Futbol aləmindəki nigarançılıqlarım

731

Bir neçə şeydən yana nigaranam. Birinci nigarançılığım “Topaz” oyunları haqqındadır. Məlumat üçün deyim ki, topaz – bəzi idman oyunlarının, xüsusilə, futbol yarışlarının nəticəsini qabaqcadan proqnozlaşdırmaq və hansı komandanın udacağını təxmin edib, ona “pul qoymaq” prinsipinə əsaslanır. Kim nə deyir desin, mənim fikrimcə, bu dolayısı ilə qumarın sivil bir növüdür. Sözüm bunda yox, sözüm onda ki, bu günlərdə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə bu mərc oyununun ləğv edilməsi təklifi ilə çıxış edib. Bu təkilifin heç qırxı çıxmamış bizim gənclər və idman nazirimiz Azad Rəhimov deyib ki, hazırda “Topaz”ın dövriyyəsindən 4.2 faiz vəsait “Azəridmanservis” (bu, Gənclər və İdman Nazirliyinin tabeliyindədir) dövlət müəssisəsinin hesabına gəlir. Həmin vəsaitin 30 faizi AFFA-nın, 70 faizi digər idman növlərinə paylanır: “Bu birmənalı olaraq idmanın inkişafı üçün böyük köməkdir”. İndi, görəsən, məsəl üçün, bir saatlığa tutaq ki, “Topaz” bağlandı. Onda gəlin görüm başları bu qumara qarışan, hətta evlərini bu oyuna qurban verənlər, buna adətkərdə olan kişilər, qadınlar, gənclər, uşaqlar öz asudə vaxtlarını nəyə sərf edəcəklər? Digər yandan, idmanımız inkaşafdan qalmazmı? Bundan yana çox nigaranam.

İkinci nigarançılığım: “İnter” futbol klubunun baş məşqçisi Kaxaber Sxadadze yol üstədir. Şəxsən mən istəmirəm ki, o bizi tərk etsin. Elə bu səbəbdən, sözün düzü, ona heç “Yaxşı yol” deməyə də dilim gəlmir. Nədən ki, əgər bu gürcü ölkəmizi tərk etsə, hər oyundan sonra bizim azarkeşlərə qeyri-etik jestlər göstərən, hərdən qoçuluq edən, üstəlik, bizim topdaşıyan balalarımıza qışqıran olmayacaq. Tərslikdən bu boşluğu dolduracaq ikinci adam da yoxdur. Belə şeydən nigaran qalmamaq olarmı?

Üçüncü nigarançılığım yeni fəalliyyətə başlayan AFFA-nın Məşqçilər Komitəsi ilə bağlıdır. O komitə ki, onun işi ancaq tövsiyə verməkdən ibarətdir. Sizi bilmirəm, mən indiyədək dünyanın heç bir yerində tövsiyə verən komitəyə rast gəlməmişəm. Sözüm bunda yox, sözüm onda ki, indi bizim ölkədə axı kim kimin tövsiyəsi ilə oturub durur? Bu bir həqiqətdir ki, oğul atanın, qız ananın tövsiyələrini vecinə belə almır. Bu komitənin üzvləri Vaqif Sadıqov, Böyükağa Hacıyev, Ağasəlim Mircavadov, Şahin Diniyev hələ də bilmirlər ki, onları orada ona görə oturdublar ki, futbolumuzla bağlı bəzi mətləbləri faş etməsinlər? Amma hələ də gül kimi futbolumuz barədə danışanlar var. Görəsən, onları da susdurmaq üçün AFFA yeni bir komitədən-filandan qayıracaq, ya yox. Bax bundan yana nigaranam.

Dördüncü nigarançılığım bizim adlı-sanlı idmançılarımızla əlaqədardır. Bu da ondan ibarətdir ki, onlar müəyyən bir uğura imza atandan sonra o qədər mükafata, hədiyyəyə tuturuq ki, biçarələr növbəti yarışa qədər belə gəlhagəlin altından çıxa bilmirlər. Yəni enerjilərini bu kimi şeylərə sərf etdiklərindən qələbələrinin ardını gətirə bilmirlər. Görəsən, onlara bu qədər diqqət göstərməsək, idman aləmində yenidən öz sözlərini deyə bilərlər, yoxsa yox? Bundan yana nigaranam.

Digər narahatçılığım, “Bakı” futbol klubu barəsindədir. Bu klubun vəziyyəti, onun icraçı direktoru Yaşar Seyidov demişkən, düşündüyümüzdən də ağırdır. İş o yerə çatmışdı ki, “Bakı”nın Biləcəridəki bazasının suyunu da kəsmişdilər. Nə yaxşı ki, bu problemi həllə edən tapıldı. Amma qara buludlar hələ də “Bakı”nın üstündə dolaşmaqdadır. Görəsən, bu qara buludlar onun başı üstündən birdəfəlik çəkiləcək, yoxsa “Bakı”nı təhdid etməkdə davam edəcək? Bax, bundan yana çox nigaranam. Digər tərəfdən, eşitdiyimə görə “Bakı”nın bazasının mövcud olduğu məkanın sən demə, altı hansısa bir imkanlı şəxsə, üstü isə “Bakı”ya məxsusmuş. Görəsən, “Bakı”nın altını üstünə çevirəcəklər, yoxsa üstünü altına? Bax bundan yana daha çox nigaranam.

…Hər kəs bu yuxarıda saydığımız nigarançılıqlara bir sakitedici cavab yazıb göndərsə, onu məmnuniyyətlə qəzetimizin elə bu yerində dərc etməyə söz veririk. QVAMİ MƏHƏBBƏTOĞLU