“Fitə basılmaq heç də arzuedilən iş deyil”

0
443

“Real”ın yarımmüdafiəçisi Kriştianu Ronaldo iştirak etdiyi son tədbirlərin birində jurnalistlərin suallarını cavablandırıb. Portuqaliyalı ulduz futbolçu komandasında baş verən son dəyişikliklərdən danışıb.

— Özünü necə hiss edirsən?

— Əla, tədricən əvvəlki formamı bərpa edirəm. Bu məqsədlə individiual proqram üzrə hazırlaşıram, çoxlu qaçmağa başlamışam. Özümü yaxşı hiss edirəm və hesab edirəm ki, düzgün yoldayam.

— Amma bir müddət fasilə vermək qərarına gəldin…

— Mövsüm öncəsi istədiyim formada hazırlaşa bilməmişdim. Ola bilsin ki, yay fasiləsini ideal səviyyədə keçirmədik. “Sevilya” ilə oyunda çox yaxşı çıxış etdim, amma sonra geriyə addım atdım. Bununla bağlı ciddi problemim yoxdur, həftə ərzində əvvəlki formamı yüz faiz bərpa edəcəyəm.

— Çiçarito haqda nə fikirləşirsən?

— Çiçarito komandamıza kömək edə biləcək oyunçudur. Mən ona komandamıza kömək edə bilməsi üçün uğurlar arzulayıram.

— Son matçda “Real” necə təsir bağışladı? Nəticə səni təəccübləndirdimi?

— Bizim üçün qeyri-adi oyun oldu. İlk 15 dəqiqədə 2:0 hesabı ilə önə keçdik, amma sonra hər şey gözlənilmədən dəyişdi. Bundan nəticə çıxarmalıyıq və anlamalıyıq ki, ilk 15 dəqiqədə qazanılan uğur, vurulan qollar heç də qələbə, yekun nəticə demək deyil. Qalib gəlmək üçün gərək sona kimi mübarizə aparasan. Biz bunu etmədik və nəticədə qapımızda 4 top gördük. Ümidvaram ki, bu oyun bizim üçün bir dərs olacaq.

— Anxel di Mariya və Xabi Alonsonun komandadan getməsindən sonra Toni Kroos və Hames Rodrigesin gəlişi “Real”ın oyun stilini dəyişəcəkmi?

— Kroos və Hames fərqli ampluada çıxış edən oyunçulardır və təbii ki, komandanın oyun stili dəyişəcək. Amma bunun yaxşı, yoxsa pis tərəfə olacağını söyləmək çətindir. Əminəm ki, hər iki futbolçunun gəlişi komdandamızın oyununun daha da yaxşılaşmasına yardım edəcək. Axı onlar yüksək səviyyəli oyunçulardır və “Real”a uyğunlaşmaqda çətinlik çəkmirlər. Hər iki oyunçu komandamızın qələbəsi üçün yardım edir. Di Mariya və Alonsonun komandamızı tərk etməsinə gəlincə, onlar yüksək səviyyəli futbolçulardır və biz indi yeni oyunçulara ümid edirik. Əminəm ki, hər şey yaxşı olacaq.

— “Real”da çoxdan oynayırsan və komandanın kapitanlarından birisən. Bu baxımdan komandanın transfer siyasəti səni qane etdimi?

— Komandada baş verən son hadisələrə münasibətdə mənim öz rəyim var. Ancaq mən heç də həmişə fikirləşdiyimi deyə bilmirəm. Çünki ertəsi gün dediklərim bütün jurnal və qəzetlərin manşetində olacaq. Bunu isə arzulamıram. Ancaq əgər komandaya rəhbərlik mənim əlimdə olsaydı, onda belə addım atmazdım. Bununla belə, əgər klub prezidenti hesab edirsə ki, hansı yeni oyunçuları almaq, hansılarını komandadan göndərmək lazımdır, onun qərarına hörmət etmək və dəstək vermək lazımdır.

— Mövsüm yenicə başlayıb. Səncə, bu heyətə ümid etmək, inanmaq olarmı?

— Mövsüm hələ iki həftədir başlayıb. Ona görə də narahat olmağa ehtiyac yoxdur. Əksinə, sakit halda işi davam etdirmək lazımdır. Bizdə 3-4 yeni oyunçu var. Amma onu da deyim ki, ötən çempionat oyunçuların çoxunun fiziki durumuna mənfi təsir etdi. Onların çoxu komandanın heyətinə gec qoşuldu və mövsüm öncəsi növbəti çempionata yaxşı hazırlaşa bilmədik. Ola bilsin ki, bütün bunlar hələ bir müddət komandanın oyununa təsir etsin. Amma mən mövsümü uğurla başa vuracağımıza ümid edirəm.

— Karlo Ançelotti belə vəziyyətlərin öhdəsindən necə gəlir?

— O, böyük təcrübəyə malik məşqçidir və komandaya nəyin lazım olduğunu, nəyin lazım olmadığını çox yaxşı bilir. Bəli, ilk məğlubiyyətimizi aldıq. Ancaq mövsüm yeni başlayıb və başımızı uca tutaraq yolumuzla davam etməliyik. Tezliklə Çempionlar Liqasının oyunları başlayacaq və öz oyunumuzu daha da təkmilləşdirməliyik.

— “Ateltiko” ilə matçda iştirak edəcəksən?

— Bəli, o vaxta kimi formada olacağam.

— Bu məğlubiyyətdən sonra sizə böyük təzyiq göstəriləcək…

— Hansı oyunda bizə təzyiqlər olmayıb ki? Təzyiqlər “Real”ın ayrılmaz hissəsinə çevrilib.

— Hansı komandanı La Liqanın və Çempionlar Liqasının favoriti hesab edirsən?

— Böyük klubların hamısını favorit hesab edirəm. “Bavariya”, “Real”, “Çelsi” və Atletiko” da onların arasındadır. Eyni zamanda yenidən Çempionlar Liqasının qalibi olacağımıza inanıram. Yəni “Real”ın ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanacaq ilk komanda olacağını istisna etmirəm. Biz bunun üçün var gücümüzlə çalışacağıq, görək sonda necə alınacaq.

— Üçüncü dəfə “Qızıln top” almaq barədə düşünürsənmi?

— Bunun üçün hələ 3-4 ay vaxt var. Hazırda əsas məqsədim əvvəlki formamı bərpa etmək və yüksək səviyyəli oyun göstərməkdir.

— 13 sentyabrdakı derbidə iştirak etmək əsas məqsədindir?

— Bəli, həmin derbidə oynayacağam. Həmişə istənilən oyunda meydançada olmağı əsas məqsəd hesab edirəm.

— “Kordoba” ilə oyun zamanı “Santyaqo Bernabeu”dakı azarkeşlər sizi fitə basdılar. Belə şeyi gözləyirdinmi?

— Nə vaxt yaxşı oynamırsan, onda azarkeşlər öz etirazlarını bildirirlər və bunu heç bir oyunçu arzulamır. Onların rəyinə hörmət etmək lazımdır. Əlbəttə fitə basılmaq heç də arzuedilən iş deyil. Bu, heç də komandanı dəstəkləmək demək deyil. Mən bilirəm ki, “Real” həmişə yüksək səviyyəli komanda olub və bizi fitə basanlara sübut etməliyik ki, səhv edirlər. Yenə də etiraf edim ki, hazırda yaxşı oyun nümayiş etdirmirik və bu vəziyyətdən çıxmaq üçün daha yaxşı oynamalı, yenidən komanda daxilində möhkəm ailə olmağı bacarmalıyıq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here