Elə Maarif Əmkişiyev də Bədrəddin müəllimi belə xarakterizə etdi: “Mən sadə, gülərüz, zarafatcıl, uşaqla-uşaq, boyüklə-böyük kimi rəftar edən Bədrəddin müəllim həm də idman həvəskarı, bir sıra yarışların təşkilatçısı kimi xatırlayıram. Onun yaşadığı illərdə rayon üzrə futbol yarışları keçirilərdi. Bədrəddin Alpan komandasının əsas oyunçularından idi. Nərd, dama oyunlarının da həvəskarı idi. Onda yüksək təşkilatçılıq bacarığı vardı. Əfsuslar olsun ki, Bədrəddin müəllim dünyasını çox tez dəyişdi. Allah rəhmət eləsin”.

Ayrılmayan dostlar və yaxud “Kamibədi”

Kamil Qədirov Bədrəddinin həm uşaqlıq, həm də gənclik illərinin dostu olub. Hətta onları məclislərdə, küçədə ayrı təsəvvür etmək mümkün deyildi. Çox vaxt bu cütlüyə “Kamibədi” deyərdilər.

Kamil Qədirovun yaddaşından: “Mən orta məktəbdə Bədrəddinlə eyni sinifdə oxumuşam. Onunla dostluq etmişəm. Bizim həqiqi dostluğumuz bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılıb. Biz hətta orta məktəb illərindən sonra bir-birimizdən ayrılmamışıq. Hətta ali məktəblərə sənəd təqdim etmək məqsədilə Bakıya eyni gündə gəlmişik, ali məktəb arzumuz baş tutmayanda  onunla birgə eyni peşə məktəbində oxumuşam. İkinci il onunla birgə ali məktəbə sənədlər təqdim etdik və ikimiz də qəbul olunduq. Onu da deyim ki, Bədrəddin müəllim Cabir həkimlə, Balaqızın oğlu Rafiq müəllimlə, Ağababa müəllimlə, Akif müəllimlə, Eldar müəllimlə, həmçinin məktəbimizdə bir zamanlar kimya fənnini tədris edən Umud müəllimlə (o başqa kənddən idi) də dostluq edərdi.

Dostum olmasına baxmayaraq, mən futbol oynayanda Bədrəddinin komandasında çıxış etməmişəm. Yəni həmişə ona rəqib olmuşam. Onun uduzmaqla heç arası yox idi. Odur ki, komandası hərdən uduzanda dilxor olar, ya da oyunun vaxtını uzatmaqla öz istəyinə nail olmağa çalışardı. Hə, onu da deyim ki, o öz komandasına “Əfsanə” adı vermişdi. Günlərin bir günü mənə dedi ki, sən də komandana bir ad qoy. Mən də: “Yaxşı”, – deyib əlavə etdim ki, sən “Əfsanə”sənsə, mən də “Həqiqət”əm. Bu söhbətdən sonra mən komandama “Həqiqət” adını verdim.

Bədrəddin müəllim həm də yaxşı voleybol oynayardı. Hətta  onun hərdən bir neçə nəfərə qarşı voleybol oynadığının və qalib gəldiyinin dəfələrlə şahidi olmuşam”.

Xəstəliyin cəngində

İllər sonra Bədrəddin müəllimin yay aylarında oyundan sonra tərli halda soyuq su, soyuq pivə içməsi öz “sözünü” deyir. Başqa sözlə desək, kabusuna çevrilir.

Belə ki, onun səhhətində problemlər yaşanır. Həmin günləri xatırlayan Cabir həkimin sözlərinə görə, o, Quba rayon Mərkəzi Xəstəxanasında qara ciyər sirrozundan əziyyət çəkən Bədrəddin müəllimin müalicəsi ilə bir müddət ciddi məşğul olub: “Amma bütün cəhdlərə baxmayaraq, vəziyyətinin getdikcə pisləşdiyinin fərqinə vardım. Odur ki, o, Bakıya-Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərildi. İndiyədək yadımdadır, o məndən özünün həqiqi vəziyyətini öyrənmək istəyirdi. Tez-tez də soruşardı: “Doktor, mən sağalacağammı?” Həqiqəti demək isə bir həkim kimi mənim üçün olduqca çətin idi. Odur ki, ona təsəlli verməklə kifayətlənirdim. Amma …”

Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən Bədrəddin Ömərov 28 aprel 1988-ci ildə haqqın dərgahına qovuşub.

Rahib Sədullayevin yazdıqlarından: “Rəhmətlik Bədrəddin Ömərov kəndimizdə ingilis dili müəllimləri nəslinin ən layiqli nümayəndələrindən, rəhmətlik Abdulməcid müəllimin yetirmələrindən biri idi. Zahiri görünüşcə pəhləvan cüssəli, daxilən çox mehriban, səmimi bir gənc idi. Çox gözəl idmançı idi. Əla futbol oynayırdı.

Rəhmətlik öz mədəni səviyyəsi, təmkini ilə kənddə hər kəsin hörmətini qazana bilmişdi. Hər kəs bilir ki, hərəmiz bir qismətə bağlıyıq. Bir həqiqət də var ki, Allahın bizlərə bəxş etdiyi ən gözəl nemətlərdən olan gəncliyin qədrini əldən getməmiş bilmək lazımdır. Sonra gec olur. Bu gün ailəsi, ovladları, nəvələri onun əziz xatirəsini layiqincə yaşadırlar”.

Ailəsi barədə bir neçə kəlmə

Bədrəddin müəllim 1973-cü ilin oktyabr ayında Sədrəddin kişinin qızı Accagül xanımla ailə qurub. Bu izdivacdan  5 övlad (3 oğlan – Rövşən (1974), Ruslan (1979), Əlfəddin (1982)və 2 qız-İlhamə (o, 1995-ci ildə dünyasını dəyişib),  Elmarə dünyaya gəlib.

Dadaşova Aytən Ərzuman qızı ilə ailə quran və 3 övlad ( İlhamə, Nərgiz, Elton) atası olan böyük oğlu Rövşən Baku Steel Companyda qaynaqçı işləyir.Bakı Metropolitenində bir müddət maşinist kimi fəaliyyət göstərmiş kiçik oğlu Əlfəddin  hazırda özəl şirkətlərin birində mühafizəçi kimi çalışır. Onun Salmanova Məhbubə Zeynal qızı ilə izdivacından Səbinə, Cansu, Emil adlı övladları var.

Bədrəddin müəllimin ikinci oğlu Ömərov Ruslan Bədrəddin oglu isə 2002-ci ilin fevral ayında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizirlər kursunda hərbin sirlərinə yiyələnib. 2002-ci ilin avqust ayının 19-dan 2019-cu ilin fevral ayına qədər Tovuz rayonu ərazisində yerləşən “N” saylı hərbi  hissədə çalışıb. 2019-cu ilin fevral ayının 19-dan 2019-cu ilin noyabr ayının 20-ə kimi Daşkəsəndəki hərbi hissədə xidmətini davam etdirib. Bundan sonra o, yenidən Tovuzda yerləşən hərbi hissədə fəaliyyət göstərib. Və 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edib. Ruslan Ömərov, həmçinin 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ muharibəsində də ön cəbhədə olub. O, 2021-ci ilin sentyabr ayının 4-də baş gizir kimi ordu sıralarından tərxis olunub. Məmmədova Gülşərəf Münasib qızı  ilə ailə həyatı quran Ruslanın  5 övladı (Elnar, Yusif, Togrul, Məryəm, Mədinə) var.

Qvami Məhəbbətoğlu (Rəsulov)