“Fuad heykəl həyatına köçüb getdi”

302

Xalq rəssamı Fuad Əbdürrəhmanov (1915 – 15.6.1971) ölkəmizdə heykəltəraşlıq incəsənətinin əsasını qoyanlardandır. Bu, bir fakt ki, onun yaradıcılığından əvvəlki dövrlərdə ümumiyyətlə respublikamızda professional heykəltəraşlıq sənəti əcnəbi sənətkarların Bakıya dəvəti ilə inkişaf etdirilib və həmin tişə ustalarının yaratmış olduğu nümunələrdə milli xüsusiyyətlərin olmaması özünü qabarıq şəkildə büruzə verib.

Hazırda Azərbaycanın görkəmli şəxsiyyətlərinin – ədəbiyyat, incəsənət xadimlərinin, sərkərdələrin, qəhrəmanların (Nizaminin, Füzulinin, Mehdi Hüseynzadənin, Səməd Vurğunun, Cəfər Cabbarlının) paytaxtımızı bəzəyən heykəlləri Şəkidə anadan olmuş F. Əbdürrəhmanovun yaradıcılığının məhsuludur. Elə “Azad qadın” da ona məxsusdur. F. Əbdürrəhmanovun əsərləri digər şəhərlərdə də var. Məsələn, Düşənbədəki Rudəkinin heykəli də onun əl işidir. Bu gün F. Əbdürrəhmanovun anadan olmasından 102 il ötür.

Yeri gəlmişkən, onu da qeyd edək ki, F.Əbdürrəhmanov sonralar əfsanəvi fırça ustası kimi dillər əzbərinə çevriləcək Səttar Bəhlulzadə sənətinin ecazkarlığını zamanında duyub. Bu belə olmasaydı 38 yaşlı S. Bəhlulzadənin obrazını yaratmaq qərarına gəlməzdi. Onu da qeyd edək ki, bu böyük rəssamın həmkarları tərəfindən yaradılmış ilk obrazı idi. Lakin o çox yaşamadı. 56 illik bir ömür yaşadı. Azərbaycanın görkəmli xalq şairi Məmməd Araz misralarında dediyi kimi:

Nəfəs dərib, külüngünü çaldı yerə;

Səda kimi daşdan-daşa keçib getdi.

Fuad həyat gətirmişdi heykəllərə,

Fuad heykəl həyatına köçüb getdi.