Fövqəladə Hallar Nazirliyi xilas etdi, borclu çıxdı

532

Bakıda maraqlı hadisə baş verib. Belə ki, paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti, ev 108, mən 43 ünvanında kirayədə yaşayan Fəqan Məmmədov ötən həftənin cümə günü ailə üzvləri ilə birgə liftdə qalıb. F. Məmmədov “Zaman-Azərbaycan”a açıqlamasında hadisəni belə nəql etdi: “Aprelin 15-i, səhər saat 07:30-da ailəmlə – yaşyarımlıq övladım və həyat yoldaşımla birgə yaşadığımız binanın liftinə mindik.
Birinci mərtəbəyə enmək üçün liftin düyməsini basdım. Bir az getmiş, kiçik partlayış səsinə oxşar səslərdən sonra lift dayandı. Halbuki 2-3 gün əvvəl liftin təmiri üçün pul yığılmışdı. Liftin dayandığı mərtəbədə – qapı olmadığına görə havasızlıqdan narahat olmağa başladıq. Bu vaxt yaxın qonşuya zəng etdim. Qonşum gəlib baxdı, çox çalışdı, ancaq heç nə edə bilmədik. Qonşuluqda liftə baxan adam var idi, çağırdıq gəlmədi. Axırda 101-ə zəng etdim, oradan dedilər ki, 112-yə – Fövqəladə Hallar Nazirliyinin (FHN) zəng mərkəzinə zəng eləyim. Təxminən yarım saata yaxın idi ki, liftdə idik, FHN-nin Xüsusi riskli xilasetmə qrupu gəldi, 15 dəqiqə ərzində bizi liftdən xilas etdilər. Liftin yuxarıdan elektrik xətlərini kəsdilər, qapısı açılmadığına görə xüsusi aparatla açdılar. Bir az istirahət edib, sakitləşəndən sonra rayona getdik”.
Fəqan Məmmədov deyir ki, onlar rayona gedəndən sonra qonşular Fövqəladə Hallar Nazirliyinə Xilasetmə qrupunun liftin qapısını yararsız hala salması ilə bağlı şikayət ediblər. Xilasetmə qrupunun əməkdaşı mənə zəng edib dedi ki, qardaş, biz sizi xilas etdiyimizə görə bizdən şikayət ediblər. O dedi ki, əgər ailəni liftdən çıxara bilməsəydilər, qapını, ümumiyyətlə, qırmağa məcbur olacaqdılar. Çünki havasız yerdə qadın və körpə uşaq var idi”.
Fəqan Məmmədov onun ailəsini bu cür çətin vəziyyətdən operativcəsinə xilas etdiyi üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinə təşəkkür etdi.
Biz isə mövzunun davamı olaraq, belə hallarda yararsız hala düşən liftlərin qapısını hansı qurumun təmir etməli olduğu məsələsinə aydınlıq gətirməyə çalışdıq. Əvvəlcə, FHN ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov “Zaman-Azərbaycan” qəzetinə açıqlamasında belə hadisə ilə ilk dəfə rastlaşdığını dedi. O. Bayramov bildirdi ki, FHN-nin vəzifəsi təhlükədə olan insanları xilas etməkdir: “Bakı Lift Təmiri və İstehsalat Birliyi vaxtlı-vaxtında liftləri təmir etsəydi, belə problem olmazdı. İnsanlar liftdə uzun müddət qalırlar, Bakı Lift Təmiri və İstehsalat Birliyi gedib insanları oradan xilas etmir. Bu vaxt vətəndaş FHN-ə zəng edəndə, bizim əməkdaşlar məcburdurlar ki, lazım olarsa, liftin qapısını əysinlər, təhlükədə olan insanları xilas etsinlər. Amma Lift İdarəsinin öz əməkdaşları gəlsəydilər, heç bir zərər dəyməzdi. Ailə körpə uşağı ilə liftdə 1 saat qalıbsa, FHN əməkdaşları gəlib nə etməli idilər? Mən ilk dəfədir ki, belə müraciətlə rastlaşıram. Lift İdarəsi zəhmət çəkib yaxşı xidmət eləsin, insanlar əziyyət çəkməsinlər. Bu bilirsiniz, nəyə oxşayır? Avtomobil qəzası zamanı maşının qapısını məcburən kəsib adamı xilas elə, sonra maşın sahibi gəlsin ki, maşınıma zərər vermisən (gülür). Elə şey olar?”
Mövzu ilə əlaqədar Bakı Lift Təmir İstehsalat Birliyi ilə də əlaqə saxladıq. Sualımıza Birliyin əməkdaşı Nərmin Cəfərova cavab verdi.
Qəribə də olsa, Nərmin xanım dedi ki, bu vəziyyətdə JEK-in (MİS) işçilərinin həmin binaya gəlmələri lazımdır: “Çünki onlarda açar var deyə, problem olmadan liftdə qalanları çıxara bilirlər. FHN çağırılanda hər zaman liftin qapısını sındırırlar. Onlar liftdə qalanları başqa cürə xilas edə bilmirlər. Əgər blok sakinləri şikayət edirlərsə, JEK-ə müraciət etməlidirlər. Çünki burada FHN-nin heç bir günahı yoxdur. Onlara təşəkkür etmək lazımdır. Artıq olan olub, sakinlər lifti düzəltdirmək istəyirlərsə, onda bizə müraciət etməlidirlər. Belə olan halda, liftə dəymiş zərəri kim ödəməlidir, onu bilmirəm”.

Rasim Məmmədli