“Fiorentina”nın hücumçusu Kuma Babakarın mesajı

0
494

İtaliya A seriyasında XV turun oyunları davam edir. Bu tur çərçivəsində Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq “Fiorentina” Ağdam klubu – “Qarabağ”la məsul görüşöncəsi son oyununu “Palermo”ya qarşı keçirib. Dünən baş tutan matçda “Fiorentina” Babakarın son dəqiqələrdə vurduğu qol sayəsində qələbə qazanıb: 2:1 (Qollar: Bernardeşi, 32 (pen.), Babakar, 90+3 – Jajalo, 49). Matçdan sonra yerli mətbuata açıqlama verən 23 yaşlı seneqal millisinin üzvü Kuma Babakar “Qarabağ”la oyundan da söz açıb: “Ötən turda PAOK-a yenilməklə işimizi bir qədər çətinə saldıq. İndi hətta qrupda qalmaq təhlükəsi də var. Amma bizim məqsədimiz qrupu lider kimi başa vurmaqdır. Bilirik ki, bunun üçün Bakıda bizə 1 xal bəs edir. Amma meydana bu məqsədlə çıxsaq, məğlub olarıq. Çünki “Qarabağ” azarkeşlərinin də dəstəyi ilə qələbə qazanmağa çalışacaq. Rəqib nə qədər güclü olsa da, Bakıya 1 yox, 3 xal dalınca gedəcəyik”.
Qeyd edək ki, dekabrın 8-də keçiriləcək “Qarabağ” – “Fiorentina” matçı Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.