Foqtsun “taktikası”

Sözün düzü, bu yazımda bizim çox hörmətli, “Neftçi”nin isə bir neçə gün öncə istefa vermiş baş məşqçisi Böyükağa Haçıyevdən söz açmaq istədim. Lakin son anda fikrimdən daşındım. Bilirsinizmi niyə? Baxdım, gördüm ki, son günlər bu “zəif” kişinin meydançasına top atanların sayı o qədər çoxdur ki… Elə bu səbəbdən özümü həmin topatanların yanında görmək istəmədim. Bir də axı mən bir zaman o kişi ilə düz bir çaydan çay içmişəm. İndi durub bu çayı tapdalayım? Eşidən, bilən abırımı ətəyimə bükməzmi? Yox, bu, mənim tərbiyəmə yaddır. Bir də Böyükağa müəllim qaçmır ki… Gələn dəfə ondan söz açaram. Necə deyərlər, ağa durur, Ağacan durur da… Bəli, Böyükağa müəllim özü dediyi kimi, yorğunluğunu almaqda olsun, sizə kimdən deyim, kimdən danışım, bizim futbol üzrə millimizin baş məşqçisi Berti Foqtsdan.

Bir neçə gün öncə Berti Foqtsun komandası, yəni bizim millimiz Rusiya yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınadı və 0:4 hesabı ilə məğlub oldu. (Bu, Avro-2016-nın seçmə mərhələsində sentyabrın 9-da Bolqarıstanla keçiriləcək oyun öncəsi son sınaq idi). Odur ki, bizimkilər ənənələrinə uyğun olaraq, yenə başladılar Foqtsun ünvanına “hədyanlar” yağdırmağa. Kimi dedi ki, o, neçə illərdir bizim futbol azarkeşlərinin əsəbləri ilə, sözün həqiqi mənasında oynayır, zalım balası heç ofsayda da düşmür. Kimi dedi ki, axı nə vaxta qədər bizim futbol rəsmiləri onun nazı ilə oturub-duracaqlar? Kimi dedi ki, görün millimiz nə gündədir ki, heç 90 dəqiqədə bir qol epizodu belə, yarada bilmədi… Kimi də bu yoldaşlıq görüşünə ironiya ilə şərh verdi: “Biz yoldaşlığa həmişə sadiqik”. Xülasə, hər kəs ürəyindən keçəni söylədi. Amma mən bu məşhur insan haqda deyilənlərin heç biri ilə razılaşmıram. Əvvəla, ona görə ki, bu kişi yenə də alman dəqiqliyi ilə öz “ənənəsinə” sadiq qaldı. İkinci bir tərəfdən, həmin oyundan sonra o, kişi kimi yenə özünəməxsus bir açıqlama verdi ki, bəs öz komandamdan çox Rusiya yığmasının oyunundan zövq aldım. Heç bir urus balası durub ona demədi ki, əgər Kapellonun çalışdırdığı Rusiya yığması sizin iddia etdiyiniz kimi zövq alınacaq qədər gözəl futbol oynayırsa, niyə Braziliyada keçirilən dünya çempionatında pis nəticə göstərdi? Niyə Əlzəcairə uduzdu, qrup mərhələsindəcə mübarizəni dayandırdı?! Görünür, nə sirdirsə, heç uruslar da Foqtsun xətrinə dəymək istəmədilər. Nə isə…

Mənə elə gəlir ki, Foqtsa qarşı səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Odur ki, bu oyuna görə Foqtsun hüquqlarını müdafiə edən bir şəxs kimi deyirəm: komandamızın Moskvadakı oyunda 0:4 hesablı məğlubiyyətində çox incə sirlər gizlənib. Sabah komandamızın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla görüşəcəyini nəzərə alsaq, bu gizlinləri sezməmək mümkün deyil. Təbii ki, Rusiya — Azərbaycan oyununu Bolqarıstan futbol komandasının rəsmiləri də izləyiblər. Həmin görüşdən sonra onlarda belə təəssürat yaranıb ki, Azərbaycan millisi o qədər də güclü komanda deyil. Yəni bu komandanın müdafiədən hücuma keçidləri çox ləngdir, müdafiədə çatışmazlıqlar kifayət qədərdir, ötürmələrdə səhvlər baş alıb gedir, başla oynaya bilmirlər, standart vəziyyətlərdən vurulan topların qarşısını almaqda acizdirlər, həmçinin cinahlarda oynaya bilmirlər. Üstəlik, oyunçular bir-birini sığortalaya bilmirlər və sairə. Ona görə də onlar arxayınlaşaraq həmin görüşə ciddi hazırlaşmayacaqlar. Buradan belə məlum olur ki, Foqts Bolqarıstan yığmasını çaşdırmaq məqsədilə belə bir bərbad oyun seçib. Odur ki, ay Foqtsevməzlər, buna görə onu topa tutmağa ehtiyac yoxdur. Öz aramızdır, tarixi döyüşlərdə o qədər belə fəndlər işlədilib ki… Nəticədə fənd işlədən tərəf qalib gəlib. Barı, hərdən tarixə də baş vurun… Bir də döyüş taktikalarının futbola gətirilməsinin nəyi pisdir ki? Amma mənim ehtiyat edəcəyim bir şey var: qorxuram ki, futbolçularımız belə oyunu adət edələr. Görünür, Foqts bu barədə əsla düşünməyib.