Flavinyo yuxuma girmişdi…

603

Dünyada mən çox şeyləri başa düşdüm, amma “Neftçi” futbol klubunun işlərini başa düşmədim ki, düşmədim. İnandırım sizi, başa düşmədiklərimi ayağımın altına yığsam, başım buludlara dəyər. Mən bu başa düşmədiklərimin hamısından birbəbir söz açıb sizi yormaq istəmirəm. Amma əsas mətləbə keçməmişdən öncə özünün uğursuz siyasəti ilə gözdən düşmüş bu klub barəsində bir neçə kəlmə mütləq ərz etməliyəm. Yoxsa ürəyim partlayar. Vallah-billah, “Neftçi”yə lazımdır bir çarə qılmaq, dəxi bundan sonra səbr eləmək mümkün deyil. Bəli, heç mümkün deyil səbr eləmək ha… Çünki “Neftçi”də aparılan yenidənqurmanın “üfunət”i futbol aləminə dağılıb qoymur nəfəs almağa. Nə qədər ki, “Neftçi” bu halətdədir, Azərbaycan futbolunun tərəqqisi mümkün olmayacaq. Elə o səbəbdən hamı gözünü dikib “Neftçi”yə onun irəliləyişini gözləyir. Lakin bu komanda irəliləmək bilmir ki, bilmir. Yaxşı, tutaq ki, irəliləmək istəmir, nə eybi var? Qoy irəliləməsin, barı, heç olmasa tərpənsin də… Tərpənsin ki, onun azarkeşlərinin üzü gülsün. Elə söhbətimin bu yerində keçirəm söz açmaq istədiyim mətləbə…

Bu günlərdə “Neftçi”nin braziliyalı oyunçusu Flavinyo komandadan ayrılıb üz tutdu Vətəninə. Mən onun ya zəlzələdən, ya vəlvələdən “Neftçi”dən ayrıldığının üzərində də dayanmaq istəmirəm, çünki məramım başqadır. Yəqin, deyəcəksiniz, orada dayanmadın, burada dayanmadın, bəs harada dayanacaqsan, olmaya əlahiddə dayanacaqların var? Narahat olmayın, nəfəsimi dərib elə burada dayanmaq istəyirəm.
Bəli, dünən gecə bu Flavinyə dediyim kəs bir də gördüm yuxumdadır. Dedim, a kişi, sən hara, mən hara? Dedi, tələsmə. Və başladı dərdini bəyan etməyə:
– Sən də yaxşı bilirsən ki, mən düz beş il “Neftçi”də top qovdum və bu komandanın heyətində 174 oyun keçirdim. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapdım, azarkeşlərin rəğbətini qazandım, 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi oldum, üstəlik, “ağ-qaralar”ın heyətində avrokuboklarda 22 oyun keçirdim, Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış etdim, elədirmi, doğrumu deyirəm?
– Doğrudur, – dedim, – özün də ən yaxşı oyunçulardan biri olmusan. Buna görə klubun rəhbərliyi, həm də azarkeşlər sənin adını həmişə hörmətlə çəkiblər.
Elə bu sözləri demişdim ki, Flavinyo gülümsündü. Onun bu təbəssümü mənə qəribə gəldi. Odur ki, soruşdum:
– Olmaya düz demədim?
– Düz dedin, amma “Neftçi”nin rəhbərliyi adımı həmişə hörmətlə çəkməyib. Çəksəydi, heç olmasa, etika naminə yuxularına haram qatıb məni hava limanından yola salanların arasında onlardan bir nəfər olardı.
– Daha de ki, sənə qarşı hörmətsizlik ediblər də…
– Vallah, belə şeylərə sizlərdə nə deyirlər onu bilmirəm, amma bildiyim odur ki, bizim tərəflərdə belə şeylərə yaxşı baxmırlar. Amma sənə bir söz deyim: sağ olsun, mənim fanatlarım, azarkeşlərim, ünvanıma xoş sözlər deyə-deyə, məşəllər yandıra-yandıra məni elə yola saldılar ki, heç “Neftçi”nin rəhbərliyi yadıma belə düşmədi…
– Elə bunu deməyə yuxuma girmişdin?
– Təkcə bunu deməyə yox… Əsas demək istədiyim budur ki, “Neftçi”nin azarkeşləri, həqiqətən də, böyük qüvvədir. Mənə elə gəlir ki, bir gün həmin bu azarkeşlər “xalq komandası” kimi tanınmış “Neftçi”ni bu günə qoyan rəhbərliyi də yola salacaq. Mən buna öz varlığım kimi inanıram. “Neftçi”yə lazımdır bir çarə qılmaq, dəxi bundan sonra səbr eləmək mümkün deyil. Bəli, heç mümkün deyil səbr eləmək ha… Çünki “Neftçi”də aparılan yenidənqurmanın “üfunət”i futbol aləminə dağılıb qoymur nəfəs almağa. Nə qədər ki, “Neftçi” bu halətdədir, Azərbaycan futbolunun tərəqqisi mümkün olmayacaq.

Qvami Məhəbbətoglu