Fransada etiraz aksiyaları güclənir

0
272

Fransada yanacaq vergisinin artırılmasına qarşı dekabrın 8-də ölkə üzrə keçirilən etiraz aksiyalarında ümumilikdə 125 min nəfərin iştirak etdiyi açıqlanıb. Bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Əvvəlcə Parisdə 31 min “sarı jilet”linin toplaşdığı bildirilsə də, sonradan onların sayının 10 min olduğu qeyd edilib.

Ölkə üzrə polis tərəfindən dindirilən etirazçıların sayı 1385-ə çatıb. Onlardan 974-ü müvəqqəti saxlanılıb. Parisdə isə dindirilən 920 etirazçıdan 619-u müvəqqəti saxlanılıb. Ölkə üzrə xəsarət alanların sayı 118 olub ki, onlardan da 17-si polis əməkdaşıdır. Parisdə xəsarət alan 71 nəfərdən 7-si polis əməkdaşıdır.

Parisdəki aksiya zamanı polis gözyaşardıcı qazdan, təzyiqli sudan, eləcə də rezin güllələrdən istifadə edib. Paytaxtın bəzi məhəllələrində ictimai iaşə müəssisələrinin vitrinləri sındırılıb, avtomobillər yandırılsa da, ümumilikdə aksiyanın sakit keçdiyi bildirilir.

Dekabrın 10-dan şagirdlərin və tələbələrin də etiraz aksiyalarına qoşulacaqları gözlənilir. azərtac