Franklin Ruzveltin anası Sara Ruzvelt

780

Ötən əsrdə ABŞ tarixində rekorda imza ataraq 4 dəfə prezident seçilən Franklin Ruzveltin anası Sara onun dünyanın siyasi həyatında ən məşhur siyasətçi olmasında önəmli rollardan birini oynayıb.

Sara Enn Delano Ruzvelt 1854-cü il sentyabr ayının 21-də Nyuberq şəhərində anadan olub. Saranın atası Uorren Delano məşhur iş adamlarından biri kimi tanınırdı və kifayət qədər var-dövlətə malik idi. 1862-ci ildə Sara, anası Ketrin, 6 qardaşı və bacısı ilə birgə Honqonka gedir. O vaxt Saranın atası həşiş alveri ilə məşğul olurdu. Həmin dövrdə həşiş alveri rəsmi şəkildə qadağan olunmamışdı. Bu alverdən Saranın atası Uorren Delano milyonlarla dollar gəlir götürməkdə idi. Sara ailəsi ilə birlikdə 3 il Honqonkda yaşadı. 1865-ci ildə yenidən ABŞ-a qayıdan Sara ev təhsili aldı. Eyni zamanda o, atasının imkanlarından yararlanaraq Drezdendə qızlar üçün məktəbin açılmasında fəal iştirak etdi. Sara Delano olduqca gözəl olduğundan həddindən çox pərəstişkarları vardı. Hamı Saranın özünə layiq imkanlı gənclərdən birini ər seçəcəyini gözləyirdi. Lakin bir müddət Sara özünə ər seçməkdə çətinlik çəkdi. Yalnız yaşı 26-ya çatanda o, hiss elədi ki, artıq ailə qura bilməsə, bundan sonra gec olacaq. Yenə də həmin dövrdə pərəstişkarlarının çox olmasına baxmayaraq, Sara Delano çoxlarının gözləmədiyi halda özündən az qala 2 dəfə yaşlı olan dul kişi Ceyms Ruzveltə ərə getməyə üstünlük verdi. Lakin sonralar məlum oldu ki, Sara öz xoşbəxtliyini tapa və yaşlı olmasına baxmayaraq seçim etdiyi kişi ilə səmimi ailə qura bilib.

Franklin dünyaya gəlir və ailə qayğıları…

1882-ci ildə ailənin ilk və yeganə uşağı olan Franklin Delano Ruzvelt anadan oldu. Əlbəttə, Sara daha çox uşaq doğmaq və tərbiyə etmək niyyətində idi. Onun özü də 10 uşaqlı ailədə anadan olmuşdu. Lakin həkimlər Saraya ikinci uşağı olacağı təqdirdə, dünyasını dəyişə biləcəyi barədə xəbərdarlıq etdilər. Bu xəbərdarlıqdan sonra Sara yenidən ana olmağa cəsarət etməyərək bütün həyatını yeganə oğlunu siyasi həyata hazırlamağa sərf elədi. 1900-cü ildə Saranın əri Ceyms dünyasını dəyişdi. Bundan sonra oğluna daha dərindən meyil salan Sara ona yüksək səviyyəli siyasi təhsil vermək qərarına gəldi. Franklin Ruzvelt də həmin dövrdə olduqca istedadlı gənc olması ilə diqqəti cəlb edirdi. Ərinin ölümündən sonra oğlunun Bostondakı Harvard Universitetində oxuması səbəbi ilə Sara da yaşayış yerini dəyişməyə məcbur oldu. Təbii ki, Saranın məsləhətləri Franklinin əsl siyasətçi kimi formalaşmasında önəmli rol oynadı. Həmin dövrdə Franklin Eleonora adlı qadına vurulmuşdu. Bunu görən Sara bir müddət onların izdivacının əleyhinə çıxdı. O qorxurdu ki, oğlunun erkən yaşlarda evlənməsi onun siyasi karyerasına mane ola bilər. Ona görə də çətinliklə də olsa Franklinin Eleonora ilə evliliyinə bir il müddətində mane ola bildi. Nəhayət, Eleonora və Franklinin izdivacı baş tutdu və bundan sonra Sara onların ailə həyatına mane olmamağa çalışdı. Sara 1906-cı ildə oğlu və gəlini üçün Nyu-Yorkda iki ev aldı. O, oğluna ev hədiyyə edərkən gəlini Eleonoraya bildirdi ki, oğlu ilə yanaşı yaşamaq istəyir və o, ana ilə oğulun münasibətlərinə müdaxilə etməməlidir. Sara Eleonoraya: “Mənim məqsədim Franklini siyasət zirvəsinə hazırlamaqdır, başqa heç nəyi arzulamıram. Franklin bu ölkəni idarə etməyə layiq gənc kimi yetişməlidir. Onun ABŞ-ın ən nüfuzlu siyasətçilərindən biri olmasını arzulayıram və buna da onu hazırlayıram”,-demişdi.

Bununla belə, Sara oğlunun siyasi həyatda özünə layıq yer tutması üçün, belə demək mümkünsə, onu ruhlandırmaqda və istiqamətləndirməkdə davam edirdi. Sara həmin dövrdə Kampobello adasında özünə ev aldı. O, yayda istirahətini həmin evdə keçirməyə başladı. Lakin Franklin və Eleonora da həmin adada ananı tək buraxmadılar. Eleonora hiss edirdi ki, Franklini nə qədər çox sevsə də, ona anasını əvəz edə bilməyəcək. Hər halda Eleonara, belə demək mümkünsə, ana uşağı olmaqda davam edən Franklinin nazı ilə oynamaqdan bezmişdi. Ona görə də Eleonora Saranın Franklinin qayğısını çəkməsini və müəyyən qədər öz əziyyətlərini azaltmaq istəyirdi.

“Siyasətçiyə möhkəm ailə lazımdır”

Sara yalnız oğlunu böyük siyasətə hazırlamırdı, həm də onun ailəsinin keşiyində dayanmışdı və oğlunu onun pərəstişkarları olan qadınlardan qorumağa çalışırdı. O, Franklinin gələcəyin məşhur siyasətçisi kimi möhkəm ailəyə malik olmasını arzulayırdı. Eleonora isə bu arada anasının ölməsindən sonra meylini Saraya salmışdı. Bununla belə, onların arasındakı münasibətlərdə bəzən çəkişmə, belə demək mümkünsə, qayınana-gəlin münaqişəsi baş verirdi. Hər halda Sara Eleonoranın ona oğluna olan məhəbbətini qısqanclıqla qəbul etməsinə dözə bilmirdi. Bununla belə qayınana-gəlin əksər hallarda dil tapa və ana uşağı olmaqda davam edən Franklini təsir və təzyiq altında saxlaya bilirdilər. Həmin dövrdə Franklin öz pərəstişkarlarından biri hesab edilən Lyusı Merserə vurulmuşdu. Franklin bu qadına o qədər aludə olmuşdu ki, hətta Eleonoradan ayrılmaq fikrinə də düşmüşdü. Belə bir vəziyyətdə yenə də Saranın təcrübəsi və oğlu üzərindəki təsiri ailənin dağılmasının qarşısının alınmasında önəmli rol oynadı. Sara son anda oğlunu ailəsinin dağılmamasına razı sala bildi. O, həmin dövrdə Franklinə: “Sən əgər ABŞ-ın birinci adamı olmaq istəyirsənsə, onda ailənin möhkəm saxlamalısan və bu məsələdə karyerana mane ola biləcək addımlar atmamalısan. Əgər Eleonoradan ayrılsan, cəmiyyət də səni pis qarşılayacaq. Rəqiblərin həmişə bu zəif yerindən sənə qarşı mənfi mənada istifadə edəcəklər. Deyəcəklər ki, ailəsini idarə edə bilməyən dövlətin başında necə dayanacaq? Bunu nəzərə almalısan, ya ailəni qoruyub saxlayaraq siyasətin zirvəsinə doğru yürüməlisən, ya da ikinci dəfə Lyusi Merserlə evlənərək siyasətdən uzaqlaşmalısan. Mən sənə siyasətin zirvəsinə yürümənə imkan verəcək birinci yolu seçməni tövsiyə edirəm”,-deyə müraciət etmişdi.

Lyusi Merser ilə baş verən əhvalatdan sonra Eleonora ərindən incisə də, onu bundan sonra digər qadınlardan qoruya bilmək üçün siyasi təbliğatda onunla birgə hərəkət etməyə başladı.

Bununla belə, ailədə Saranın istənilən qərarı qanun kimi qəbul edilməli idi . İradəli qadın olan Sara oğlunun gələcəyi naminə ona düzgün yol göstərir və onu öz iradəsi altında yaşamağa məcbur edirdi. Bəzən Eleonora və Franklin Saranın iradəsinə qarşı çıxır və ona qarşı birgə mübarizə aparırdılar. Lakin Sara olduqca qətiyyətli qadın idi və o nəyin doğru, nəyin səhv olduğunu çox yaxşı bilirdi. Əslində Saranın tərbiyəsi və iradəsi altında Franklin də tədricən ona oxşamağa başlamışdı. O, anasından çox şeylər götürmüşdü. Sonralar Franklin etiraf etmişdi ki, anası onun üçün əsl siyasi məktəb olub. O: “Əgər anam olmasaydı, mən ölkəni idarə etməyi, hansı vəziyyətdə necə qərar qəbul edəcəyimi bilməzdim. Siyasətçi kimi yetişməkdə anamın rolu böyükdür. Anam mənə öyrətdiyi kimi bu dövləti idarə eləməyə başladım və uğur qazandım”,-demişdi.

Ana arzularına çatır, Franklin prezident olur

Anasının siyasi dərsləri Ruzveltə 1910-cu ildəki seçkilərdə qalib gələrək senator olmaq imkanı verdi. Vulsonun seçkiqabağı təbliğatında fəal iştirak edən Ruzvelt o, qalib gələndən sonra dənizçilik nazirinin müavini təyin edildi və 8 il bu vəzifəni icra etdi. Ruzvelt 1920-ci ildə vitse-prezidentliyə əsas namizədlərdən biri hesab edilirdi. Lakin onu iflic vurandan sonra 8 il siyasi fəaliyyətini dayandırmağa məcbur oldu. Həmin ağır vaxtlarında ona əsas dayaq yenə də anası Sara və həyat yolaşı Eleonora oldular. Məhz onların səyi nəticəsində Franklin yenidən siyasətə qayıtdı və 1928-ci ildə Nyu-York ştatının qubernatoru uğrundakı seçkilərdə qalib gələrək, ABŞ-ın ən böyük ştatını idarə etməyə başladı. 1932-ci ildə keçirilən prezident seçkilərində isə Franklin qalib gələrək anası Saranın arzularını həyata keçirmiş oldu. Sara oğlunun prezident seçilməsindən çox məmnun olmuşdu və ömrünün sonuna kimi də bu xoşbəxtliyin sevincini yaşamaqda davam etdi. Onun əziyyətləri bütün hallarda hədər getməmişdi, Ruzvelt ölkəni o qədər məharətlə idarə etdi ki, bu ona 1936-cı ildə yenidən prezident seçilməyə imkan verdi.

Oğlunun uğurlarından rahat olan ana Sara 1941-ci il sentyabr ayının 7-də dünyasını dəyişdi. Onun dəfn mərasimində Franklin Ruzvelt anası ilə vidalaşarkən: “Qazandığım bütün uğurlarıma görə sənə borcluyam, ana; sən olmasaydın, Franklin Ruzvelt ABŞ-ın prezidenti ola bilməzdi. Əslində sən mənim simamda dövləti idarə etdin və idarə etməkdə davam edəcəksən. Qarşında bir daha baş əyirəm”,- demişdi.

Beləliklə, Sara Ruzvelt dünyaya ABŞ-ı 4dəfə idarə edən və Hitler üzərində qələbənin əsas memarlarından biri olan Franklin Ruzvelt kimi məşhur bir siyasətçi bəxş etdi. Ona görə də Sara Ruzveltin adı ABŞ-da indi də hörmətlə xatırlanır. Hazırda Sara Ruzveltin Nyu-Yorkda yaşadığı evə xatirə lövhəsi vurulub və onun adına adıçəkilən şəhərdə böyük bir park salınıb.

ƏZIZ MUSTAFA,