Fələstinə görə İsrail dünyadan təcrid olunur

548
İsrail ordusunun Qəzzədəki hərbi əməliyyatları Fələstin-İsrail sülh danışıqlarına mənfi təsir edir. Bunu Fələstin Prezidenti Mahmud Abbas bəyan edib. Onun sözlərinə görə, Qəzzədə çoxlu sayda dinc sakinin ölümünə səbəb olan hərbi əməliyyatlar cəzasız qalmayacaq.
İyulun 7-dən həyata keçirilən “Sarsılmaz qaya” əməliyyatı zamanı 800-dən artıq dinc sakin qətlə yetirilib ki, onların arasında qadınlar və uşaqlar da var.

Xəbər verilir ki, hərbi əməliyyat zamanı İsrail ordusu 45 hərbçisini itirib.

Bu arada isə Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Pan Gi Mun telefonla İsrail tərəfindən Qəzzə sektorunun bombalamasını müzakirə ediblər. Müzakirələr zamanı tərəflər bombardmanın dayandırılmasına çağırıblar.

BMT-nin baş katibi qeyd edib ki, atəşin dayandırılması üzrə Türkiyənin səylərinə böyük əhəmiyyət verir.

Yeri gəlmişkən xatırladaq ki, ötən gün  İsrailin Baş Naziri Binyamin Netanyahu ilə görüşən BMT-nin baş katibi Pan Gi Mun qalmaqallı açıqlma verib. O, mətbuat nümayəndələrinin də iştirak etdikləri toplantıda İsrailin özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb.

Baş katib İsrailin demokratik ölkə olduğunu xatırladaraq, Fələstin hökumətinin İsraili tanımalı olduğunu dilə gətirib.

“Həmas”ın raket hücumlarını kəskin şəkildə qınayırıq. Onlar bu hücumlara dərhal son verməlidir. Baş Nazir Netanyahuya dünyasını dəyişənlərə görə başsağlığı vermək istəyirəm. İsrail xalqına başsağlığı diləyirəm”, -deyə, Pan Gi Mun çıxışında bildirib.

İsrailə uçuşlar dayandırılır

Dünyanın bir neçə iri aviaşirkətləri İsrailə uçuşları dayandırıb

Britaniyanın “EasyJet” aviaşirkəti təhlükəsizlik baxımından Təl-Əviv istiqamətində uçuşları 24 saat müddətinə dayandırmağa qərar verib. Qərar Fələstin ərazisindən atılan raketin Təl-Əviv aeroportu yaxınlığına düşməsindən sonra verilib. Qeyd edək ki, bundan əvvəl ABŞ, Almaniya, Fransa, Avstriya, İsveçrə və Rusiya aviaşirkətləri  İsrailə uçuşları qeyri-müəyyən müddətə dayandırıb. Fransanın “Air France”, Avstriyanın “Austrian Airlines”, İsveçrənin “Swiss Airlines”, Almaniyanın “Lufthansa” şirkətləri  İsrailə bütün uçuşları 36 saat təxirə salıb.

Hollandiyanın “KLM” şirkəti isə iyulun 22-dən Amsterdam -Təl-Əviv reysini təxirə salıb. Britaniyanın “British Airways” hava şirkəti isə “uçuşları adi rejimdə” davam etdirəcəyini bildirib.

ABŞ da analoji addım atıb. Belə ki, ABŞ Federal Aviasiya İdarəsi “NOTAM” teleqramı yayıb.

Həmin teleqramda ABŞ-ın hava şirkətlərinə İsrailin “Ben-Qurion” hava limanına və ya 24 saat ərzində bu istiqamətdə uçuş qadağan edildiyi bildirilib. Bir müddət öncə ABŞ-ın “Delta Air Lines” hava şirkəti raket atəşi təhlükəsinə görə İsrailə bütün uçuşları yasaqlayıb.

“Həmas” İsrailin təyyarəsini vurub

İsrailin “F-16” markalı qırıcı təyyarəsi Qəzzə yaxınlığında raketlə vurulub. “Həmas”ın hərbi qanadının nümayəndəsi olan İzəddin Əl-Kassam bəyan edib ki, İsrail ordusuna aid hərbi təyyarə Qəzzəninin mərkəzində Deyr Əl-Bəlah bölgəsinə zərbə endirmək istəyərkən raketlə vurulub.

Vurulan təyyarə ilə bağlı İsrail tərəfindən, hələlik, açıqlama verilməyib.

Qeyd edək ki, İsrail iyulun 7-də  “Qoruyucu Xətt” adı altında Qəzzəyə havadan, 10 gün sonra isə qurudan hücuma keçib. Hücum nəticəsində 635 Fələstin vətəndaşı həyatını itirib, 4 min nəfər isə yaralanıb.