Fuad Nurullayev: Dünyanın gələcəyi dialoqlardan asılıdır

Xəbər verildiyi kimi, mayın 2-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Şübhəsiz, Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin qlobal təşəbbüsü sayılan bu Forum adi bir tədbir olmayıb, böyük strateji hədəflərə hesablanan prosesdir. Həm də bu, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük imkanlardan biridir.

Artıq Azərbaycan mədəniyyətlərarası münasibətlərin müzakirəsi üçün qlobal mərkəz rolunu yerinə yetirməkdədir. Bu mənada ölkəmiz bəşəriyyəti narahat edən bir sıra məsələləri bir daha gündəmə gətirməklə dünyaya öz töhfəsini verməkdə davam edir. 

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, hazırda dünyanın müxtəlif yerlərində münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin səbəbi müxtəlif din və etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır. Elə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu da “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” adlanır. Mənim fikrimcə, son günlər Yeni Zelandiyada və Şri-Lankada baş vermiş terror aktları da sübut edir ki, bu gün belə dialoqlara daha çox ehtiyac var.  Çünki dialoq yalnız bir tendensiya deyil, eyni zamanda, dünyanı daha təhlükəsiz etməyin yeganə yoludur.

Odur ki, rəsmi Bakı belə tədbirlər təşkil etməklə anlaşmaların dialoq yolu ilə həllinin vacibliyinə diqqət yönəldir və dünya ölkələri də – mədəniyyətlərin qovuşduğu bir məkanda  yerləşən Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini bölüşmək niyyətini yüksək qiymətləndirir.

Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözümüzün, gördüyümiz işlərin çəkisi böyükdür. Fikrimi bir faktla əsaslandırmaq istəyirəm; I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 40 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Bu Forumda isə 100-dən çox ölkənin, eləcə də 50-yə yaxın beynəlxalq qurumun nümayəndəsinin iştirakı gözlənilir. Yəni Forumun coğrafiyası xeyli genişlənib. Bu mənada hətta mən deyərdim ki, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu fikir mübadiləsi üçün həqiqətən də əsl platformaya çevrilməkdədir”.

Bu günə qədər keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarından söz açan həmsöhbətimiz qeyd etdi ki, həmin tədbirlərdə Azərbaycanın tolerantlıq mədəniyyətinin dünya ölkələri üçün yaxşı nümunə və model ola biləcəyi dəfələrlə vurğulanıb: “Onu da bildirim ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə tolerantlıq dəyərləri ciddi qorunur. Belə ki, ölkəmizdə bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada müxtəlif dini konfessiyaların nümayəndələri əmin-amanlıq şəraitində birgə yaşayırlar. Azərbaycanın Konstitusiyasında dini etiqad azadlığının qorunması ilə bağlı müddəalar da öz əksini tapıb. Bu mənada respublikamızda ayrı-seçkilikdən, qeyri-bərabərlikdən və zorakı münaqişədən söhbət belə gedə bilməz. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma olmayıb. Bir sözlə, burada qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, həmçinin dini münasibətlər mövcuddur”.

Həmsöhbətimiz, həmçinin vurğuladı ki, belə forumlar Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük imkandır: “Tam əminliklə bildirirəm ki, qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın bu istiqamətdə gördüyü işlər bütün dünya üçün örnəkdir. Bu amil həm də Azərbaycanın imicinin dünya miqyasında daha da artmasına gətirib çıxarıb”.

Hacı Fuad Nurullayevin fikrincə, Azərbaycan bu addımları ilə çalışır ki,  mədəniyyətlər və sivilizasiyalar arasındakı gərginlikləri aradan qaldırsın: “Daha kimsə şübhə etmir ki, dünyanın gələcəyi dialoqlardan asılıdır. Bu mənada dünyada yaşayan bütün insanlar müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar. Şühbə etmirəm ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da belə fikirlər səsləndiriləcək. Onu da qeyd edim ki, bu Forum beynəlxalq münasibətlər sistemində dialoq kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyəcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil”