Evimizdəki gözəgörünməz qatil

560

Son illər dəm qazından ölüm xəbərləri o qədər artıb ki, artıq internetdə, qəzetdə bu barədə xəbərlərə rast gələndə çoxumuz oxumaq istəmirik. Lakin bu günlərdə Azərbaycanın dəyərli alimlərindən biri – Tofiq Hacıyevin dəm qazından vəfat etməsi hər kəsi bununla bağlı xəbəri oxumağa və bir daha düşünməyə vadar etdi. Tofiq Hacıyevin dəm qazından vəfatı xəbəri bizi iki mənada düşünməyə vadar etdi. Birincisi, deməli, dəm qazı təhlükəsi o qədər güclüdür ki, hətta alimimiz belə ona yaxalanmadan xilas ola bilmədi, ikincisi, əgər dəm qazı elə bir alimin evində tüğyan edə bilirsə, gör biz sadə insanları nələr gözləyə bilər.

Bəli, bu bir reallıqdır ki, dəm qazının insanın qəfil ölümünə səbəb olması barədə çoxları məlumatlıdır, amma həm də biganədir. Həkimə gedirik, müalicə olunuruq, bunun üçün nə qədər vəsait xərcləyirik, ancaq evimizdəki ani ölüm təhlükəsini ya görmürük, ya da görmək istəmirik. Faciə baş verən anda isə hər nə qədər peşmançılıq keçirsək də bir əhəmiyyəti olmur.

Plastik sexində çalışan usta Sabir Hüseynov deyir ki, mənzillərə, xüsusən də hamam otağına plastik quraşdıran mənzil sahibləri çox vaxt edilən xəbərdarlıqlara məhəl qoymurlar: “Plastik qapı və pəncərələr içəri və ya çölə hava buraxmadığından hamam otağında dəm qazı təhlükəsi də artır. Bunun üçün düzgün nizamlanmış havalandırma sistemi olmalıdır. Lakin çox vaxt buna əhəmiyyət verilmir, hətta evində körpə uşaqları olanların bəziləri də bu işə biganədirlər”.

Yeri gəlmişkən, illər öncə mətbuatda bu mövzuda maraqlı bir xəbər yayılmışdı. Bildirilirdi ki, mətbəxdə və hamam otağında vəziyyəti yoxlamaq üçün mənzillərə baxış keçirən qaz istismar idarələrinin əməkdaşına ev sahibləri “şirinlik” təklif edirlərmiş ki, aşkarlanan qüsurları “görməsinlər”.

Fövqəladə Hallar Nazirliyi məişətdə qazdan təhlükəsiz istifadə qaydaları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Nazirlik bildirir ki, məişətdə qaz cihazı və sobalarından geniş istifadə edilir. Yanğın, partlayış və qazdan zəhərlənmə kimi hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarını bilməyiniz vacibdir:

1. Qeyri-standart qaz cihazından istifadə etməyin.

2. Qaz cihazını daim saz vəziyyətdə saxlayın.

3. Qazın nəqli üçün yalnız metal borulardan istifadə edin.

4. Qaz cihazının təmiri və yoxlanılmasını, tüstü bacasının təmizlənməsini yalnız mütəxəssisə həvalə edin.

5. Qaz cihazı olan otaqda nəfəsliyi açıq saxlayın.

6. İşlək qaz cihazını nəzarətsiz qoymayın.

7. Qaz plitəsi üzərində dəsmal və geyim qurutmayın.

8. Evi isitmək məqsədilə mətbəxdəki qaz plitəsindən istifadə etməyin;

9. Qaz cihazını işlək vəziyyətdə qoyub yatmayın.

10. İşləyən qaz cihazını uşaq, yaşlı və ya xəstə adama etibar etməyin.

11. Evdən çıxdıqda qaz cihazını mütləq söndürün və qaz borusu üzərindəki kranı bağlayın.

12. Mənzilə girdikdə yalnız qaz sızmadığına tam əmin olduqdan sonra işıq və elektrik cihazını yandırın. Qaz sızmasından şübhələndikdə isə dərhal qapı-pəncərələri açın, evə qazın girişini bağlayın və mütəxəssis çağırın.

Qeyd edək ki, bir müddət öncə “Azəriqaz” İctimai Birliyi tərəfindən də “mavi yanacaq” təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edilmişdi. Həmin xəbərdarlıqlardan bir neçə önəmli məqamı yada salaq:

1. Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişin, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırın.

2. Qaz cihazlarından istifadə edərkən yanan odu odluğa yaxınlaşdırdıqdan sonra qaz kranını açın.

3. Qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar edin.

4. Qaz iyi və qaz cihazlarında nasazlıq hiss etdikdə, dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın, işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin, mənzilin havasını dəyişdikdən sonra 104 nömrəli telefonla qəza dispetçer xidmətinə müraciət edin.

5. Zirzəmidə, binanın girişində, həyətdə, küçədə kəskin qaz iyi hiss etdikdə ətrafdakılara ehtiyat tədbirləri barədə xəbərdarlıq edin, qazlı mühitdən insanların çıxarılması, açıq od və qığılcım yarada bilən hərəkətlərin qarşısının alınması üzrə tədbirlər görün və Qaz İstismar Sahəsinə təcili məlumat verin.

6. Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, 101 nömrəli telefonla FHN-in yanğından mühafizə xidmətinə, 104 nömrəli telefonla isə qaz qəza dispetçer xidmətlərinə xəbər verin.

7. Tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlayın və qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq onların normal işləməsinə əmin olun. Qaz sobalarının və suqızdırıcıların tüstü kanalları (bacaları), mətbəx və vanna otaqlarının ventilyasiya kanalları (havadəyişmə yolları) qış mövsümünün başlanmasına qədər bina və fərdi yaşayış evlərinin sahibləri tərəfindən təmizləndirilməli, təmir etdirilməli və onların vaxtaşırı yoxlanılması təmin olunmalıdır.

8. İctimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadəyə cavabdeh şəxslər təyin edilməlidir. Məsul şəxslər müəssisə rəhbərinin əmri ilə təyin edilməlidir.

9. Qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması qadağandır.

10. Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanması qadağandır.

Nicat İntiqam