Yarışın birinci günündə “Red Bull Racing” və “Ferrari” komandalarının pilotları uğur qazanıblar

54

İyunun 10-da Bakıda Formula 1 üzrə dünya çempionatının səkkizinci – Azərbaycan Qran-Pri yarışlarına start verilib.

Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır. “Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Çarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Nikolas Latifi yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Mik Şumaxer və Kevin Maqnussen “Haas”, Sebastian Fettel və Lans Stroll “Aston Martin” komandasının idman şərəfini qoruyurlar.

Yarış həftəsonuna Formula 2 üzrə sərbəst yürüşlə start verilib. Yürüşdə hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Qırx beş dəqiqə davam edən sərbəst yürüş “Hitech Grand Prix” komandasının estoniyalı pilotu Yuri Vipsin qələbəsi ilə başa çatıb. İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar. Estoniyalı pilot Y.Vips sıralama turunda da birinci olub. Sıralanma turunda “Carlin” komandasının üzvü Liam Louson ikinci, “Prema Racing”in pilotu Dennis Hauqer üçüncü yeri tutublar.

Azərbaycan Qran-Prisinin ilk günündə Formula 1 pilotları birinci və ikinci sərbəst yürüşlərdə mübarizə aparıblar. Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Birinci sərbəst yürüşü “Red Bull Racing” komandasının pilotu Serxio Peres lider kimi tamamlayıb. “Ferrari”nin üzvü Şarl Lekler ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə üçüncü olublar. İkinci sərbəst yürüşdə “Ferrari”nin pilotu Ş.Lekler birinci olub. “Red Bull Racing” komandasının üzvləri Serxio Peres və Maks Ferstappen ilk üçlükdə yer alıblar.

İyunun 11-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Ertəsi gün isə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

Formula 1 üzrə dünya çempionatının cari mövsümü 22 mərhələdən ibarətdir. Qran-Prinin səkkizinci mərhələsinə Bakı ev sahibliyi edir. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Builki dünya çempionata martın 18-20-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı, Avstraliya, İtaliya, ABŞ, İspaniya və Monakoda keçirilib. Yeddi mərhələdən sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 125 xal var. Ferstappendən 9 xal geri qalan Şarl Lekler (“Ferrari”) ikinci sırada qərarlaşıb. İlk beşliyi 110 xalla Serxio Peres (“Red Bull Racing”), 84 xalla Corc Rassel (“Mercedes”) və 83 xalla Karlos Saynz (“Ferrari”) tamamlayırlar.

Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (235 xal) komandasıdır. “Ferrari” 199 xalla ikinci, “Mercedes” isə 134 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Maklaren” (59), “Alfa Romeo” (41), “Alpine Reno” (40), “Apfatauri” (17), “Haas Ferrari” (15), “Aston Martin” (7) və “Uilliyams” (3) komandaları qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına altıncı dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” – 2017), Lusi Hamilton (“Mercedes” – 2018), Valtteri Bottas və Luis Hamilton (“Mercedes” – 2019), Serxio Peres (“Red Bull Racing” – 2021) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.