“Fədakar”a görə mükafatlandırılıb

Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Məhərrəm Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tərəfindən Fəxri Fərmana layiq görülüb. Aktyor bu mükafata Neft Şirkətinin birinci vitse-prezidenti, akademik, geologiya-mineralogiya elmləri doktoru Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filmində uğurla ifa etdiyi SSRİ-nin Neft sənayesi naziri, dövlət xadimi Valentin Dmitriyeviç Şaşin roluna görə təltif olunub.

Məlumat üçün bildirək ki, ssenari müəllifi Eldar İskəndərzadə olan ikihissəli bədii-sənədli film Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” kitabındakı həyat oçerkləri əsasında çəkilib. Filmdə  X.Yusifzadənin ömrünün maraqlı anları, həyat hekayələri xronoloji ardıcıllıqla təqdim edilir. Film əfsanəvi Neft Daşlarında, Bakı şəhərinin müxtəlif guşələrində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb. Ekran əsərində əsas obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Əlican Əzizov, Əliqulu Səmədov, Namis Şirməmmədov, Mirzə Ağazadə, Şamil Süleymanov, aktyorlar Hikmət Rəhimov, Məhərrəm Musayev, Günəş Mehdiyeva, Könül Şahbazova, Rauf Hüseynov və başqaları canlandırıblar.