“Fədakar” gələn il təqdim olunacaq

578
Azərbaycanın qocaman neftçilərindən, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, adlı-sanlı geoloq, akademik Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” kitabındakı həyat oçerklərinin əsasında “Fədakar” adlı 2 hissəli bədii-sənədli film çəkilib.
 Film Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi ilə “SOCAR-Media” İctimai Birliyi tərəfindən istehsal edilir. Ekran əsəri X. Yusifzadənin 85 illik yubileyi münasibəti ilə lentə alınıb. Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsi üçün gərgin əmək sərf etmiş görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında ən maraqlı hekayətdir. Eyni zamanda onun ömrü ölkəmizin, xalqımızın yaşadığı müəyyən tarixi dövrün salnaməsidir. Film gələn il akademikin yubileyi ərəfəsində tamaşaçılara təqdim ediləcək. Obrazları filmdə xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər – Azad Şükürov, Fərhad İsrafilov, və başqaları canlandırıb. “Fədakar” bədii-sənədli filmi 2015-ci ilin yanvar ayında, akademikin yubileyi ərəfəsində tamaşaçılara təqdim ediləcək. Filmin ssenari müəllifi Eldar İskəndərzadə, quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Rafiq Quliyev, məsləhətçisi Xalik Məmmədovdur. Qvami Məhəbbətoğlu