Evimizdə çürüyən tarix

446
90-cı illərin əvvəllərində, yəni Qarabağ müharibəsinin qızğın vaxtlarında kimliyi bəlli olmayan tacirlər kəndbəkənd dolaşıb, qədimi xalçaları nisbətən baha qiymətə alıb aparıblar. Həmin dövrdə insanların çoxu ağır sosial şəraitdə yaşadığı üçün xalçaları baha qiymətə satmağa məcbur olub.
Təxminən 2 həftəyə yaxın müddət ərzində kəndimizdə məzuniyyətdə oldum. Xüsusilə, yazı-pozu ilə məşğul olanlar məzuniyyət dövründə beyinlərinin dincəlməsinə böyük önəm verirlər. Odur ki, mümkün olduğu qədər mən də müvəqqəti də olsa həyat tərzimi dəyişməyə çalışdım. Yəni fiziki işlərlə daha çox məşğul oldum. Amma bu müddət ərzində müəyyən sosial mövzular da oldu ki, diqqətimdən yayınmadı. Belə mövzulardan biri də bir vaxtlar evlərin bəzəyi olmuş, ən bahalı və dəyərli hədiyyə kimi qəbul olunmuş, indi isə köhnəlmiş, heç nəyə yararsız kimi görünən xalçaların aqibəti ilə bağlı oldu. O xalçalar ki, ucqar kənd yerlərində, bəlkə, bir çox insanlara dəyərsiz kimi görünür, köhnəlməyi, yararsız hala düşməyi çoxlarını narahat etmir. Hətta bir gün dəyərsiz bir əşya kimi atılması da gözləniləndir. Halbuki bu xalçalar ötən əsrdə kim bilir hansı əzab-əziyyətlər hesabına ərsəyə gəlib, onun üzərindəki bəzəklər nə kimi mənalar ifadə edir.

Kimliyi bəlli olmayan tacirlər kəndbəkənd dolaşıb, qədimi xalçaları alıb aparıblar

Qəribədir ki, kənd yerlərində saxlanılan, artıq köhnəlmiş təsiri bağışlayan bu xalçaların haradan alındığını, necə alındığını çoxları bilmir. Söhbətləşdiyim insanlardan “bu xalça atamızdan qalıb”, “anam cehiz gətiribmiş” kimi cavablar alsam da, bu xalçaların harada toxunduğunu, neçə yaşı olduğunu dəqiq öyrənə bilmədim.

Yeri gəlmişkən, bir məqamı da qeyd etmək yerinə düşər. Sən demə, 90-cı illərin əvvəllərində, yəni Qarabağ müharibəsinin qızğın vaxtlarında kimliyi bəlli olmayan tacirlər kəndbəkənd dolaşıb, qədimi xalçaları nisbətən baha qiymətə alıb aparıblar. Həmin dövrdə insanların çoxu ağır sosial şəraitdə yaşadığı üçün xalçaları baha qiymətə satmağa məcbur olub. Halbuki müxtəlif tarixi mahiyyəti özündə daşıyan xalçaların aqibəti bu gün də bəlli deyil. Sadə insanların çoxu isə bu xalçaların tarixi mahiyyətindən, bəlkə, bu gün də xəbərsizdir.

Amma qədimi xalçalardan kənd yerlərində qalanlar da çoxdur. Yaxşı olardı ki, bu xalçalar ya bərpa olunaydı, ya da nə qədər ki, birdəfəlik zay olmayıb, üzü köçürüləydi. Hətta onlardan nadir olanları dövlət vəsaiti hesabına vətəndaşlardan aidiyyəti qurumlar tərəfindən alına da bilər. Məsələn, hər bir rayonda tarix diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Yaxşı olardı ki, həmin xalçaların tarix diyarşünaslıq muzeyləri tərəfindən vətəndaşlardan müəyyən məbləğ qarşılığında alınması üçün onlara şərait yaradılaydı…

Bundan başqa, kənd yerlərində evlərdə saxlanılan müxtəlif tarixi əşyalara da rast gəlmək olur ki, onların da vətəndaşlardan alınması və ya bərpası istiqamətində müəyyən işlər görülə bilər. Qeyd edim ki, belə tarixi mahiyyətli əşyalar və ya eksponatlar əkin sahələrində, şəxsi təsərrüfatlarda qazıntı işləri zamanı aşkarlanır.

Yaxın vaxtlarda yeni laboratoriya avadanlıqlarının təqdimatı olacaq

Lakin bu istiqamətdə, yəni tarixi əşya və eksponatların, xalçaların bərpası istiqamətində iş görülmür desək, doğru olmaz. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyindən “Zaman-Azərbaycan”a verilən məlumata görə, yaxın vaxtlarda muzeydə yeni laboratoriya avadanlıqlarının təqdimatı olacaq. Belə ki, 2014-cü il, iyunun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişaf Fondunun qrantı ilə “Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması” layihəsi çərçivəsində alınmış avadanlıqların təqdimat mərasimi keçiriləcək. Tədbirdə AMEA rəsmiləri, Elmi İnkişaf Fondunun rəhbər heyəti, alimlər, muzeyşünaslar, KİV nümayəndələrinin iştirakı gözlənilir.

Tarixi materialların bərpası üçün geniş imkanlar yaranacaq

Milli Azərbaycan Tarixi Muzeyindən qəzetimizə bildirdilər ki, alınmış avadanlıqlar ən müasir tələblərə cavab verir və müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulub. Alınmış avadanlıq sırasında İngiltərənin “Wellord& co” bərpa və konservasiya şirkətinin istehsalı olan vakuum təmizləyicisi, eyni şirkətin istehsalı olan nəmləndirici masa, İtaliyanın “Bertoncelloproxima” şirkətinin istehsalı olan mikro-qaynaq cihazı (bütün növ materiallar üzrə), İtaliyanın “CTS-prodotti-perrestouru” şirkətinin istehsalı olan sərt cismlərin korroziya və oksidləşməsinə qarşı ultra-səstəmizləyici vanna, eyni şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezo-elektrik ultra səstəmizləyici cihazı var. Bundan başqa, İtaliyanın “Dino-lite ANMO-electronics” şirkətinin istehsalı olan eksponatların üzərindəki ziyanlı proseslərin video registrasiya cihazı, İtaliyanın “CTS-prodotti-perrestouru” şirkəti və Almaniyanın “Scheider” şirkətinin birgə istehsalı olan qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakuum nasosu kimi cihaz və qurğular maraq doğurur. Alınmış avadanlıq istər şəxsi kolleksiyalarda olan və ya olmuş, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsi və bərpası üçün geniş imkanlar yaradacaq. NICAT İNTIQAM