Fizikadan lirikaya…

566
Çayrudum Lerikə gözəl bəzəkdir,
Elə bil ki, göz içində bəbəkdir.

Baxırsan hər yanı güldür, çiçəkdir,

Bu cənnətə mahnı demək gözəldir.

Nəriman deyir, məncə, bu söz-söhbəti,

Hər bir yanda sazla demək gözəldir.

Nəriman Rəfiyev

Müsahibimiz 74 yaşlı Nəriman Rəfiyev Lerik rayonunun Çayrud kəndində yaşayır. O, əvvəllər uzun müddət rayonda fizika müəllimi işləyib. Bundan başqa, Çayrud kəndindəki Musiqi Məktəbinə direktorluq edib. Bir müddətdən sonra tarda, sazda ifa etməyi öyrənən Nəriman müəllim həm bölgədə, həm respublikada tanınmağa başlayıb. Onunla tanış olmaq, həyat və sənəti barədə məlumatlar almaq üçün sürücümüz Eyvazla birlikdə Çayrud kəndinə yollandıq. Bizi çox səmimi qarşıladı Nəriman müəllim. Onunla söhbətimizdən maraqlı məqamları oxucularımıza təqdim edirik: “1963-cü ildə indiki Pedaqoji Universiteti bitirəndən sonra doğma kəndimizdə müəllim işləməyə başladım. Hələ universitetə getməmişdən qabaq kiçik qardaşım Yaqub tar çalmağı öyrətmişdi mənə. Universitet illərində bunu davam etdirdim. Yaxşı səsim olduğundan festivallarda da iştirak edirdim. Sonradan kənd məktəbində kiçik bir özfəaliyyət dərnəyi də təşkil etdik. Rayon tədbirlərində iştirak edirdik”.

Nəriman müəllim deyir ki, həmin vaxtlarda “Nanay” qızlar ansamblı da təşkil ediblər: “Nanay” qızlar ansamblı ilə rayonda bir sıra tədbirlərdə iştirak edirdik. Bir müddətdən sonra isə “Cəngəsər” ansamblını təşkil etdik ki, o da bir növ “Nanay”ın işini davam etdirdi. Bu ansamblla da bir çox tədbirlərdə iştirak edirdik. Həmin kollektiv hazırda da işini davam etdirir.

Bir müddətdən sonra başladım sazda ifa etməyə. Əvvəllər sazı tar kimi çalsam da, sonradan daha yaxşı ifa etməyə başladım. 1972-ci ildən etibarən yavaş-yavaş öz kəndimizdə toylara getməyə başladım. Belə-belə bölgədə, sonra da bir çox rayonlarda toylara getməyə başladım. Astara, Lənkəran, Yardımlı, Goranboy, Bakıda və digər rayonlarda toylarda iştirak etmişəm.

Nəriman müəllimin ailə üzvləri də musiqi sənəti ilə məşğul olurlar. Belə ki, onun qızı Arzu Rəfiyeva, kürəkəni Sulduz Hüseynov da xanəndədirlər. Oğlu Vaqif isə qoşa nağarada ifa edir. Onlar ailə ansamblı təşkil ediblər. Dediyinə görə, nəvələri də bu sənəti öyrənirlər.

Aşıq Nəriman Şirvan aşıq sənətinin sirlərini öyrəndiyini söyləyir. O, saz-söz sənətini daha yaxşı öyrənəndən sonra özü də şeir yazmağa başlayıb. Bir müddət öncə işıq üzü görən kitabı isə “Fizikadan lirikaya” adlanır. Dediyinə görə, həmin kitabı şagirdləri nəşr etdiriblər.

Aşıq Nəriman toylarda başına gələn hadisələrdən də danışdı: “Toylarda həm oxuyurdum, həm çalırdım, həm də oynayırdım. Zənnimcə, bu, aşıq sənətinin tələblərindən biridir. Bir dəfə Goranboyda toyda olanda bir xeyli sifariş verdilər. Amma biri mənə bir az yad gəldiyinə görə, onlara lətifə ilə cavab verdim. Dedim ki, bir dəfə Molla Nəsrəddin sazı götürür əlinə, başlayır çalmağa. Amma bir əli ilə dınqıldadır, digərini isə tərpətmir. Camaat deyir ki, “ay kişi, başqa saz çalanlar barmaqlarını tərpədirlər, sən isə heç tərpətmirsən. Molla deyir ki, onlar axtarırlar, ancaq mən tapmışam, ona görə tərpətmirəm”. Yəni demək istəyirəm, yeri gələndə bir lətifə ilə vəziyyətdən çıxmaq da sənətkarın bacarığıdır”.

Aşıq Nəriman sözün çox böyük gücə sahib olduğunu deyir: “Söz belə bir şeydir ki, bəzən hər şeyi yaddan çıxarır. Mən Aşıq Ələsgərdən, Aşıq Şəmşirdən, Aşıq Bəylərdən, Aşıq Pənahdan çox şey öyrənmişəm. Toylarda həm onlardan, həm öz yazdıqlarımdan ifa edirdim”.

Müsahibimiz müasir dövrdə insanların saza-sözə geri qayıtdıqlarını düşünür: “Gənclərdən eləsi var ki, bəyənirəm. Məsələn, Aşıq Əli sazda ifa etməyi yaxşı bacarır. Eləsi də var ki, ifa edəndə sözü düz demir. İndiki cavanlar cəhd edirlər, amma hamısı bacarmır. Təbii ki, yaxşı, bacarıqlı, aşıqlar da yetişir. İnsan öz üzərində daim işləməli, təkmilləşməyə çalışmalıdır: “Bir dəfə mənə toyda dedilər ki, Şah İsmayıl dastanını ifa et. Dedim bilmirəm, amma 2 gündən sonra başqa toy var, orada ifa edəcəm. 2 gün ərzində gecə-gündüz oturub bu dastanı əzbərlədim və həmin toyda ifa etdim. Yəni aşıq öz üzərində çox işləməlidir.

Aşıq Nəriman bayağı mahnıların insanların zövqlərini korlanmasından da danışdı: “Bayağı mahnılar korlayır insanları. Belə mahnıların sözlərində heç bir məna olmur”.

Nəriman müəllim deyir ki, əvvəlki illərdə toylarda, məclislərdə ancaq böyüklər oturardı: “İndi isə tərsinə olub. Toylarda hay-küyçülük də olmurdu. İndiki səs sistemləri insanları bezdirir. Sifariş davası yox idi. Bizim kəndimizdə indi də sifariş davası yoxdur, sənətkara böyük hörmət edirlər.”

Sonda müsahibimiz dedi ki, musiqini ruha qida hesab edir: “Sənətə, sənətkara dəyər vermək elə-obaya dəyər verməkdir. Çünki bu bizim  keçmişimizdir”.

Sonda isə sizlərə Aşıq Nərimanın iki şeirini təqdim edirik.

 

Vətən

Abad olub bağça-bağın, dönüb gülüstana, Vətən!

Hər qarışın cənnət kimi, nur saçır hər yana, Vətən!

Əmək qəhrəmanlarımız gəlməz saya-sana, Vətən!

Müstəqillik yollarında çatdın şöhrət-şana, Vətən!

Hər tərəfdən ellər gəlir bu gün tamaşana, Vətən!

 

Göy Xəzərin qucağında Bakı bir mayak kimidir,

Naxçıvanın, Lənkəranın əzəməti dağ kimidir,

Astaranın hər bucağı gül-çiçəkli bağ kimidir,

Masallı, Gəncə, Şamaxı ətirli zambaq kimidir,

Bu şöhrətli diyarına olmuşam pərvanə, Vətən!

 

Buludlara sinə gərən qarlı dağlar Lerikdədir,

Min bir dərdə dərman olan buz bulaqlar Lerikdədir,

Cənnətin bir guşəsi tək yaşıl bağlar Lerikdədir,

Əməyilə şöhrət tapan qəhrəmanlar Lerikdədir,

Bu gözəllik ilham verir aşıq Nərimana, Vətən!

Mərdan Qurbanov, Lerik