Evin sirri elə evdə qalsa yaxşıdır

Kəndlərin dərdi var, kəndlər xəstədir… Bilirəm, bir para ağzıgöyçək elə birinci cümləmi oxuyan kimi, Dövlət Yol Polisi əməkdaşları sayağı deyəcəklər: “Bacıoğlu, zəhmət çək, sağa ver, saxla. Ə… niyə o boyda şairin gül kimi sözlərinə (Bakının dərdi var, Bakı xəstədir) əl gəzdirirsən? Utanmırsan? Axı sənə kim icazə verib ki, belə oyunlardan çıxasan?” Düz sözə nə deyəsən? Lap doğru buyururlar. Lakin o ağzıgöyçəklər unudurlar ki, o zamanlar kəndin dərdi-filanı olmayıb, olsaydı, şair elə kəndin dərdi var deyərdi də. Daha niyə Bakı deyirdi ki? Bir də, a kişi, bunu dərk etmək üçün filosof-milosof olmaq da vacib deyil. Əgər o zamanlar kəndin dərdi olsaydı, Novruzəli kişi bir eşşək yükü sovqatla xan qapısına gedə bilərdimi? Əgər kəndin dərdi olsaydı, hətta xarici ölkələrdə təhsil alanlarımız ucqar dağ kəndlərinə dərs deməyə üz tutardılarmı? Təbii ki, yox. Deməli, o zamanlar kəndlərimizin dərdi olmayıb… Görünür, indi var… Olmasaydı, son illər kənd məktəblərinə üz tutan müəllimlər barmaqla sayılmazdı ki? Bəli, indi əksər rayonlara üz tutanda nə var, nə yoxdan sonra ən əsas dərd kimi müəllim çatışmazlığı ortaya qoyulur. Halbuki son illər Bakıda, eləcə də digər şəhərlərimizdə o qədər müəllim “istehsal” olunur ki, heç sayı-hesabı belə yoxdur. Bəs onlar haralara üz tuturlar? Haralarda itib-batırlar? Haralarda müəllimlik edirlər? Hətta iş o yerə çatıb ki, bəziləri müəllim olandan sonra öz kəndlərinə belə dönmək istəmirlər. Bu suallara dürlü-dürlü cavablar verməklə oxucularımın iştahasını küsdürmək fikrində deyiləm. Yalnız bunu ərz edə bilərəm ki, indi müəllimlər kəndlərdən qaçaq düşüblər. Müvafiq qurumlar da nədənsə onları tuta bilmirlər ki, bilmirlər. Amma hər dəfə deyirlər ki, izlərinə düşmüşük, yaxud da ərz edirlər ki, onları şirnikləndirmək metodları üzərində işləyirik.
O gün bacıoğluma deyirəm ki, məktəbi bitirən kimi kəndə qayıt ha… Nə desə yaxşıdır: “Ay qayıtdım a…” Və başladı kəndin dürlü-dürlü “eyib”lərini əl barmaqları ilə bir-bir sadalamağa… Ayaq barmaqlarına keçəndə dedim, yetər, a bala, məgər sənin xəbərin yoxdur ki, hazırda regionların sosial-iqtisadi inkişafı istiqamətində aparılan islahatlar hər rayonda, hər kənddə ayaq tutub yeriyir, sənin o sadaladığın eyibciyəzlərin analarını ağlar qoyur? Yenə nə desə yaxşıdır: “Sosial-iqtisadi inkişaf dediyin nəmənə hələ bizim kəndə gəlib çatmayıb, artıq üç ildir ki, o, rayon mərkəzində ilişib qalıb, oraları abadlaşdırır. Nədənsə rayon rəhbərləri onu bizim tərəflərə buraxmaq istəmirlər. Vallah, ay dayı, hərdən mənə elə gəlir ki, o, bizim kəndə tərəf gəlməyə dəfələrlə cəhd göstərib. Yəqin o, palçıqlı yolumuzda batıb qalıb e… Ya da ki, bizim Cırtdan kimi it hürən tərəfə deyil, işıq görünən hansısa tərəfə üz tutub… Amma nə gizlədim, hərdən burnumuza onun iyi gəlir. Necə ki, bir restoranın yanından keçəndə kabab iyi adamı o dünyalıq edir. İnsafən, adamı məst etməyindən hiss olunur ki, o, ilin-günün bu çağında kənd üçün olduqca yararlı bir nəsnədir. Lakin nə yazıq ki, onun özünün şəxsən bizim tərəflərə nə vaxt təşrif buyuracağını kimsə bilmir”. Deyirəm, a bala, iyi gəlirsə, ayaq tutub yeriyirsə, deməli, bir gün sizin kəndə gəlib çatar da, gəl bu qədər darqursaq olma…” Kimə deyirsən, sözə baxır ki, deyir, getməyəcək, vəssalam.
Kəndlərin dərdi var, kəndlər xəstədir. Onların müəllim qədər həkimə də ehtiyacları var. Elə bu səbəbdən bəzi kəndlərimiz haray çəkir, öz dərdlərini ovutmağa müəllim, öz xəstəliklərini sağaltmağa həkim axtarırlar. Di gəl, onların səsinə səs verən tapılmır ki, tapılmır. Qəribədir, hər işimizə müdaxilə edən xarici qurumlar da nədənsə onların bu harayını eşitmək istəmirlər. Deyirəm, bəlkə, bu barədə onlara xəbər verim? Amma yox! Nədən ki, öz sirrimizi özgəyə verdiyimiz yetər. Necə deyərlər, evin sirri elə evdə qalsa yaxşıdır. q.mehebbetoglu@zaman.az