Finalda “Qarabağ”la “Neftçi” üz-üzə gələcək

581

Dünən Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. İlk oyunda Bakıda rəqibini 1-0 hesabı ilə məğlub edən “Qarabağ” çətin Zaqatala səfərində sərfəli heç-heçəyə imza atıb: 0:0. Yarımfinalın digər cavab oyununda isə “Neftçi” iki oyunun nəticəsinə görə “İnter”i üstələyib. İlk oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən “Neftçi” cavab görüşündə 1:2 məğlub olmasına baxmayaraq, finala adlayıb.

 

Günün ilk qarşılaşması Zaqatalada oynanılıb. Son 8 gündə artıq iki dəfə üz-üzə gəlmiş “Simurq”la “Qarabağ” cari mövsümdə 6-cı, sonuncu dəfə qarşılaşıblar. Bu oyunun əhəmiyyəti “Simurq” üçün daha böyük idi. Çünki Premyer Liqada ilk “dördlük”dən xeyli geri qalan George Çixradzenin komandasının Avrokuboka yollanmaq üçün yeganə ümid yeri məhz kubok idi. Lakin tarixində ilk dəfə yarımfinalda iştirak edən zaqatalalılar finala adlaya bilməyiblər. (Bu isə o deməkdir ki, onların Avrokubok şansları hansısa möcüzədən sonra reallaşa bilər). Ağdam klubu gərgin keçən cavab qarşılaşmasında 0:0 hesabı ilə qolsuz bərabərə qalaraq finala yüksəlib. Qeyd edək ki, bu komandaların Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qarabağ” minimum hesabla qalib gəlmişdi (1:0).

Bu mövsüm rəqibini 6 oyunun hamısında məğlub edən və finala çıxan “Qarabağ” “Qızıl dubl” etmək niyyətinə daha da yaxınlaşıb.

Onu da bildirək ki, Zaqatalada keçirilən qarşılaşmanın birinci hissəsində xoşagəlməz anlar yaşanıb. Belə ki, ev sahiblərinin ofsayddan vurduqları qolu hesaba almadığına görə “Simurq”un baş məşqçisi George Çixradze hakimin üzərinə hücum çəkib. Ardınca isə yerli fanatlar hakimi təhqir etməyə başlayıblar.

 

“Əgər ilk oyunda qol vura bilsəydik…”

Bu oyundan sonra keçirillən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib: “Futbolçularda psixoloji və fiziki yorğunluq vardı, ona görə də tam olaraq nəticə üçün oynadıq”. Təcrübəli mütəxəssis ağır səfər qarşılaşması olduğunu açıqlayıb: “Futbolçularım xarakter göstərdilər. Onlar qarşıdakı matçlarda da bu əzmdə çıxış etməlidirlər. “Simurq” barədə isə ancaq xoş sözlər söyləyə bilərəm. Bir zaqatalalı olaraq, baş məşqçi George Çixradzeyə “sağ ol” deməliyəm.  “Simurq”la oyunun son dəqiqələrində sürət zəiflədi. Ola bilsin ki, “Neftçi” ilə çempionat oyununda da belə olsun. Çünki yorğunluq var”.

George Çixradze (“Simurq”un baş məşqçisi) isə kubok oyunlarının həmişə gərgin keçdiyini vurğulayıb: “Biz “Qarabağ”la iki çətin matç oynadıq. İlk oyunda 1:0 hesabı ilə məğlub olduq. Əgər ilk oyunda qol vura bilsəydik, bu gün daha rahat mübarizə apara bilərdik. İlk oyundakı hesab bizə açıq futbol sərgiləmək imkanı vermirdi. Düzdür, futbolçumuz topu qapıdan keçirdi. Amma həmin epizodla bağlı konkret danışmaq çətindir. Epizoda baxmaq lazımdır. İlk baxışdan, məncə, qola daha çox oxşayır. Lakin təkrar baxmaq lazımdır. “Qarabağ” komandasını isə finala adlaması münasibəti ilə təbrik edirəm”.

 

Məğlubiyyətə baxmayaraq…

Digər finalçı paytaxt derbisində – “Neftçi”- “İnter” matçında müəyyənləşib. Kubok yarışmasının cavab oyunu Kaxaber Sxadadzenin komandasının 2:1 hesablı (Arif Dasdəmirov, 37: Bacana Sxadadze, 56: Nikolas Kanales, 27) qələbəsi ilə başa çatıb. Ancaq bu nəticə “İnter”in finala yüksəlməsi üçün yetərli olmayıb. İlk matçda rəqibinə 2:0 hesabı ilə qalib gələn “flaqman”- “Neftçi” ikinci oyunda məğlubiyyətə baxmayaraq, finala adlayıb. Bununla da “ağ-qaralar” ölkə kubokunda ardıcıl 4-cü dəfə finala yüksələn ilk komanda kimi tarixə düşüblər.

 

“Təəssüf edirəm ki…”

“İnter Arena”dakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze oyunu belə şərh edib: “Neftçi” klubunu finala çıxması, futbolçularımı isə yaxşı oyuna görə təbrik edirəm. Düşünürəm ki, bu gün çox sayda qol epizodu yaratdıq.  Bir qədər ustalıq səviyyəsi çatmadı. Eyni zamanda, bəxtsizlik də vardı. İlk oyundan sonra demişdim ki, “Neftçi” qələbə qazanıb və özünü rahat hiss edir. “Neftçi” ev oyununda qol buraxmadı, əvəzində 2 qol vurdu. Bütün bunlar cavab oyunu üçün üstünlük idi. Son hadisələrlə bağlı isə deyə bilərəm ki, “İnter” dağılarsa, faciə olacaq. Çünki “İnter” “Neftçi” və “Qarabağ”la birgə Azərbaycan futbolunun adını yüksəldib. Ümid edirəm ki, yeni gələcək rəhbərlər bu komandaya  diqqət ayıracaqlar. “İnter”i yaşatmaq onların borcudur. Çünki “İnter” Azərbaycanın öndə gedən klublarından biridir”.

Gürcüstanlı mütəxəssis ölkəmizdə olduğu müddətdə Azərbaycan kubokunu qazana bilmədiyinə görə təəssüfləndiyini bildirib: “Təəssüf edirəm ki, burda olduğum vaxtda kuboku qazana bilmədim. Çox istəyərdim ki,  bu kuboka sahib olum. Amma bu il azarkeşləri yaxşı final gözləyir. “Qarabağ” və “Neftçi” güclü komandalardır”.

Arif Əsədov (“Neftçi”nin baş məşqçisi) isə oyun barədə bu sözləri deyib:”İlk oyundakı qələbədən sonra cavab oyununa ciddi hazırlaşmışdıq. Çünki cavab oyununun çətin keçəcəyini bilirdik. Sevindirici haldır ki, “Neftçi” ardıcıl 4-cü dəfə kubokun finalına yüksəldi. Digər tərəfdən gənc oyunçu Rahil Məmmədovu qazandığımız üçün sevinirəm. Hazırda biz kubok görüşünü unudub, çempionat matçına hazırlaşmalıyıq”.

 

 

 

Finalda bir dəfə qarşılaşıblar

Beləliklə, Azərbaycan Kubokunun finalında bütün çempionatlarımızda iştirak edən iki komanda “Qarabağ” və “Neftçi” üz-üzə gələcəklər.

Məlumat üçün deyək ki, bu iki komanda Azərbaycan Kubokunun finalında indiyə qədər 1 dəfə qarşılaşıblar. 15.05.1996 tarixdə keçirilən oyun “Neftçi”nin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Vidadi Rzayevin bir dəfə fərqləndiyi oyunda Yunis Hüseynov dublla yadda qalıb

Qeyd edək ki, Azərbaycan kubokunun finalı iyunun 3-ü keçiriləcək.

 

 

Kubok uğrunda yarışlardan sətirlər

23-cü dəfə təşkil olunmuş Azərbaycan kuboku uğrunda yarışlarda 21 dəfə final matçı baş tutub. 2001/2002 mövsümü yarımçıq qaldığından həmin vaxt final keçirilməyib. Arxada qalan 21 finalda 16 komanda oynamaq imkanı əldə edib. “Neftçi” artıq 8 dəfə həlledici matçın iştirakçısı olub. Bu göstəricisə rekordçu olan “ağ-qaralar” “9”a çatmaqla öz nailiyyətini yeniləyə bilər. Paytaxt təmsilçisi əvvəlki 8 finalın 6-da qalib gəlib.

Bu göstəricidə 2-ci olan “Qarabağ” öz nəticəsini daha da yaxşılaşdıra bilər. 6 dəfə final həyəcanı yaşayan Ağdam təmsilçisi “7”nin astanasındadır. Əyalət klubu indiyədək 3 dəfə kuboku başı üzərinə qaldırıb.

5 dəfə finala yüksələn “Xəzər Lənkəran” 3-cü göstəriciyə malikdir. “Bankirlər” kimi “Kəpəz” də 4 dəfə kubok mövsümünün son matçınadək irəliləyib. “Bakı” 3, “Şəmkir”lə “Bakı” 2 dəfə bunu bacarıbsa, “Şəfa”, “Qəbələ”, “Xəzri”, “Xəzər” (Lənkəran), “MKT-Araz”, “Karvan”, “İnşaatçı” (Bakı) və “İnşaatçı” (Sabiravad) hərəyə 1 belə uğurun sahibidir.

Məhəmməd Rəsulov