Futbol tarixinin ən yaxşı 10 yığması

Braziliyada keçirilən dünya çempionatı başa çatandan sonra tanınmış futbol mütəxəssisləri dünyanın 10 ən məşhur yığma komandalarını müəyyən etmişlər.  Onları sizinlə tanış edirik.

10. Avstriya – 1931-1934
Avstriya yığması ötən əsrin 20-ci illərindən yüksəliş dövrü yaşamağa başladı və 30-cu illərin  əvvəllərində öz tarixində ən böyük uğurunu qazandı. Həmin dövrdə 2-3-5 sxemi üzrə oynayan komandanın əsas silahı mərkəz hücumçusu Matias Sindelar idi. Dövrü üçün universal bir oyunçu olan Sindelar həm müdafiəçilərin köməyinə gəlir, həm də hücumu uğurla başa çatdırırdı. O dövrün mütəxəssisləri  Sindelara məhəbbətlə onun beyninin ayağında olduğunu deyirdilər. Mayslın komandası 1931-32-ci illərdə 11 oyunu uduzmadan keçirərək rəqib qapılarından 44 top keçirdi. Komandanın uğurlu çıxışına yalnız ona 4:3 hesabı ilə qalib gələn ingilislər son qoydular. 1934-cü ildə Avstriya yığması dünya çempionatında yarımfinala qədər irəliləyə bildi. Amma burada Mayslın komandası İtaliyaya uduzdu. Sonra Avstriya yığması İngiltərə millisinə qalib gəldi və olimpiadada medal qazandı. 1938-ci ildə keçirilən dünya çempionatına vəsiqə qazanan Avstriyanın uğurları bununla bitmiş oldu. Baş məşqçisi Uqo Maysl 1937-ci ildə öldü. 1938-ci ildə Almaniya Avstriyanı işğal etdi. İşğaldan sonra Sindelar birləşmiş Almaniya – Avstriya yığmasında oynamaqdan imtina etdi. 1939-cu ildə isə Sindelar müəmmalı şəkildə öldü.

9. Braziliya – 2002
Braziliya 2002-ci ildə dünya çempionu adını qazandı. Həmin dövrdə Braziliya yığmasında Ronaldo, Rivaldo və Ronaldinyo kimi dünyanın futbol ulduzları var idi. Komandanın baş məşqçisi isə Luis Felipe Skolari idi. Braziliya yığması keçirdiyi 7 oyunun hamısında qalib gəldi və 5-ci dəfə dünya çempionu titulunu qazandı. Komandanın ürəyi isə Ronaldo idi. İngiltərə istisna olmaqla, Ronaldo bütün oyunlarda rəqib qapılarına yol tapdı. O, finalda Almaniya yığmasının qapısına 2 top vuraraq komandasının  qələbəsini təmin etdi. Skolari olduqca yaxşı kollektiv qurmuşdu. 2004-ci ildə Braziliya yığması Amerika Kubokunu, 2005-ci ildə isə Konfederasiya Kubokunu qazandı.

8. Almaniya – 1972-1974
Almaniya 1972-ci ildə Avropa, 1974-cü ildə isə dünya çempionu oldu. 1976-cı ildə Almaniya Avropa çempionatında 2-ci yeri tudu. Bundan əvvəl isə 1970-ci ildə komanda dünya çempionatıda 3-cü yeri tutmuşdu. Baş məşqçisi Helmut Şen, məşhur oyunçuları isə Bekkenbauer, Herd Müller, Mayer və Braytner idi. Bu oyunçular komandaya istənilən vəziyyətdə qələbə qazandırmağı bacarırdılar. Almaniya 1972-ci ildə Avropa çempionatının finalında SSRİ-ni darmadağın etdi. 1974-cü ildə keçirilən mundialın finalında isə Hollandiyaya qalib gəldi. 1980-ci ildə almanlar yenidən Avropa çempionatında qalib gəldilər. 1990-cı ildə isə Almaniya növbəti dəfə dünya çempionu adını qazandı.

7. Fransa – 1998-2000
Fransa yığması 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu oldu. Komandanın baş məşqçiləri Eme Jake və Roje Lemer idi. Komandanı qələbəyə Zidan, Deşam və Türam daşımışdılar. Müdafiədə Blan və Desayi keçilməz idilərsə, hücumda Anri və Trezegenin qarşısını kəsmək çətin idi. Zidan 1998-ci ildə dünya çempionatının finalında Braziliyanın qapısına 2 top vurmuşdu. Fransanı əksər hallarda 2000-ci ilin komandası adalandırırlar. Komanda həmin dövrdə Avropa çempionatının finalında İtaliyanı gərgin oyunda məğlub etmişdi.

6. Macarıstan – 1952-1954
Macarıstan yığması 1952-ci ildə olimpiadada qalib gəlmiş, 1954-cü ildə isə dünya çempionatında 2-ci yeri tutmuşdu. Həmin dövrdə Macarıstan millisi 31 oyunda məğlubiyyət nə olduğunu bilməmiş, İngiltərəyə onun meydançasında qalib gəlmişdi. Komandanın əsas qəhrəmanları Puşkaş, Koçiş, Xiderkuti, Bojik, baş məşqçisi isə Qustav Şebeş idi. O, taktiki yeniliklə mərkəz hücumçusu İderkutini meydanın dərinliklərinə çəkmiş, əvəzində Koçiş və Puşkaşı cinahlarda həlledici hücumçular mövqeyinə qoymuşdu. Bu da Xiderqutiyə geniş manevr etmək və rəqib qapısına asanlıqla yol tapmaq imkanı vermişdi.  Belə bir taktiki sxem Macarıstanın İngiltərə üzərində səfərdə 6:3 hesabı ilə qələbə qazanmasında önəmli rol oynamışdı. Macarlar dünya çempionatının finalında da qələbə qazanmağa əsas namizədlərdən hesab edilirdilər. Onlar qrup mərhələsində Almaniyaya 8:3 hesabı ilə qalib gəlmiş, finalda isə  8-ci dəqiqədə onların qapısına 2 top vurmuşdular. Ancaq bundan sonra arxayınlaşan Macarıstan yığması yekunda Almaniyaya 2:3 hesabı ilə məğlub olaraq dünya çempionu ola bilməmişdi. 1956-cı ildə Macarıstanda baş verən üsyan komandanın dağılmasına gətirib çıxardı. Puşkaş, Koçiş kimi liderlər vətənə qayıtmaqdan imtina etdilər. Sonrakı çempionatlarda isə Macarıstan  “uğursuzluq zolağı”na düşdü və indi də ondan çıxa bilməyib.

5. İtaliya – 1934 -1938
İtaliya yığması 1930-35-ci illərdə Mərkəzi Avropa Kubokunu alıb, 1936-cı ildə Olimpiya oyunlarının qalibi olub, 1934 və 1938-ci illərdə dünya çempionu titulunu qazanıb. İtaliya yığması həmin dövrdə 30 oyun uduzmuşdu. Komandanın əsas qəhrəmanları Meatsa, Skiavio, Frossi və Pinola idi. Komandanın qazandığı uğurlarda baş məşqçi Vittorio Pottsonun böyük əməyi olub. O, dünya futbolu tarixində ardıcıl iki dəfə dünya çempionatında qələbə qazanan yeganə məşqçidir. 1934-cü ildə İtaliyada keçirilən mundialda İtaliya Çexoslovakiyanı Orsi və Cüzeppe Meatsanın qolu ilə məğlub edərək, çempion adını qazandı. İki il sonra isə İtaliya Berlində keçirilən olimpiadanın qızıl medalını aldı. 1938-ci ildə keçirilən dünya çempionatında bu dəfə İtaliya finalda Macarıstanı məğlub edərək ardıcıl ikinci dəfə dünya çempionu oldu.

4. Hollandiya – 1974-1978
Hollandiya 1974-1978-ci illərdə keçirilən dünya çempionatlarında ikinci yeri tutub. Komandanın əsas oyunçuları Kruiff, Heeskens, Haan, Rensenbrink idi. Komandanın baş məşqçiləri isə Mixels, Knobel, Zvartkruys, Happel olub. Mixels yeni taktiki sxem seçərək möhkəm müdafiə xətti qurmuşdu. O, rəqibə qarşı pressinqə, topa daimi nəzarətə və meydançada çevik futbola, sürətli əks-hücuma üstünlük vermişdi. Hollandiya 1974-cü ildə Braziliya və Argentinanı darmadağın edərək finala çıxdı. Hamı finalda onlardan qələbə gözləyirdi. Lakin son anda bəxt Hollandiyadan üz döndərdi və onlar ikinci yerlə kifayətlənməli oldular. 1978-ci ildə dünya çempionatının finalında da rəqibindən yaxşı oynamasına baxmayaraq, yenə də Hollandiyanın bəxti gətirmədi. Bu dəfə onlar finalda Argentinaya uduzaraq 2-ci yeri tutdular.

3. İspaniya – 2008-2012
İspaniya 2008-2012-ci illərdə Avropa çempionu, 2010-cu ildə isə dünya çempionu olub. Əsas oyunçuları Kasilyas, Xavi, İnyesta, Vilya, məşqçiləri isə Luis Araqones və Visente del Boske olub. Araqones daim topa nəzarət edən və pressinq taktikasını meydanda uğurla həyata keçirən komanda yaratmışdı. Bu da İspaniyanın 2008-ci ildə Avropa çempionatında qələbə qazanmasında önəmli rol oynadı. Onun uğurlarını Visente del Boske davam etdirdi. İspaniya 2010-cu ldə dünya çempionu, 2012-ci ildə isə yenidən Avropa çempionu titulunu qazandı. Amma 6 illik uğuru İspaniya Braziliyada keçirilən dünya çempionatında davam etdirə bilməyərək vaxtından əvvəl vətənə qayıtmağa məcbur oldu.

2. Braziliya – 1970
1970-ci ildə keçirilən dünya çempionatı Braziliyanın möhtəşəm qələbəsi ilə yadda qaldı. Belə ki,  Jairzinyo, Pele, Jerson, Rivelino və Karlos Alberto kimi futbol ulduzları olan və  məşhur məşqçi Mario Zaqalonun rəhbərlik etdiyi Braziliya 6 oyunun 6-nı da qələbə ilə başa vurdu. O vaxt Braziliya hər oyunda qol buraxsa da, rəqib qapısından daha çox top keçirirdi. Braziliya ¼ finalda rəqib qapısına 4, yarımfinalda 3, İtaliya ilə keçirdiyi final görüşündə isə 4 top vurdu. Jairzinyo hər matçda fərqləndi. 1974-cü ildə keçirilən dünya çempionatına Pele, Jerson və Karlos Alberto getmədi. Nəticədə Braziliya Hollandiya və Polşaya uduzaraq mükafatsız qaldı.

1. Braziliya – 1958-1962
1958  və 1962-ci illərdə keçirilən dünya çempionatlarında Braziliya qələbəni bayram etdi. O vaxt yığma komandanın tərkibində Qarrinça, Pele, Vava, Didi, Zaqallo kimi məşhur futbolçular çıxış edirdilər. Milliyə baş məşqçi Visente Feola və Aymore Moreyra rəhbərlik edirdi. Yazıçı Tim Bukkeri deyir ki, 1958-ci ilin Braziliyası dünyanın ən yaxşı komandalarından idi. O belə hesab edir ki, 1970-ci ildə Braziliya yığmasında oynayan ulduzların heç birini 1958-ci il komandasında oynamağa qoymazdılar. 1958-ci ildə cənubi amerikalılar yarımfinal və finalda Pelenin vurduğu 5 qolla özünü ən yaxşı komanda kimi göstərmişdi.  Onda Braziliya 4 müdafiəçi ilə oynayaraq, finala kimi bir top belə buraxmamışdı. O dövrdə Pele və Qarrinça ən istedadlı oyunçular kimi futbolun zirvəsində idilər. Braziliya yüksək səviyyəli oyununu 1962-ci dünya çempionatında da göstərdi və finalda Çexoslovakiyaya 3:1 hesabı ilə qalib gəldi. Bir sözlə, 1958 və 1962-ci il Braziliya yığması indi də dünyanın ən yaxşı millisi kimi qalmaqda davam edir.