“Falçılığın qarşısı insanları maarifləndirməklə alına bilər”

561

Bir müddət bundan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi falçılığa qadağa qoyulması ilə bağlı layihə üzərində işlədiklərini açıqladı. Cəmiyyətin böyük bir hissəsini özlərinə ram etməyi bacaran falçıların “biznesi” təhlükə altına düşəcək. Ölkənin böyük şəhərlərindən tutmuş ən kiçik kənd və qəsəbələrdə belə onlara rast gəlmək mümkündür. Hətta elə insanlar var ki, itirdiyi hər hansı əşyasını belə tapmaq üçün falçıya müraciət edirlər.

Bu da bir həqiqətdir ki, bir çox insanlar gələcəklərinin necə olacağı ilə bağlı əndişə keçirirlər. Keçmişdə yol verdikləri səhvlər onlarda gələcəyi öz istəklərinə uyğun formalaşdırmaq arzusu yaradır. İtirdiklərini əldə etmək, qorxularından qurtulmaq, xəstəlikdən sağalmaq istəyənlər çarəni tək yerdə axtarırlar – falçıda. Bəs, görəsən, insanların falçıya müraciət etməsinin səbəbi nədir? Niyə xəstəsi də, işsizi də, evlisi də, subayı da falçıya gedir?

“Xurafatın dərmanı – maarifləndirmə”

Reallıq budur ki, səbəbin nə olmasından asılı olmayaraq, insanların falçılara müraciət etməsi kütləvi hal alıb. Qəzetimizə müsahibə verən psixoloq Elnur Rüstəmov bunun insanlarda şüuraltı bir proses olduğunu bildirdi: “Falçılığa meyl təkcə Şərqdə deyil, eyni zamanda Qərb ölkələrində də olub. Tarixə nəzər salsaq, bunun kökünün lap qədimə, Şamanizmə gedib çıxdığını görərik. Bu cür maraqlar insanda hər zaman olub. İnsanların bu zəif nöqtəsindən şübhəsiz ki, falçılar və bu tip işlərlə məşğul olan insanlar faydalanırlar. Bu, bir növ bizim şüuraltımıza yerimiş bir prosedurdur. Bunu həm də kollektiv şüurdan qaynaqlanan bir hal kimi qiymətləndirmək olar. Bu təkcə falçılıqla bağlı bir şey deyil. Məsələn, bəzi insanlar toydan və ya hər hansı bir yığıncaqdan qayıdandan sonra özlərini narahat hiss edirlərsə, dərman müdaxiləsindən öncə üzərlik yandırırlar. Və yaxud da ev tikəndə at nalı vururlar qapının üstünə. Bütün bunlar xurafatın insanların düşüncəsində kök saldığını göstərir”.

“Psixoloqların fəaliyyətini genişləndirmək, inkişaf etdirmək lazımdır”

Elnur Rüstəmov xurafatı aradan qaldırmağın yeganə yolunun insanları maarifləndirməklə mümkün olduğunu vurğuladı: “Günümüzdə elə insanlar var ki, özünü tamamilə falçılardan asılı hala salıblar. Bu sahədə nəzarət olarsa, düşünürəm ki, bir qədər qarşısını almaq mümkün olar. Eyni zamanda, falçılığı qadağan etməklə yanaşı, alternativ kimi təhsili ön plana çıxarmaqla insanlara psixoloji dəstək vermək olar. Bildiyiniz kimi, psixoloqlar gələcəklə işləmirlər. Onlar keçmişin travmatik yaralarını, qorxularını bərpa etməyə çalışırlar. İnsanlar problemlərinin həllini yalnış yerlərdə axtarırlar. Bəzən bizə qorxu ilə bağlı müraciət edən insanın daha əvvəl Çıldağa getdiyini öyrənirik. Halbuki bir neçə psixoloji seansla o bu qorxusundan qurtula bilib”.

”Tətbiqi psixologiya bizdə yeni yaranan bir sahədir. Bu istiqamətdə müxtəlif işlər aparılır və insanlarda psixoloqa müraciət etmək düşüncəsinin formalaşması üçün müəyyən zaman lazımdır. Düşünürəm ki, psixoloqların fəaliyyətini genişləndirmək, daha da inkişaf etdirmək lazımdır”,-deyə psixoloq bildirdi.

“İslamda sehr və cadu qəti şəkildə qadağan edilib”

Mövzu ilə bağlı suallarımıza cavablandıran ilahiyyatçı Rövşən Məmmədovun sözlərinə görə, insanlar müxtəlif məqsədlər üçün falçıya müraciət edirlər: “İnsanlar əsasən guya başqasının bəxtini açdırmaq və ya bağlamaq, gələcəkdən xəbər tutmaq, keçmişdə baş verən bir şeyi öyrənmək və s. üçün falçılara müraciət edirlər. Unutmamalıyıq ki, mütləq qeybi Allahdan başqa heç kəs bilə bilməz. Falçı kiminsə bəxtini açıb-bağlaya bilməz. İslamda sehr və cadu qəti şəkildə qadağan olunub. Quranda sehrbazın hara gedir-getsin uğur qazanmayacağı, mətləbinə çatmayacağı bildirilir. Taha surəsində “Düyünə üfürən sehr eləmiş, sehr edən isə şirkə düşmüşdür” bildirilir.

R. Məmmədov qeyd etdi ki, sovet dövründə bu cür fəaliyyətlər müəyyən mənada qadağan olunmuşdu, lakin insanlar gizli də olsa falçılara müraciət edirdilər: “Falçılığın qarşının alınması ancaq insanları maarifləndirməklə mümkündür. Cahil insanlara onun nə qədər faydasız bir şey olduğunu izah etmək və onları bundan çəkindirmək lazımdır. Bu da maarifləndirmək ilə mümkündür”.

Xəyalə Sadıqova