Fərhad Vəliyev “Sent-Etyenn”i məğlub edəcək gücdə olduqlarını düşünür

627

Avrokubokdan fərqli olaraq, cari mövsümə uğursuz start götürən “Qarabağ” Premyer Liqada ilk qələbəsini 5-ci turda AZAL üzərində qazandı. Bu qarşılaşmada diqqət çəkən məqamlardan biri də cari mövsümdə ilk dəfə “Qarabağ”ın qapısını Fərhad Vəliyevin qoruması oldu. Biz də təcrübəli qolkiperlə əlaqə saxlayıb, həm bu, həm də “Sent-Etyenn”lə sabahkı oyun barədə fikirlərini öyrənməyə çalışdıq. Beləliklə, Vəliyevin  müsahibəsini sizə təqdim edirik.

– AZAL-la oyunun bu qədər asan keçəcəyini gözləyirdiniz?

– Sözün düzü, mən belə asan oyun olacağını gözləmirdim. Əslində çox da asan olmadı. Neçə tur idi ki, çempionatda qalib gələ bilmirdik. Ona görə də, AZAL-la matçda daha istəkli idik. Çünki Premyer Liqada qələbə qazanmağın vaxtı çatmışdı. Allaha şükür, böyük hesabla qalib gəldik.

– AZAL öz meydançasında həmişə rəqiblərinə çətin anlar yaşadır. Amma siz orada rahat qalib gəldiniz. Bunu nə ilə bağlamaq olar?

– Bəli, düz qeyd etdiniz, AZAL öz meydanında keçən mövsümlərdə də bizə başağrısı olmuşdu. Budəfəki qarşılaşmada bütün oyunçularda qələbə həvəsi və istəyi böyük idi. Bütün futbolçular anlayırdılar ki, səfər qələbəsi qazanıb, çempionatda da yolumuza uğurla davam etməliyik. Həm də Avrokubok matçından əvvəl qələbə qazanmaqla özünəinamı daha da möhkəmlətmək istəyirdik. Bu səbəbdən oyunumuz yaxşı alındı.

– Süni örtüklü meydançada oynamaq Avrokubok öncəsi sizi narahat etmirdi ki, birdən zədələnə bilərsiniz? Qurban Qurbanov matçdan əvvəl bununla bağlı bir söz dedimi və ya bir tədbir görüldümü?

– Xeyr, baş məşqçi heç bir tapşırıq verməmişdi. Çünki süni meydança təkcə AZAL-da deyil. Çıxıb öz oyunumuzu oynamalı idik. Çıxdıq, mübarizə apardıq və qalib gəldik. Biz “Sent-Etyenn”i düşünmürdük, yalnız çempionat oyununa özümüzü kökləmişdik. Baş məşqçimiz də qeyd etmişdi ki, hazırda ancaq AZAL haqda düşünürük. Bundan sonra artıq Avrokubok barədə düşünə bilərik.

– “Sent-Etyenn”in məşqçisi də tribunada idi. Bununla belə, Qurban müəllim fərqli taktika seçmədi, “Qarabağ” öz oyununu sərgilədi. Bu, “rəqibdən çəkinmirik” mesajı idi?

– Biz heç bir rəqibdən çəkinmirik. Qrupda da zəif klub yoxdur, hamısı tanınmış, güclü komandalardır. İnşallah, çalışacağıq Bakıda öz oyunumuzu rəqibə göstərək və hiss etdirək ki, ev sahibi bizik.

– Bu, həm də çempionatda ilk qələbəniz idi. İlk 3 oyunda 7 xal itirdiniz. İtirilən bu xallar mövsümün sonunda sizə problem yaratmayacaq?

– Əlbəttə, çempionluğa oynayan komandayıq. Hər itirilən xal bizə çətinlik yarada bilər, bunu dərk edirik. Gələcəkdə məğlubiyyət də, qalibiyyət də ola bilər. Lakin biz çalışırıq hər görüşə ciddi çıxıb qalib gələk və maksimum nəticə göstərək.

– Klublarımız hələ də həftədə 2 oyun keçirməyə hazır deyillər. Avrokubok oyunu olanda çempionat matçı təxirə salınır. Futbolçularımızda çatışmayan nədir?

– Mən belə deməzdim, buna PFL şərait yaradır ki, Azərbaycanın adını təmsil edən klub daha yaxşı nəticə göstərsin. Bunun belə olması normaldır, çünki bizim üçün qrupa düşmək, yəni “pley-off” oyunları əhəmiyyətli idi. Burada hansı klubumuz olarsa, ölkəmizi təmsil edir. Bu təxirəsalma da öz bəhrəsini verdi. İnanıram ki, qrupda oyunlar keçirdikcə bu tempə alışacağıq.

– Sən özün də bu mövsüm ilk dəfə meydana çıxdın. Çərçivədə özünü necə hiss etdin?

– Doğrudur, ilk matçım idi. Çalışıram oyunlara çıxa bilmək üçün formada olum, ruhdan düşməyim. Çempionat uzundur, hər an məşqçi mənə və ya digər qapıçıya şans verə bilər. Əsas komandaya faydalı olmaqdır. Bunun üçün də məşqlərdə daha məsuliyyətli olmaq şərtdir.

– Futbolçu oynamadıqca geriləyir fikrinə qatılırsanmı? Bunu özündə hiss edirsənmi?

– Bəli, bu belədir. Oynamamaq futbolçunu geridə saxlayır. Həmişə formada olmaq üçün çalışmaq lazımdır. Mən həmişə formada oluram.

– Gələk “Sent-Etyenn”lə oyuna. “Qarabağ”dan həm bu oyunda, həm də qrupda nə gözləyək?

– Mən əvvəlki açıqlamalarımda da qeyd etmişəm ki, çalışacığıq hər oyunda maksimum nəticə ala bilək. Əlbəttə ki, hər görüşün öz səviyyəsi var. Çalışmalıyıq ev oyunlarında azarkeşlərimizin dəstəyi ilə daha yaxşı nəticə göstərək. Hər şey ola bilər, bu, futboldur. İlk növbədə ev oyunlarında xallar qazanmağa çalışacağıq.

– Rəqibi analiz etmisinizmi? Hansı müsbət və mənfi cəhətlərini tapmısınız?

– Fərdi olaraq evdə izləyirəm. Ümumi komanda olaraq bu gündən rəqib haqda baş məşqçimiz bizə tapşırıqlarını verəcək.

– Qrupdakı digər rəqiblərinizdən “İnter” ötən bazar günü İtaliya A Seriyasında 7:0, “Dnepr” isə Ukrayna Premyer Liqasında 5:2 hesablı qələbə qazandı. Xüsusən də, birincinin mövsümə belə uğurlu başlaması sizi “Cüzeppe Meatsa” səfəri üçün qorxutmur?

– Bu klublar tanınmış məhşur futbolçulardan yığılmış komadalardır. “İnter” barədə nəsə deməyə ehtiyac yoxdur, Avropada öz sözünü demiş klubdur. Düşünürəm ki, qrupun lideri də məhz “İnter” olacaq. Əlbəttə bu komandalarla oyunlar yaxınlaşdıqca daha da yaxşı təhlil edərək hazırlaşacağıq.

– Çox çətin bir qrupa düşdüyünüz məlumdur. Reynaldo qrup birinciliyini hədəflədiyinizi deyib. Sən necə, komandanın qrupdan çıxacağına inanırsanmı?

– Mən də inanıram ki, qrupdan çıxa bilərik. Bunun üçün sona qədər “döyüşəcəyik”. Hər şey ola bilər, qrupu birinci və ikinci yerdə bitirə bilərik. Lakin futbolda sonuncu olmaq da var. Hər şey meydançadakı mübarizədən sonra bəlli olacaq.

– Son olaraq, azarkeşlərə sözün…

– Azarkeşlərimizə buradan minnətdarlığımı bildirirəm. Bu vaxta qədər bizə dəstək olublar, bunun sayəsində daha yaxşı oyunlar keçirmişik. Bizim bu dəstəyə həmişə ehtiyacımız var. Bundan sonra da gəlsinlər, sentyabrın 18-də bizi sona qədər dəstəkləsinlər. Məğlub da ola bilərik, amma azarkeş dəstəyi ilə əlimizdən gələni edəcəyik. Bu biz futbolçulara çox müsbət təsir edir, oyunumuz daha məsuliyyətli olur. Qarabağ adını Avropada nə qədər gündəmdə tuta bilsəl, bir o qədər xeyrimizədir. Bu, həm də azərbaycanlı kimi bizim borcumuzdur.

 

RASİM MƏMMƏDLİ