Fermerlərin problemlərinin həlli asanlaşır

0
538

Ölkə başçısının 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci ilin “Kənd Təsərrüfatı ili” elan olunması ilə bağlı keçirilən tədbirlər çərçivəsində Qubada Fermer Evinin açılışı olub.

Ölkə başçısının 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci ilin “Kənd Təsərrüfatı ili” elan olunması ilə bağlı keçirilən tədbirlər çərçivəsində Qubada Fermer Evinin açılışı olub. Tədbirdə kənd təsərrüfatı naziri (KTN) Heydər Əsədov, nazirliyin müvafiq qurumlarının əməkdaşları, rayon rəhbərliyi, İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav, Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Malena Mard, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko və digər beynəlxalq bank təşkilatlarının rəhbərləri, fermerlər, sahibkarlar iştirak ediblər. Tədbirdə geniş nitq söyləyən nazir Heydər Əsədov 2015-ci ilin “Kənd Təsərrüfatı ili” elan olunmasından, ölkə rəhbərliyi səviyyəsində aqrar sahəyə göstərilən diqqət və qayğıdan, həyata keçirilən institutsional islahatlardan, aqrar sahədə olan köklü dəyişikliklər, bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlardan danışıb. Nazir fermerlərin qarşılaşdıqları problemlərin həlli məqsədilə nazirliyin təşəbbüsü ilə ölkədə ilk dəfə olaraq Quba rayonunda Fermer Evi pilot layihəsi həyata keçirildiyini bildirdi: “Bu layihədə həm də əsas məqsəd Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında istehsalçıdan istehlakçıyadək – məhsulların dəyər zənciri boyunca olan bütün proseslərində fermerlərə vahid mərkəzdən dəstək göstərmək və fəaliyyətlərinin əlaqələndirilməsini təşkil etməkdir. Fermer Evində regionda kənd təsərrüfatı məhsulları istehsalının inkişafı və artırılması məqsədilə aqrar sahəni əhatə edən yeniliklər, maarifləndirici proqramlar, texnoloji üstünlüklərdən faydalanmalar nəzərdə tutulur. Burada fermerlərin bilik və bacarıqlarının artırılması üçün internet resurslarından, kitab və broşüralardan istifadə edərək, hansı məhsulun nə vaxt və necə əkilməli olduğuna dair məlumatlar, kənd təsərrüfatı məhsulları bazarı və qiymətləri, eləcə də güzəştli kreditlərin şərtləri barədə məlumatlar, əkinin necə aparılması, toxumların yoxlanılması, torpaqla necə davranmaq lazım olduğu barədə videogörüntülər yerləşdirilib. İstənilən bir fermer internet portalına daxil olaraq istənilən məlumat və xidməti çox asanlıqla əldə edə biləcək. Ümidvarıq ki, informasiya texnologiyalarının tətbiqi portalın çoxşaxəli funksiyalar yerinə yetirməsinə imkan verərək, Fermer Evinin fəaliyyətinə mühüm töhfə verəcək. Portal bazar iştirakçılarını – fermer, alıcı, nəqliyyat şirkəti, fermerlər üçün xidmətləri təqdim edənləri, nəzarət edən orqanları effektiv şəkildə birləşdirə biləcək əhəmiyyətli mənbə olacaq. Xüsusilə, torpaq üzərində çalışan insanlarımızın işini xeyli asanlaşdırmağa xidmət edəcək. Tədbirdən sonra jurnalistlərin suallarına cavab verən nazir, buradakı kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına daşınmasındakı problemin həlli ilə bağlı yaxın 2 gün ərzində Rusiya tərəfi ilə danışıqlar aparılaraq müsbət nəticələrin olacağı qənaətində olduğunu bildirdi.

Amil Tağıyev, Quba