“Fəhləyə adam kimi yanaşan tək o idi”

540

Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib. İstanbulun “Florence Nightingale” klinikası Natiq Əliyevin vəfatı barədə rəsmi açıqlama yayıb. Bildirilib N. Əliyev iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılıb, onun ürəyinin koronar damarlarına stend qoyulub. Natiq Əliyevin müayinə və müalicəsi üçün Bakıya Türkiyədən heyət göndərilib. Həmin heyətin dəstəyi ilə Natiq Əliyev süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə “Florence Nightingale” klinikasına aparılıb. Ciddi tibbi müdaxilə ilə qan dövranın normallaşdırılması mümkün olmayan xəstəyə ürək nasosu qoşularaq ürək çatışmazlığına qarşı müalicə başlayıb. Lakin iyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib.

Natiq Əliyevin vəfatı xəbərinə jurnalistlər, QHT sədrləri də sosial şəbəkədə münasibət bildirir, necə bir xarakterə sahib olması barədə fikirlərini bölüşürlər. “Yeniavaz” saytı həmin fikirlərdən bəzilərini təqdim edir.

Namiq Əliyev (jurnalist): “Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib” xəbər başlıqları üzücüdür. Allah rəhmət eləsin. Natiq müəllim həqiqətən, səmimi və jurnalistlərlə ünsiyyətdə çox mehriban bir məmur idi. Yadıma gəlir, ATV kanalına yenicə işə düzəlmişdim. Tədbirlərin birində ümumi müsahibəyə mən bir az gec qatılmışdım. Hamı gedəndən sonra “Gülüstan” sarayının qapısında ayaq saxladı “qoy bu qardaş oğlunun suallarını ayrıca cavablandırım” deyib digər məmurlardan aralandı. Suallarımı cavablandırdı və çox səmimi şəkildə, mehribancasına mənimlə sağollaşdı. O vaxt bizi çəkiliş yerinə aparan sürücü də kənardan dayanıb baxırdı. Elə bilmişdi ki, Natiq müəllim doğrudan da mənim əmimdir (soyadımızın oxşar olması, adlarımızdakı oxşarlıq və Natiq müəllimin səmimiliyi onda bu əminliyi yaratmışdı). Uşaqlar da mənə “göz vurub” dedilər ki, üstünü vurma, qoy elə də bilsin. Bir də gördüm bütün şirkətə yayıb bu xəbəri, gündə bir xahişlə mənə müraciət edirdi ki, “əminə de filan məsələni düzəltsin, filankəsin xahişini yerinə yetirsin”. Allah rəhmət eləsin, cənab nazir”.

Əkrəm Həsənov (iqtisadçı): “Allah energetika nazirimiz Natiq Əliyevə rəhmət eləsin! Mərhumun xatirəsinin əbədiləşdirilməsi tədbirlərindən biri kimi onun ilk və sonuncu (yəni yeganə) energetika nazirimiz olmasını təklif edirəm. Başqa sözlə, real səlahiyyətləri çox az olan bu nazirlik ləğv edilməli, həmin səlahiyyətlər İqtisadiyyat nazirliyinə verilməlidir. Onsuz da məmurların kütləvi ixtisarı gündəmdədir”.

Məmmədəli Qəribli (jurnalist): “Natiq Əliyevin ölümü bəzi əzazil vəzifə adamları üçün örnək rolunu oynamalıdır. Bilirik ki, ölüm haqdır və ondan kimsə sığortalanmayıb. Ancaq öləndən sonra insanı yalnız yaxşı və pis əməllərinə görə xatırlayırlar. Natiq Əliyev barədə əksər jurnalistlərin, hətta müxalif mövqedə olan insanların xoş sözlər yazdığını, Allahdan ona rəhmət dilədiklərinin şahidi oldum. Belə nəticə çıxarırıq – elə həyat yaşamaq lazımdır ki, öləndən sonra goruna söyən olmasın”.

Niyaz Niftiyev (jurnalist): “Natiq Əliyev yaxşı insan – məmur idi, onun ölümünə çox kədərləndim. N. Əliyevin həm də Azərbaycan neft sənayesinin inkişafında, beynəlxalq müqvilələrin bağlanmasında böyük xidmətləri olub. Allah rəhmət eləsin”.

Mirvari Qəhrəmanlı (QHT sədri): “Nazir Natiq Əliyevə Allah rəhmət eləsin! Qəbri nurla dolsun. Amin! Heyif ondan”.

Çingiz Bayramov (QHT sədri): “Respublikamızın energetika naziri mərhum Natiq Əliyev Azərbaycan neft və qaz sənayesinin inkişafında böyük xidmətləri olmuş dəyərli bir ziyalımız idi. Uca millətimizin başı sağ olsun! Allah rəhmət eləsin”.

Yelena Siderenko (jurnalist): “Natiq Əliyev şəxsən mənim üçün çox dəyərli insanlardan idi. Səmimmiyyəti, insanlığı… Çox pis xəbər oldu, Allah rəhmət eləsin”.

Dünya Sakit (iqtisadçı): “Elə indicə bir neçə neftçi zəng vurub Natiq Əliyevin vəfatı xəbərinin doğru olub-olmadığını soruşdu məndən. Təsdiqlədiyimdə necə pərişan olduqlarını gördükdə, “fəhləyə adam kimi yanaşan tək o idi” sözlərini eşidəndə bir daha anladım ki, yaxşılıq heç vaxt unudulmur, itmir. Hansı formada olursa-olsun insanın özünə qayıdır. Bunu bütün məmurlarımız anlasaydılar”…

Elşad Eyvazlı (jurnalist): “Bildiyim qədər, müstəqilliyimizin bərpasından bu yana nazir postunda dünyasını dəyişən ilk adamdır. Allah rəhmət eləsin”.

İlqar Altay (ekspert): “Nazir, Natiq Əliyev Türkiyə, İstanbul klinikasında vəfat etdi. Allah rəhmət eləsin. Dövrün ən sadə, mədəni, mütərəqqi, ambisiyasız, qeyri-aqressiv, qeyri-ziyankar yüksək məmurlarından idi”.