Fransa Macarıstanla bacarmadı

36

İyunun 19-da futbol üzrə Avropa çempionatının F qrupunda yer alan Macarıstan və Fransa yığmaları qarşılaşıblar.

Budapeştdəki “Puşkaş Arena”da oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.

Çempionatın “ölüm qrupu” adlandırılan F qrupundakı birinci oyunda Portuqaliyaya 0:3 hesabı ilə uduzan Macarıstan yığması güclü rəqiblər arasından səkkizdəbir finala yüksəlmək şanslarını saxlamaq üçün oyuna sürətli hücumlarla başlayıb. Fransa futbolçuları da təşəbbüsü əldən verməyərək Macarıstan yığmasının qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıblar. Oyunda hesab birinci hissənin sonunda açılıb. Macarıstan futbolçularının təşkil etdiyi sürətli hücumu müdafiəçi Attila Fiola qolla tamamlayıb – 1:0.

Fasilədən sonra Fransa millisi hesabı bərabərləşdirmək üçün irəli atılıb və bir neçə qol vəziyyəti yaradıb. Lakin Macarıstan yığması da müdafiə olunmaqdan daha çox, fürsət tapdıqca qol vurmaq üçün irəli atılıb. Görüşün 66-cı dəqiqəsində fransızların qapıçısı Uqo Lorisin uzun ötürməsindən sonra topu qəbul edən Kilian Mbappe iki müdafiəçinin arasından qapıya zərbə endirib. Topu uzaqlaşdırmağa çalışan müdafiəçilərin bu cəhdi uğursuz olub. Belə ki, özünü qapıçı meydançasının qarşısında topa yetirən Antuan Qrizman qüvvətli zərbə ilə hesabı bərabərləşdirib – 1:1. Bununla da təcrübəli futbolçu Fransa millisinin heyətində keçirdiyi 93 oyunda 38-ci, Avropa çempionatlarında isə 7-ci qolunu vurub.

Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyun heç-heçə başa çatıb.

B qrupun digər görüşündə fransızların 1:0 hesabı ilə məğlub etdiyi Almaniya yığması Portuqaliya seçməsi ilə qarşılaşacaq.

Xatırladaq ki, günün sonuncu görüşündə E qrupunda yer alan İspaniya və Polşa komandaları üz-üzə gələcəklər. Bununla da “Avro-2020”nin qrup mərhələsinin ikinci turuna yekun vurulacaq.

Qrup mərhələsinin üçüncü turuna iyunun 20-də Bakı vaxtı ilə saat 20:00-da paralel başlayacaq İtaliya–Uels və İsveçrə-Türkiyə oyunları ilə start veriləcək. İsveçrə-Türkiyə qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Səkkizdəbir finala yüksəlmək şanslarını saxlaya bilməsi üçün Türkiyə yığmasına mütləq qalib gəlmək lazımdır.

Bakı iyulun 3-də Avropa çempionatının dörddəbir final mərhələsinin bir oyununa da ev sahibliyi edəcək.