“Federalizm toxumu Ukrayna torpağında cücərə bilməz”

“Minsk görüşü nəticə verməsə və ölkənin şərqində vəziyyət daha da gərginləşərsə, Ukrayna hakimiyyəti hərbi vəziyyət tətbiq etməyə hazırdır”.
 Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinin iclasında çıxış edərkən deyib. “Məhz Minsk sammitinin nəticələrindən asılı olacaq ki, biz təcavüzkarı diplomatik yolla dayandıra biləcəyik, yoxsa tamam başqa rejimə keçəcəyik. Mən, hökumət və Ali Rada bütün Ukrayna ərazisində hərbi vəziyyət tətbiq olunması barədə qərar qəbul etməyə hazırıq. Əgər təcavüzkarın məsuliyyətsiz hərəkətləri münaqişənin daha ciddi eskalasiyasına səbəb olarsa, mən bu qərarı qəbul etməkdə qətiyyən gecikməyəcəyəm”, – deyə o, söyləyib.

P. Poroşenko Minsk görüşündə Ukrayna və Avropa İttifaqının (Olland, Merkel) vahid mövqedən çıxış edəcəyini vurğulayıb: “Bu iclasa gecikməyim onunla bağlıdır ki, biz Minsk sammitinə son hazırlıqlarımızı və mövqelərimizi koordinasiya edirdik. Sizi əmin edirəm ki, Ukrayna və Aİ vahid mövqedən çıxış edəcək və tək səs olacaq. Bizim əsas israr etdiyimiz məsələ sözsüz ki, hər hansı ilkin şərt olmadan atəşin dayandırılmasıdır. Ukrayna bu heyvani və barbar aqressiya nəticəsində hər gün onlarla itki verir və zərər çəkənlərin çoxu dinc əhalidir”.

P. Poroşenko bəyan edib ki, federalizm toxumu Ukrayna torpağında cücərə bilməz. O, cəbhədəki son durum haqqında da məlumat verib və Ukrayna qoşunlarının Debaltsevo ətrafında iki yaşayış məntəqəsini azad etdiyini söyləyib. Dövlət başçısı “M” sektorunda (Mariupol) “Azov” alayının təmas xəttini Minsk razılaşmalarında nəzərdə tutulan həddə çatdırdığını, lakin bunun aktiv hücum əməliyyatı olmadığını deyib.

 

V. Putin Minskdə danışıqlarıda

iştirak edəcək

Rusiya Prezidenti Vladimir Putin “Normandiya formatı” çərçivəsində müzakirələrdə iştirak etmək üçün Minskə yola düşüb. Bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Məlumat üçün bildirək ki, bundan öncə Minskdə Ukraynanın şərqindəki vəziyyətlə bağlı təmas qrupunun görüşü keçirilib. Lakin görüşün nəticələri açıqlanmayıb.

 

“Debaltsevo mühasirədə deyil”

Ukraynanın müdafiə naziri Stepan Poltorak Donetsk vilayətinin Debaltsevo şəhərini müdafiə edən Ukrayna qüvvələrinin tam mühasirəyə düşməsi (”kotyol”) barədə xəbərləri təkzib edib. S. Poltorak bildirib ki, hazırda Debaltsevoda müdafiə mövqeyi tutan Ukrayna hərbçilərinin terrorçular tərəfindən mühasirəyə alınması təhlükəsi yoxdur: “Heç bir mühasirə yoxdur. Bu, mühasirənin olmasını istəyənlərin uydurmasıdır”.

 

Donbassda son sutkada 97

əsgər ölüb və yaralanıb

Son sutka ərzində Donbassda gedən döyüşlərdə 19 Ukrayna hərbçisi həlak olub, 78-i yaralanıb. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Vladislav Seleznyov açıqlayıb. “Atəş və qarşılıqlı toqquşmalar zamanı Ukrayna 19 hərbçisini itirib. Onlardan 17-si ordunun, 2-si Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Müxtəlif güc strukturlarının 78 əməkdaşı müxtəlif dərəcəli yaralarla xəstəxanalara çatdırılıb”, – deyə o, söyləyib.

Antiterror qərargahının sözçüsü Anatoli Stelmax isə sutka ərzində separatçı qüvvələrin məruz qaldığı itkiləri açıqlayıb. O, 87 separatçının və onlara məxsus 42 ədəd hərbi texnikanın məhv edildiyini bildirib. Məhv edilən hərbi texnikanın 12-si tank, 16-sı zirehli maşın və 14-ü reaktiv atəş sistemləridir.