Mingəçevirdə  gənclərlə  görüş keçirilib

768

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Mingəçevirdə  gənclərlə  görüşüb. Qonaqlar əvvəlcə Gənclər evi ilə yaxından tanış olub, gənclərin fəaliyyətləri barədə geniş məlumat əldə ediblər.

Daha sonra Gənclər Evində keçirilən görüşdə Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov, Mingəçevir  şəhər Gənclər və İdman  İdarəsinin rəisi Kamal Nəcəfli, Gənclər Evinin müdiri Tural Kərimov, Gənclər Təşkilatlarının sədrləri, fəal gənclər iştirak ediblər.  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olub. Eyni zamanda, bu uğurlardan ölkəmizin gənclərinə də pay düşüb. Vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına və onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsinə xidmət edən Gənclər Fondu daim gənclərə dəstək olur, onlar tərəfindən hazırlanmış  layihələri uğurla həyata keçirir. Fond region gənclərini də unutmur, onlarla əməkdaşlığa xüsusi önəm verir.

 

Gənclərlə görüşdə tələbələrin yataqxana problemləri də müzakirə olunub.

Mingəçevir  şəhər Gənclər və İdman  İdarəsinin rəisi  Mingəçevirdə  hər sahədə olduğu kimi gənclər sahəsində də əldə olunan uğurlardan danışıb. Bildirib ki, şəhərdə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün parklar, kafelər, əyləncə mərkəzləri tikilib istifadəyə verilir. Mingəçevirdə  yüzlərlə yerli və beynəlxalq səviyyəli layihələr həyata keçirilib ki, bu da gənclərin hərtərəfli inkişafına, onların dünyagörüşünün artırılmasına hesablanıb.

 

Tədbirin sonunda gənclər onları maraqlandıran suallarlı qonaqlara ünvanlayıblar.

Fərid Cəfərov bizimlə söhbətində  bildirib ki, gənclərlə görüşümüzün əsas səbəbi fondun fəaliyyəti barədə gəncləri məlumatlandırmaq, yerli gənclər təşkilatları ilə görüşmək, onların problemləri ilə maraqlanmaq, gələcək planları ilə qarşılıqlı fikir mübadiləsi aparmaqdır.

Esmira Hidayətova, Mingəçevir.