Faşist Paşinyanın neonasistlərlə iş birliyi

0
73

İşğalçı Ermənistanın faşist xislətini sübut edən dəlillərdən biri də Almaniya Bundestaqında təmsil olunan radikal sağçı “Almaniya üçün alternativ” (AfD) partiyası ilə fəal əməkdaşlıq etməsidir. Almaniyada olduqca mənfi imicə sahib olan və  antisemitist, irqçi, antidemokratik fəaliyyətləri ilə seçilən, müsəlman miqrantları Almaniya və Avropa üçün təhlükə adlandıran, ölkənin konstitusion quruluşuna qarşı zidd siyasət yürüdən, “Almaniya almanlar üçündür” çağırışı ilə çıxış edən bu qurumun nümayəndələrinin işğal altında olan torpaqlarımıza  qanunsuz səfərləri ilə bağlı kifayət qədər faktlar da var. Xəbər verildiyi kimi, oktyabrın 18-də AfD partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyəti-Şteffen Kotre, Ştefan Koyter,  Andreas Qalau, Andreas Kalbits qondarma rejimin təşəbbüsü, təhriki ilə işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər və həmkarlarına öz “məsləhətlərini” veriblər. Atalarımız bu yerdə deyiblər: “Axsaq atın kor nalbəndi olar.”

Şühbəsiz, ekstremist və neonasist baxışlara sahib olan və demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər sayılan bu neonasistlərin işğal altındakı ərazilərimizə “səfərini”, hər şeydən əvvəl, İkinci Dünya müharibəsi zamanı faşistlərin əlaltısı kimi keçmiş sovet respublikaları ərazisində təxribatçılıq fəaliyyəti ilə məşğul olan  Qaregin Njdenin timsalında faşizmi qəhrəmanlaşdıran, monoetnik dövlət quran Ermənistanda faşizmə bəslənən rəğbətin bəhrəsi kimi qiymətləndirmək olar. Alman neonasistlərinin Dağlıq Qarabağa gəlişi göstərir ki, bu gün Suriya və Livandan kürd terror dəstələrinin üzvlərini muzdlu kimi bölgəyə gətirən və mülki əhaliyə divan tutan Ermənistanın, eləcə də işğal olunmuş ərazilərdə “qurulmuş” rejimin bütün ümidi nasist-faşist ideologiyasının daşıyıcılarınadır. Bu, həm də Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 27-dən başlayaraq həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində məğlubiyyətlə üzləşən işğalçı ölkənin Qərbin ciddi siyasi qüvvələrindən dəstək almaq cəhdlərinin nəticəsiz qaldığını bir daha göstərir. Halbuki hərbi əməliyyatlar başlayanda Sorosun şinelindən çıxan Nikol Paşinyan Qərbdən dəstək alacağına ümid edirdi. Amma bu gün fakt bundan ibarətdir ki, daha onun yalanları heç bir işə yaramır. Artıq beynəlxalq ictimaiyyət Qarabağ həqiqətlərini qəbul edir, beynəlxalq hüquq da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Odur ki, haqqın, ədalətin kimin yanında olduğunu yaxşı dərk edən dövlət başçıları artıq ona məhəl qoymurlar. Yəni, heç bir dövlət Ermənistana açıq dəstək verməyi özünə rəva bilmir. Avropa İttifaqının Gəncə terroru ilə bağlı verdiyi bəyanat da göstərdi ki, beynəlxalq ictimaiyyət terrora məruz qalan Azərbaycanın yanındadır.

Şübhəsiz, bu məsələdə ölkəmizin diplomatik sahədə uğurlu siyasət aparması və onların iç üzünü, işğalçı, irqçi olmalarını bütün dünyaya tanıtması da mühüm rol oynayıb. Bu prosesdə Prezident, Ali Baş Komandan İlham Əliyevin nüfuzlu xarici telekanallara müsahibələri mühüm əhəmiyyət kəsb edib. Odur ki, düşmən hazırda yeganə nicat yolunu öz xislətinə uyğun nasistlərlə əməkdaşlığı daha da gücləndirməkdə görür. Bu mənada Ermənistanın bu addımı AfD-ın timsalında saman çöpündən yapışmaq cəhdindən başqa bir şey deyildir.

Yeri gəlmişkən, qeyd edək ki, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanq Maniq Bundestaqın faşist mövqeyi ilə seçilən radikal partiya təmsilçilərinin qanunsuz olaraq işğal altındakı torpaqlarımıza səfərinin təəssüf doğurduğunu bildirməklə yanaşı, Federal Hökumətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Bəli, bu gün informasiya, diplomatiya və hərb müstəvisində məğlubiyyətin şokunu yaşayan, Nikol Paşinyan özünə bəraət qazandırmaq məqsədilə dəridən-qabıqdan çıxır. Halbuki o, anlamalıdır ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının bütün dövlətlər tərəfindən rəsmi olaraq tanınan ərazisidir. Azərbaycan isə hazırda haqq, ədalət sözünü elə kəskin şəkildə deyir ki, daha kimsə işğalçı ölkənin imdadına çata bilmir və çatmayacaq da. Bir sözlə, bu müharibədə Zəfər Azərbaycanındır!

Qvami Məhəbbətoğlu, “İki sahil”