“Futbolçunun ən böyük arzusu dünya çempionu olmaqdır”

583

“Barselona”nın və Argentina yığmasının superulduzu Lionel Messi haqqında nə qədər danışsan, azdır. 27 yaşlı futbolçu çoxlarının qəlbində özünə əbədi taxt qurub. Bu yaşına qədər saysız-hesabsız uğurlar əldə edən Messi ölkəsinin mətbuatına müsahibə verib. O, müsahibəsində dünya çempionatı haqda danışıb. Bundan əlavə, futbola gəlişi və digər məsələlər ətrafında söhbət açıb.

“Dünya çempionu olmaq futbolçunun ən böyük arzusudur. Argentinalı üçün isə xüsusilə. Braziliyada dünya çempionatının keçirilməsi intriqanı bir qədər də artırır. Çempion olmaq üçün var gücümüzdən istifadə edəcəyik. Ancaq unutmaq lazım deyil ki, mundialın qalibi olmaq çox çətindir. Düzdür, artıq finala vəsiqə qazanmışıq. Amma arxayınlaşmamalıyıq. Bizi Almaniya ilə çətin oyun gözləyir”

“Doğma məhəlləmdə 3-4 yaşım olanda oynamağımı təsəvvürümdə çətinliklə canlandıra bilirəm. Mənim hətta böyük topla uşaqlıq şəklim də var. O vaxt top mənə, həqiqətən də, böyük görünürdü. Ancaq mənim futbola sevgim elə dərəcədə çox idi ki, topun böyüklüyünü problemə çevirmirdim (gülür). Yəqin ki, elə o vaxtdan oynadığım üslub formalaşıb. Uşaq yaşlarımdan bəri, demək olar ki, heç nə dəyişməyib. Onda necə oynayırdımsa, elə indi də həmin tərzdə oynayıram”.

“Boyuma görə heç vaxt məni qıcıqlandırmayıblar. Baxmayaraq ki, mən hər yerdə – həm komandada, həm də məktəbdə ən bəstəboy olmuşam. Ancaq məndə belə bir kompleks olmayıb. Nə də ki, ətrafımdakılar boyuma görə mənimlə zarafat ediblər”.

“Mənim oyun üslubum həmişə eyni cür qalıb. Mən heç vaxt onu axtarmamışam, həmişə mənimlə olub. “Barselona” isə mənə fundamental şəkildə futbolun və komandanın nə olduğunu dərk etdirib. Burada mənə oynamağı və düşünməyi komanda maraqlarına qurban verməyi öyrədiblər. Argentinada isə hər şey fərqli idi. Qaç, oyna, nə istəyirsən elə. Məhz “Barsa”da mən taktikanın nə olduğunu anladım. Dərk etdim ki, futbolçu təkcə özü üçün yox, komanda üçün oynamalıdır. Qələbələr fərdi şəkildə deyil, komanda şəklində qazanılır”.

“Əksəriyyət məndən nə ilə qidalandığımı soruşur. Bu barədə çox danışdıqları doğrudur. Mən hamı kimi qidalanıram. Ola bilər ki, bəzi təamları az yeyirəm. Balığa daha çox üstünlük verirəm. Çünki balıq əti cana xeyirlidir”.

“Şöhrətlə necə bacarıram. Çox sadə. Özümün nə vaxt yaxşı, nə vaxt da pis oynadığımı çox gözəl bilirəm. Birinci tənqidçi məhz özüməm. Ona görə də kimlərinsə sözləri mənə təsir göstərmir”.

“Topu qəbul edərkən əvvəlcə onu rəqib komanda qapısına daha da yaxınlaşdırmağın ən yaxşı yolunu seçirəm. Sonra isə hər şey özü alınır. Zəif tərəflərimi aradan qaldırmaq üçün çalışıram. Lazım olan miqdarda fiziki kondisiyalarımı yaxşılaşdırmaq üçün trenajor zalında da işləyirəm. Lakin hər bir kəs kimi mənim də trenajor zalından xoşum gəlmir. Ona görə də boş vaxtım olan kimi ora qaçdığımı deyə bilmərəm”.

“Həm Xavi, həm də İnyesta dahi futbolçulardır. Onlardan hər zaman nəsə öyrənmək olur. Onlar bir-birinə çox bənzəyirlər. Düzdür, fərqli cəhətləri var. Amma fikrimcə, hər ikisinin “xəmiri” eyni yoğrulub. “Barselona”nın liderə ehtiyacı yoxdur. Hamı öz yerini və nə edəcəyini bilir”.

“Düzdür, son vaxtlar yarımmüdafiəyə daha çox meyl edirəm. Hər şey konkret oyundan asılıdır. Bəzi hallarda geriyə topu almaq üçün çox çəkilirəm. Lakin bu, qanunauyğunluq deyil. Əslində hücumda oynamaq o demək deyil ki, yalnız orada qalmalısan. Təkcə komanda yoldaşlarından nəsə gözləmək düzgün deyil. Gərək özün də özünə şərait yaradasan”.

“Məşq zamanı ikitərəfli oyunda uduzanda qəmgin oluram. Bu, “Barselona”nın hər bir futbolçusuna aiddir. Hamı məşqdə belə, məğlub olarkən üzülür. Bu xasiyyət bizi bir komanda kimi qələbəyə alışdırır. Məşq və ya oyunun mənim üçün o qədər də fərqi yoxdur. Uduzmağı sevmirəm. Udanda isə əhvalım yaxşı olur”.

“Argentinada olarkən vaxtımı yaxşı keçirirəm. Qohum-əqrəba ilə görüşməyi xoşlayıram. Hamı bir yerə toplaşdıqda özümü xoşbəxt hiss edirəm. Mən ailəmə, qohumlarıma bağlı insanam. Hamısı xətrimi çox istəyir”.

“Pele və Maradona ilə müqayisə olunmağım mənə xoş gəlir. Lakin belə bir fikir söyləmək hələ tezdir. Oğlum futbolçu olacaqmı? Buna özü qərar verəcək. Əvvəlcə böyüsün. Sonra özünün və anasının hansı peşə xoşuna gələrsə, onu da seçər. Əlbəttə ki, atasının da (gülür)”.

“Barselona”dan yeni mövsümdə uğurlu çıxış gözləyin. Neymarın gəlişindən sonra komandamız bir qədər də gücləndi. Ötən mövsüm bizim üçün o qədər də uğurlu alınmadı. Həm La Liqada, həm də Çempionlar Liqasında uğursuzluğa düçar olduq. Yeni mövsümdə əvvəlki “Barsa”nı xatırlatmağa çalışacağıq. Bütün turnirlərdə qalib olmaq niyyətindəyik. İnanıram ki, bu missiyanın öhdəsindən gələrək, azarkeşləriimizi sevindirəcəyik. Hər şey özümüzdən asılıdır. Mənim üçün “Barsa”nın uğur qazanması hər şeydən vacibdir”.