Futbolçularımızın qayıtması

0
485

Bəli, futbolçularımız qayıtdılar. Qış yuxusuna getmişdilər axı. Kimi Türkiyənin Antalyasında, kimi də ölkəmizdə. Özü də nə az, nə çox lap nağıllarımızdakı kimi 40 gün, 40 gecə qış yuxusunda oldular. Qış yuxusunda onların nələr gördüklərini mətbuatımız geniş işıqlandırıb. Elə bu səbəbdən bu barədə danışmaq istəmirəm. Bu dəfə mən sadəcə, qış yuxusundan sonra onların ilk oyununda, yəni Topaz Premyer Liqasının XIX turunda gördüklərindən söz açmaq istəyirəm.

Mən hələ bilirdim ki, Antalyada qış yuxusunda olanlar – “Qarabağ”, “İnter”, “Sumqayıt”, “Zirə” və “Qəbələ” öz fəallıqları ilə daha çox diqqəti cəlb edəcəklər. Amma belə olmadı, bu komandalardan “Zirə”ni çıxmaq şərtilə qalanları Biləcəridən bu yanda qış yuxusunda olmuşlarla keçirdikləri növbəti turun oyunlarından sonra meydançaları başıaşağı tərk etdilər. Bununla da qış yuxusundan sonra hələ özlərinə gələ bilmədiklərini ortaya qoymuş oldular (Gərək Antalyada toplanış keçirmiş “İnter” Antalyada toplanış keçirən “Zirə” ilə heç-heçə oynayaydı) Halbuki oradan qayıdanda hamı bir ağızdan deyirdi: “Təlim-məşq toplanışı çox səmərəli oldu. Nə planlaşdırmışdıqsa, hamısını həyata keçirə bildik. Buna həm Antalyada yaradılan əlverişli şərait, həm də yoxlama oyunları üçün seçilən sınaqçı komandalarla qarşılaşmalar sayəsində nail olduq. Düsünürük ki, Antalyada keçdiyimiz yaxsı hazırlıq qış fasiləsi ərəfəsində bizə uğurlar əldə etməyə çox imkan verəcək”. Burada deyiblər e… pişik isə ət hanı, ət isə pişik hanı?
Bu, bir daha sübut etdi ki, təlim-məşq toplantılarının hansı ölkədə keçirilməsinin bizim komandalar üçün bir o qədər də əhəmiyyəti yoxdur. Çünki onların oyunları Yevlaxda təlim-məşq toplantısı keçirəndən zəif oldu. Vallah-billah, onlar lap Amerikada belə hazırlıq keçsəydilər, yenə həmin göstəriciləri ortaya qoyacaqdılar. Onların Antalya səfəri mənə Seyid Əzim Şirvaninin “Müctəhidin təhsildən qayıtması” əsərini yadıma saldı. Şair bu əsərdə bizi Şirvandan təhsil almaq üçün Yaxın Şərqin mədəniyyət mərkəzlərinə getmiş bir gənc soydaşımızın macəraları ilə tanış edir. Adını müctəhid qoyan bu başabəla adam zəhmət çəkib uyarlı elmlərin əsaslarına yiyələnmək əvəzinə vətəndən gətirdiyi və sonra da ona müntəzəm olaraq göndərilən pulları göyə sovurur. Hər şeyin bir axırı olduğu kimi, şirvanlı “tələbə” də güya dərsini tamam edib vətənə qayıtmalı olur. Onu görünməmiş bir təntənə ilə qarşılayır, şərəfinə qurbanlar kəsir, böyük ziyafətlər verirlər. Müctəhid elə ilk çıxışındaca yazdığı əsərlərdən, şərh və təfsirlərdən ağız dolusu bəhs edir, dəmir yolunu isə şeytan əməli, teleqrafı iblisin uydurması elan edir, avamlar ona huş-guş ilə qulaq asırlar. Dinləyənlər arasında bir-iki nəfər onun yalan söylədiyini yaxşıca bilsə də, qaraguruh tərəfindən döyülüb şikəst qalmaq qorxusu ilə bir kəlmə də danışmır… Seyid Əzimin isə bu faciləli vəziyyətə münasibəti belə olur:
Tutalım elmə olmusan vasil,
Bu elmdən nədir bizə hasil?
Elə belə bir sualla da klub rəhbərlərinə müraciət etmək olar. Nədir, yoxsa siz də nədənsə qorxursunuz? Amma unutmayın ki, elə onlar da Seyid Əzimin “qəhrəman”ın günündədirlər. Vallah, düşünməyə dəyər, belə toplantılar bizə lazımdırmı?

Qvami