“Fikirləşməzdik ki, bir gün sorağın səhnələrdən gələcək”

471

 

 

 

Tanınmış sənət adamları onun muğam aləmində özünəməxsus izi olduğunu vurğulayıblar. Belə ki, Xalq artisti Arif Babayev onun səsində bir şirinlik olduğunu, Xalq artisti Əlibaba Məmmədov gözəl xırdalıqlar etdiyini bildiriblər. Xalq artisti Səkinə İsmayılova isə onun muğamlarımızın ruhunu tutmaq bacarığı ilə həmyaşıdlarından fərqləndiyini xüsusi qeyd edib. Söhbət “Muğam Televiziya Müsabiqəsi -2011”in qalibi Mirələm Mirələmovdan gedir.
Qeyd edək ki, Mirələm Mirələmov həm də bu ilin mart ayında Heydər əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə dünyanın 24 ölkəsinin sənət adamlarının qatıldığı “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının da qalibləri sırasında yer alıb.

 

 

– Mirələm bəy, muğamın sehrinə necə düşmüsünüz?

– Kiçik yaşlarımda türk mahnılarının vurğunu idim. Odur ki, onların bəzilərini sevə-sevə ifa etməyə çalışırdım. Günlərin bir günü, daha doğrusu, 10 yaşımda, həmişə eşitdiyim əzan səsi məndə çox qəribə hisslər oyatdı. Başladım əzanı özüməməxsus şəkildə ifa etməyə… Bu mənada mən deyərdim ki, bu mənə Allah-Təalanın bir bəxşeyişidir. Daha sonra radioda Yaqub Məmmədov, Mütəllim Mütəllimov, Yavər Kələntərli, Zülfü Adıgözəlov, Alim Qasımov kimi korifeylərimizin ifalarına qulaq asmağa başladım. Beləcə, bir də ayılıb gördüm ki, muğam aləmindəyəm.

– Musiqini kamil öyrənmək üçün hansı mərhələləri keçdiniz?

– Bəri başdan deyim ki, ailəmizdə, qohum-əqrəba arasında musiqiçi olmayıb. Bircə Seyidağa dayımın səsi olub ki, o da necə deyərlər, səsinin dalınca getməyib, sadəcə, mal-qara otaranda zümzümə etməklə kifayətlənib. Mən əvvəlcə boya-başa çatdığım Şamaxıda Musiqi Məktəbində, daha sonra isə Şamaxı Mədəni Maarif Texnikumunda (hazırda bu təhsil ocağı Şamaxı Humanitar Kolleci adlanır) oxudum. Buradan isə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinə köçürüldüm. Hazırda isə Azərbaycan Milli Konservatoriyasının ikinci kursunun tələbəsiyəm. Yeri gəlmişkən, onu da deyim ki, Musiqi Məktəbində Habil Şıxəliyevdən, Mədəni Maarif Texnikumunda Zaur Cəfərovdan, Bakı Musiqi Kollecində tanınmış xanəndə Zabit Niftəliyevdən dərs almışam, başqa sözlə desək, onların vasitəsilə bu aləmin sirlərindən agah olmuşam. Mənim muğam aləmində tanınmağında isə ustadım adlandırdığım Zabit müəllimin əməyi daha çox olub.

– Yəqin ki, əslən Şamaxıdan olan Alim Qasımovdan da nəsə əxz etmisiniz?

– Asəf Zeynallı adına Bakı Musiqi Kollecində oxuyarkən müəllimlərimiz başqa xanəndələrin də dərslərində hərdən iştirak etməyimizi məsləhət görürdülər. Bir gün mən də Alim müəllimin dərsinə qatıldım. O, “Mahur”u tədris edirdi. Dərsin sonuna yaxın Alim müəllim həmin muğamdan bir parça oxumağımı istədi. İfamdan sonra dedi ki, səsin əsl xanəndə səsidir. Amma öz üzərində mütəmadi işlə. Çünki əziyyət çəkməsən, bu səsi millətə sevdirə bilməzsən.

 

“Həm səsımə güvənırdim, həm də münsıflər heyətının ədalətınə”

– Mirələm bəy, siz Muğam Televiziya Müsabiqəsində tanındınızə Həmin müsabiqəyə necə qatıldınız?

– Seçim turlarına Şamaxı şəhərindən qatıldım. İlk turda ifa etdiyim “Mirzə Hüseyn segahı” münsiflər heyəti – Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Ramiz Zöhrabov tərəfindən bəyənildi. Bakıda keçirilən ikinci turda isə “Bayatı-Şirazı” ifa etdim.

– Münsiflər heyəti üzvlərinin hansınınsa dalınca gileyləndiyiniz məqamlar olubmu?

– Əsla, yox. Yəni münsiflər heyətinin bu və ya digər üzvü mənə az xal verəndə, heç zaman gileylənməmişəm. Bunu, necə deyərlər, özümə dərd etməmişəm. Bilirsinizmi, mənə elə gəlirdi ki, hərdən az xal toplamağımın da öz gözəlliyi var. Çünki tutulan iradlar məni daha yaxşı oxumağa sövq edirdi. Bu mənada bütün münsiflər heyətinə həmişə rəğbətim olub.

– Mərhələ adlamağınıza inamınız vardımı?

– Sözün düzü, həm səsimə güvənirdim, həm də münsiflər heyətinin ədalətinə. Müsabiqənin gedişatı da zənnimdə yanılmadığımı sübut etdi. Və mən bu yarışmanın qalibi oldum. Nəticədə, həmin müsabiqə məni bütün ölkədə tanıtdı.

– Yeri gəlmişkən, həmin ilin fevral ayının 14-də “Mədəniyyət” kanalı öz açılışını sizin də iştirakınızla keçirilən muğam müsabiqəsi ilə açdı. İlk çıxış edən də siz oldunuz. Özü də “Şuşanın dağları” xalq mahnısı ilə… O anda hansı hisslər yaşadınız?

– Dilə gətirməkdə çətinlik çəkirəm. Amma nə gizlədim yaman həyəcanlı idim. Qoy şişirtmə kimi çıxmasın hətta ürək döyüntülərimi belə eşidirdim. Bu həyəcanım hətta münsiflər heyətinin də nəzərindən qaçmadı. əgər xatırlayırsınızsa, münsiflər heyətinin üzvü, əməkdar incəsənət xadimi Nadir Axundov mənim ifamı dəyərləndirərkən dedi: “Mən Mirələmin həyəcanını hiss elədim. Mirələm çox yaxşı çıxış elədi. Lakin məşq prosesində o, bu mahnını bundan qat-qat yaxşı oxumuşdu”. Bir də sizə bir şey deyim də. Ümumiyyətlə, birinci çıxış etmək olduqca məsuliyyətlidir. Yəni sənə inanıb səhnəyə birinci çıxarırlarsa, bu etimadı doğrultmalısan… Yeri gəlmişkən, gün o gün olsun ki, Şuşanın dağlarından qara buludlar çəkilsin, mən də həmin mahnını orada ifa edim.

– Mirələm bəy, siz bu ilin mart ayında Heydər əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə dünyanın 24 ölkəsinin sənət adamlarının qatıldığı “Muğam aləmi” III Beynəlxalq Muğam festivalının da qalibləri sırasında yer aldınız. Bu faktı xatırlamaqda məqsədim başqadır. Sizə elə gəlmirmi bu kimi tədbirlər muğamımızın dünya arenasında tanınmasında, təbliğində mühüm faktorlardan biridir?

– Mən deyərdim ki, son illər muğamımızın təbliğində YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər əliyev Fondunun prezidenti Mehriban xanım əliyevanın xidmətləri daha çoxdur. Məhz onun sayəsində Azərbaycan muğamı YUNESKO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı, həmçinin tar ifaçılığı da var. Muğam müsabiqələrinin təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalı, “Muğam ensiklopediyasının nəşri, “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması məhz onun sayəsində baş tutub. Mədəniyyətimizin inkişafına xidmət göstərən belə tədbirlər sırasında hər iki ildən bir keçirilən “Muğam aləmi” layihəsinin özünəməxsus yeri var. Bütün bu işlər muğama olan sevgini gündən-günə artırır. Hətta indi bu sözləri tez-tez eşitmək olur: “Muğam müsabiqələri məni muğama bağladı”.

Onu da deyim ki, keçirilən bu müsabiqə və festivallar yeni gənc muğam ifaçılarını üzə çıxarmaq, onların gələcək sənət yollarının işıqlandırılmasında mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, hazırda davam edən IV Muğam Televiziya Müsabiqəsinin iştirakçılarına da uğurlar diləyirəm.

 

“Özümü bulaşdirmaq ıstəmırəm”

– Hansı muğam dəsgahlarını ifa edə bilirsiniz?

– Demək olar ki, hamısını…

– Hansı muğamı oxuyanda rahat olursunuz?

– Sözün düzü, seçim edə bilməyəcəyəm. Çünki onların hər birini ifa edəndə rahatlanıram.

– İndi də muğamın sirlərini öyrənməkdə davam edirsiniz?

– Bu günlərdə hansısa qəzetdən əlibaba Məmmədovun bir müsahibəsini oxudum. O həmin müsabihəsində Xan Şuşinskinin bir kəlamını xatırlayaraq deyib: “Xan əmi o vaxt deyərdi ki, xanəndə 20-dən 30-a qədər öyrənir, 30-dan 50-yə oxuyur, ondan sonra yola verir”. Bu aspektdən çıxış etsək, mən hələ öyrənirəm. Hər gün saatlarla məşq edirəm. Onu da deyim ki, bu sənət elədir ki, gərək həmişə öyrənəsən, gərək hər gün məşq edəsən. İnandırım sizi, bir gün məşq etməyəndə bu özünü bu və ya digər şəkildə biruzə verir.

– Bəs uşaqlıq illərindən kim olmaq istəyirdiniz?

– Ümumiyyətlə, mənim tanıdığım uşaqların hamısı güləşlə məşğul olurdular. Mən də onlara qoşuldum. Hətta rayon miqyaslı güləş yarışlarında da iştirak etdim. Lakin bir müddətdən sonra səhhətimdə problemlər yarandı. Elə bu səbəbdən güləşin daşını atdım. Buna baxmayaraq, hərdən güləşlə məşğul oluram. Futbol oynamağı da sevirəm.

– Yəqin məktəb illərində səsinizi sınağa çəkənlər də olub?

– Sinif yoldaşlarıma musiqi məktəbinə getməyimi deməmişdim, amma yaxşı səsimin olduğunu bilirdilər. Odur ki, hərdən onlar üçün də zümzümə edirdim. Hətta bəzi tədbirlərdə də oxuyurdum. Sözün düzü, mən bir qədər qapalı uşaq olmuşam. Sonradan sinif yoldaşlarımın bəzilər mənə dedilər ki, doğrusu, fikirləşməzdik ki, bir gün sənin sorağın səhnələrdən gələcək.

– Ölkəmizdə artıq tanınırsınız. Bu mərhələdə qalmaq üçün nə edirsiniz?

– Hazırda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin solistiyəm. Mənim üçün burada hər cür şərait yaradıblar. Sağ olsunlar. Təbii ki, müxtəlif layihələr də cızıram. İstəyirəm ki, mən də dünya miqyasında muğamımızın təbliğatçısı olum. ən böyük arzularımdan biri də Akademik Opera və Balet Teatrının səhnəsində Məcnun rolunu ifa etməkdir.

– Özünüzü ulduz sənətçi hesab edirsiniz?

– Ümumiyyətlə, mənim bu cür epitetlərdən xoşum gəlmir. Kimsə də mənə belə müraciət edəndə etirazımı bildirirəm. Mənim üçün ən əsası ifa etdiyim mahnılarla insanların rəğbətini, məhəbbətini qazanmaqdır. Məncə, xalq sevgisindən gözəl şey ola bilməz.

– Şou əhlindən dəvət almısınızmı?

– Olub, amma qəbul etməmişəm. Hələ ki, özümü bulaşdırmaq istəmirəm.

– İndi bir qədər tanınan gənclər toylara üz tuturlar…

– Bəri başdan deyim ki, ölkə miqyasında tanınmamışdan qabaq da el şənliklərində iştirak edirdim. Bu da nə gizlədim ailəmizin imkansızlığından irəli gəlirdi. İndi də toya getməmək mümkün deyil. Hazırda mən kirayədə yaşayıram. Kirayə haqqını ödəmək üçün belə bir addım da atmağa məcburam.

– Yəqin toylarda bayağı mahnılar da ifa edirsiniz?

– Xeyr, mən toylarda hər mahnını ifa etmirəm. Belə ki, el şənliklərində həmişə xalq, bəstəkar mahnıları ifa edirəm.

– Mirələm bəy, bu gün sirr deyil ki, bayağı mahnılar ifa edənlər daha çox qazanc əldə edirlər. Bu sizi qıcıqlandırmır ki?

– əsla… Amma mən bu vəziyyətin müvəqqəti olduğunu güman edirəm. Mən isə əsl sənət incilərimizi ifa etməklə qürur duyuram.

– Mahnı bəstələmək, şeir yazmaqla aranız varmı?

– Yox, sadəcə, oxuduğum muğamlara özüməməxsus zəngulələr vurmağa çalışıram.

QVAMİ MəHəBBəTOĞLU