“Evimin deyil, sazımın yanmağı məni yaman yandırdı”

0
486

Bu günlərdə Qubada keçirilən “Alma bayram”ında bir aşıq diqqətimi cəlb etdi. Aşığın yanıqlı çalğısına qulaq asa-asa ona yaxınlaşdım. Bir jurnalist kimi məni maraqlandıran sualları öz sənət aləmində olan aşığa birdən-birdən yağdırmaq istəmədim. Odur ki, çalğısını sona yetirməsini gözləməyə başladım. Aşıq sözünü qurtaran kimi mənə üzünü tutub dedi:
– Bacıoğlu, sözlü adama oxşayırsan?
– Elədir, aşıq. İstəyirəm, sizinlə həmsöhbət olub haqqınızda bir yazı hazırlayım.
– Ay bala, zəhmət çəkmə… Elə nə gördünsə, onu yaz, bəsdi…
Onun bu cavabı məni qane etmədiyindən növbəti dəfə israr etdim. Aşıq:
– Vallah, mən müsahibə verməyi xoşlamıram. Madam ki, israr edirsən, elə isə mənim bir sualıma cavab ver. Elə cavabından biləcəyəm ki, aşıq sənətindən bir şey bilirsən, ya yox? Vallah, bu sahədən başı çıxmayanla sazdan danışmaq çətindir…
Razılaşdım.
– Elə isə de görüm, sazın başı haradır, ayağı hara?
Sözün düzü, bu qeyri-adi sual mənim üçün gözlənilməz oldu. Nə yaxşı ki, bununla bağlı nə vaxtsa, haradansa oxuduqlarım yadıma düşdü. Odur ki sevinclə:
– Sazın başı Divani, ayağı müxəmməsdir, aşıq, – dedim.
“Hansısa ustad aşığın da yanına getməmişəm”
Aşıq: “Ay bərəkallah” deyib ilk sualımı cavablandırmağa başladı: “Mən Qubadan – rayon mərkəzindən təxminən 50 kilometr aralıda yerləşən Girdəh kənd sakini Soltan Şükürovam. Ola bilsin ki, dörd tərəfi meşə ilə əhatə olunmuş və 30 evdən ibarət bu kəndin adı bir çoxlarına tanış gəlməsin. Amma mənə elə gəlir ki, Girdəh şəlaləsi çoxlarına tanışdır. Elə kəndimiz də bu şəlalə ilə tanınır. Onu da deyim ki, bizim kəndin təbiəti o qədər gözəl, valehedicidir ki, gələnlər bu məkandan ayrılmaq istəmirlər. Bir sözlə, əsl istirahət ocağıdır. Amma bir nöqsanı var ki, payızda, qışda gediş-gəliş məsələsi bir qədər çətindir. Güman edirəm ki, prezidentimizin göstərişi ilə yeni salınan yol bu problemə son qoyacaq”.
Daha sonra Aşıq Soltan dedi: “O ki qaldı mənə… Bəri başdan deyim ki, Aşıq Ələsgər kimi, mənim də heç bir təhsilim yoxdur. Ondan fərqli olaraq, bu sənəti öyrənmək məqsədilə hansısa ustad aşığın da yanına getməmişəm. Sadəcə, uşaq vaxtımdan meylimi musiqiyə salmışam. Elə radioda səslənən mahnılara, aşıq havalarına qulaq asmaqla bu aləmdə özümə yer etməyə çalışmışam. Yəni saz çalmağı öyrənmişəm (Üstəlik, şair demişkən, yeri gələndə az-az uydururam, yəni şeir də yazıram). Amma bu həvəsimə baxmayaraq, mənə saz alan olmayıb. Odur ki, min bir əziyyətə qatlaşıb özümə saz düzəltmişəm. Beləcə, aşıqlığa başlamışam. Amma sonradan dərk edəndə ki, bu sazımın səsi dinlədiyim sazların səsi ilə müqayisədə kobuddur, onunla iltifatı kəsdim (Bunun da maraqlı tarixçəsi var. Bir dəfə qonşu kəndlərdən birinə Qurban adlı bir aşığın gəldiyini eşitdim və tez özümü verdim ora. Və məhz onda ilk dəfə əlində saz tutmuş aşıq gördüm və canlı səsinin şahidi olum). Elə o gündən də “mən saz-saz” deyə haray çəkdim. Və nəhayət, günlərin bir günündə qohumlarımızdan biri mənə bir babat saz aldı. İnandırım səni, elə bil mənə dünyaları bağışladılar”.

sazzz
“Sevincimi də, kədərimi də onunla bölüşürəm”
“Saz sanki mənim bədənimin bir əzasıdır, ondan bir an ayrıla bilmirəm, hətta qoyun-quzunu örüşə aparanda belə sazı da özümlə götürürəm. Sevincimi də, kədərimi də onunla bölüşürəm”, – sözləri ilə söhbətini davam etdirən aşıq Soltan mənə rəvayət kimi gələn bir hadisədən də söz açdı: “2012-ci ildə – günlərin bir günü min bir zəhmətlə ərsəyə gətirdiyim evim yandı (Sonradan dedilər ki, yanğına səbəb qısaqapanma olub). Buna görə əsla üzülmədim. El dilincə desək, evimin yanmağı məni yandırmadı, amma evin içində digər əşyalarla birgə sazımın yanmağı məni yaman yandırdı (Onun sözlərinə görə, artıq bu ifadə kənddə zərb-məsələ çevrilib) Hə, onu da deyim ki, kənd camaatı evimi sahmana salmaq məqsədilə mənə yardım etdi. Hamı gözləyirdi ki, mən rayon mərkəzinə gedib ev üçün tikinti materialları gətirəcəyəm. Mən isə kəndə həmin pula aldığım sazla qayıtdım. Neyləyim, sazsız qərar tuta bilmirdim”.
Söhbətdən aydın oldu ki, Aşıq Ədalətin ifasının, sözünün vurğunu olan, neçə-neçə aşığın yaradıcılığını əzbərdən bilən 60 yaşlı aşıq Soltan hər məclisə getmir. İştirak etdiyi məclislərdən də nəsə ummur: “Halal zəhmətimlə dolanıram. Saxladığım mal-qaranın verdiyinə, təsərrüfatımın məhsuldarılığına min bərəkət”.
Aşıq Soltan ölkəmizdə saza olan diqqətdən də danışdı: “Aşıq sənəti bizim milli sərvətimiz, milli sənətimizdir. Bu gün ona olan qayğı hamı kimi məni də sevindirir. Məhz dövlətimizin qayğısı nəticəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu az iş deyil. Onu da deyim ki, indi gənclərimizin vətənpərvərlik, milli ruhda tərbiyə alması günün tələbidir. Mənim fikrimcə, aşıq sənətində milli ruh daha güclüdür. Elə buna görə də saz hər bir tədbirdə, hər bir şənlikdə təmsil olunmalıdır. Necə deyərlər, Dədəm Qorqud gəlib boy boylamalı, soy deməlidir”.
Söhbətinin sonunda Aşıq Soltan məni öz doğma ocağına dəvət etdi. Bu dəvətini də o belə əsaslandırmağa çalışdı: “Mənə elə gəlir ki, saz təbiət qoynunda daha yaxşı səslənir, gəl şahid ol”.
Qəhrəman Qasımov Əməkdar jurnalist,
Qvami Məhəbbətoğlu