Fərdi evlərin tikintisi zamanı tələb edilən ara məsafəsi iki dəfə azaldılıb

Azərbaycanda şəhərlərdə mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi zamanı ara məsafəsi ilə bağlı tələb dəyişdirilib. 
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir, onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur və bu yaşayış evlərinin tikintisinə icazə alınması tələb olunmur.Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli qərarı ilə təsdiqlənmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ında qeyd edilib ki, tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Relyefə əsasən, hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür. Bu Qaydalara əsasən, indiyə qədər ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunurdu. Bu qaydalardan çıxış edən yerli icra qurumlarının Bakı və digər şəhərlərdə sahəsi 3,2 sot və daha az torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisi zamanı ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsinin götürülməsini tələb etməsi tikinti zamanı ciddi problemlərə yol açır, faktiki sahəsi az olan torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisini mümkünsüz edirdi. Nazirlər Kabinetinin “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”da etdiyi dəyişiklik bu problemi aradan qaldıracaq. Dəyişikliyə əsasən, kənd ərazilərində ara məsafəsi olaraq müəyyənləşdirilmiş divar hündürlüyünün 0,4 hissəsinin əsas götürülməsi ilə bağlı tələb də ləğv edilib. Bundan sonra həm şəhər, həm də kənd ərazilərində mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinə münasibətdə ara məsafəsi olaraq divar hündürlüyünün 0,3 hissəsi qəbul olunacaq. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi ilə bağlı tələb isə yalnız çoxmərtəbəli binaların tikintisi zamanı tələb olunacaq.