“Futbolçular hər çətinliyi görməlidirlər”

Üçüncü dövrənin startında paytaxtın “İnter” komandası ilə heç-heçə edən “Sumqayıt” iddialı rəqibdən xal ala bildi.
 Bəzi futbol adamları elə düşündülər ki, Sumqayıtlılar bu oyunda sürpriz ediblər. Əslində isə sumqayıtlılar mübarizliklərinin hesabına bir xalı qazanmışdılar. “Araz Naxçıvan”nın Topaz Premyer Liqasından imtinasından sonra hər tur bir komanda istirahət edir. Topaz Premyer Liqasının 20-ci turunda isə istirahət növbəsi Sumqayıtlılara çatdı. İstirahətdən sonra “Bakı” klubu ilə qarşılaşan “Sumqayıt” bu oyunda da sülh bağladı. Halbuki qış təlim-məşq toplanışı zamanı Sumqayıtlılar paytaxtın eyniadlı komandasını böyük hesabla məğlub etmişdilər. Hazırda “Sumqayıt” 18 oyuna 17 xal toplayaraq turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Topaz Premyer Liqasının 22-ci turunda, “Sumqayıt” klubunu son zamanlar baxımlı futbol sərgiləyən AZAL komandası ilə gərgin oyun gözləyir. Qış transfer dönəmində komandaya bir neçə yeni futbolçu qoşuldu. Onların “Sumqayıt” kollektivinə uyğunlaşmaları, komandanın növbəti oyunları və başqa suallara cavab almaq üçün klubun baş məşqçisi Aqil Məmmədovla əlaqə saxladıq.

– Topaz Premyer Liqasının üçüncü turunun ilk qarşılaşmasında başçılıq etdiyiniz komanda Bakının “İnter” klubu ilə qolsuz bərabərə qaldı. Bəzi futbol mütəxəssisləri bu nətcəni böyük sürpriz adlandırdılar. Siz necə düşünürsünüz, bu nəticə sürpriz idi, yoxsa gərgin əməyin qarşılığı?

– Həqiqətəndə futbolçularımız bu oyuna yaxşı hazırlaşmışdılar. Rəqibə ciddi yanaşdılar. Bu oyunun nəticəsinə sürpriz deyərək futbolçularımzıın əməyinə kölgə salmaq olmaz. Nəticə isə biz istədiyimiz kimi alındı.

– Komandanın yeni transferlərindən olan Pərdis Fərcad Azad həm “İnter”, həm də “Bakı” ilə qarşılaşmalarda oyuna sonradan daxil olur. Bu, nə ilə əlaqədardır?

– Siz də bilirsiniz ki, Pərdis Fərcad Azad altı ayadan çox idi ki, zədəli idi. O, ayağından əməliyyat olunmuşdu. Uzun müddət bu futbolçu məşq etmədi. O, hələ tam formada deyil ki, çıxıb 90 dəqiqə meydanda olsun. Azadın hələ ki, maksimum 30 dəqiqə meydanda olmağa gücü çatar. Buna görə də onu sonradan meydançaya daxil edirəm. Bunu etməyimin səbəbi isə bu futbolçunun oyun praktiası baxımından korluq çəkməməsidir.

– Uğur Pamuk komandanıza trasfer olunduqdan sonra hələ ki, debüt edə bilməyib. Bu futbolçu “Sumqayıt”ın düşərgəsinə qoşulubmu?

– Xeyr, Uğur Pamuk hələ də düşərgədə deyil. Sizə bildirim ki, biz Uğurla noyabr ayının ortalarında ilyarımlıq müqavilə imzaladıq.  “Xəzər Lənkəran”dan bizim kollektivə qoşulan Uğur Pamuk hələ o zaman zədəli idi. Onun dizinin bağları zədələnmişdi, bu zədə isə futbolda kifayət qədər ciddi zədədir. Müayinə üçün Almaniyaya gedən Uğur, əməliyyat olmasa da müalicə aldı. Hazırda isə onun vəziyyəti yaxşıdır, fevral ayının 17-də kollektivə qoşulacaq.

– Topaz Premyer Liqasında çox sıx təqvim var. Komandalar haradasa 8 günə 3 oyun keçirirlər. Bu hal futbolçulara və məşqçilərə necə təsir edir?

– Əlbəttə, çətindir. Ancaq həyatda asan iş yoxdur. Futbolun çətinliyi isə budur. Mən düşünürəm ki, futbolçular bu çətinliyi görməlidirlər. Çətinliyi görməyən futbolçu gələcəkdə belə hallarla üzləşdikdə tab gətirə bilmir. Ona görədə mən düşünürəm ki, futbolçular hər çətinliyi görməlidirlər. Təqvim PFL tərəfindən təsdiq olunub, asan və ya çətin də olsa biz bu oyunlarda iştirak etməliyik.

– Qış təlim-məşq toplanışı çərçivəsində sizin komanda Bakının eyniadlı komandasını 5:1 hesabı ilə məğlub etdi. Topaz Premyer Liqasında isə siz “Bakı” kollektivini məğlub edə bilmədiniz. Bu oyunda qələbə qazanılmamasına səbəb nə oldu?

– Yoladşlıq oyunu ilə rəsmi oyun bir-birindən tamami ilə fərqlidir. Futbolçular yoldaşlıq oyununa çıxarkən onlarda steres olmur, oyuna rahat çıxırlar, onlardan heç kim nəticə istəmir. Premyer Liqa oyunlarında isə futbolçuların üzərində məsuliyyət olur, onlar üç xal qazanmaq üçün mübarizə aparırlar. Deyərdim ki, biz “Bakı” ilə yaxşı oynmadıq. Bələkə də, bu oyunda bizim bəxtimiz gətirdi ki, məğlub olmadıq.

– Futbolçularınızın “Bakı” ilə oyunda yaxşı oynamamasının səbəblərini araşdırmısınızmı?

– Sabah bütün “Sumqayıt” kollektivi bir araya toplaşaraq iclas keçirəcəyik. Bu iclasda əsasən “Bakı” ilə oynanılan oyunda buraxılan səhvlər müzakirə olunacaq. Bəlkə də, yoldaşlıq oyununda “Bakı” komandasına 5:1 hesabı ilə qalib gəlməyimiz “Sumqayıt” kollektivində arxayınçılıq yartadı. Fikirləşirəm ki, bu oyundakı mənfi çıxışımız məhz bununla bağlıdır. Futbolçular elə fikirləşdilər ki, “Bakı” zəifdir, biz onları asanlıqla məğlub edəcəyik. Ancaq nəticə istədikləri kimi olmadı. Rahatlıqla heç bir qələbə qazanılmır. Qələbə qazanmaq üçün futbolçuda istək və əzm olmalıdır.

– Növbəti oyununuz AZAL komandasına qarşı olacaq. Bu oyuna hazırlıqlar necə gedir, komandanızda zədəli və ya cəzalı futbolçular varmı?

– AZAL son zamanlar yaxşı oyun nümayiş etdirən komandadır. Onlara qarşı oyunun gərgin keçəcəyini düşünürəm. Hazırlıqlarımız öz qaydası ilə gedir. Heyətimizdə çıxış edən Tərzin Cahangirov sarı vərəqə limitini aşdığı üçün bu oyunu buraxacaq. Tərzini çıxmaq şərti ilə bütün kollektiv AZAL-la oyuna hazırdır.

Əsgər Hüseynov