Fələstində İsrail 1837 nəfəri öldürüb, 9450 nəfəri yaralayıb

506

Fələstin Səhiyyə Nazirliyi iyulun 7-dən İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində ölən 452 nəfərin adı olan siyahını açıqlayıb. Qəzzada ümumi ölü sayı 1837, yaralı sayı isə 9450 nəfər olub. Lakin ölənlərdən hələlik 452 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olub. Ölənlərin çoxunun dağıntılar altında qalması, bəzi bölgələrdə isə öldürülmüş fələstinlilərin cəsədlərinin tapılması mümkün olmadığına görə siyahını tərtib edərkən çətinliklər yaranıb.

“Bəzi ailələrin isə tamamilə məhv edilməsi adların müəyyənləşməsində problem yaradıb. Əksər adların müəyyənləşməsində mərhumların yaxınları ilə əlaqə yaradılıb. Bu siyahıda körpə uşaqlar, azyaşlılar və qadınlar da yer alır”, – deyə məlumatda qeyd olunub. Bu arada ısə İsrail qoşunları dünən Qəzza sektorunu tərk ediblər. Bu barədə məlumatı İsrail ordusunun generalı Moti Almoz verib: “Orada qoşunlar var idi… lakin onların hamısı Qəzza sektorunu tərk ediblər”. Qeyd edək ki, ötən gün İsrail Qəzza zolağında 72 saatlıq atəşkəsin elan olunmasına razılığını verib. Bununla bağlı tərəflər arasında əldə olunmuş yeni atəşkəs rejimi dünən Bakı vaxtı ilə 14.00-dan qüvvəyə minib.

Xatırladaq ki, bundan əvvəl, avqustun 1-də Qəzza zolağında 3 günlük atəşkəs əldə olunmuşdu, lakin razılaşma HƏMAS qruplaşması tərəfindən pozulmuşdu.

Bundan başqa, bu günlərdə Misirin təşəbbüsü əsasında hər iki ölkənin nümayəndə heyətlərinin Qahirədə görüşü gözlənilir. Görüşdə geniş əhatəli atəşkəs sazişi çərçivəsində qarşıdurmanın dərhal dayandırılması məsələsi müzakirə olunacaq.