Evə gedən uzun yol

0
63

Ceyson Bokaro (İngiltərə)

Mən İspaniyanın cənubunda Estapona adlanan kiçik bir icmada anadan olmuşam. Bir səhər, maşını göstərmək üçün yaxınlıqdakı qaraja qoymaq şərti ilə, atam mənə onu 18 mil aralıda yerləşən Mijas adlı ucqar bir kəndə aparmağı təklif etdi. Maşın sürməyi təzəcə öyrəndiyim və nadir hallarda sürmək imkanım olduğundan mən dərhal razılaşdım. Atamı Mijasa aparıb, saat 4-də onu götürəcəyimə söz verdim, sonra maşını yaxınlıqdakı qaraja sürüb düşdüm. Bir neçə saat boş vaxtım olduğundan qarajın yaxınlığındakı kinoteatrda bir-iki filmə baxmağı qərara aldım. Lakin filmlərə elə dalmışdım ki, vaxtı tamamilə unutmuşdum. Axırıncı film bitəndə saatıma baxdım. Artıq saat altı olmuşdu. İki saat gecikmişdim.

 

Bilirdim ki, atam kinolara baxdığımı bilsə qəzəblənəcək. Bir də mənə maşın sürməyə icazə verməyəcək. Ona maşının bir az təmirə ehtiyacı olduğunu və onlara nəzərdə tutduğumuzdan çox vaxt sərf olunduğunu deməyi qərara aldım.

Görüşməli olduğumuz yerə sürdüm, ora  çatanda atamın tində səbirlə gözlədiyini gördüm. Gecikdiyim üçün üzr istəyib dedim:

– Daha tez gələcəkdim, lakin maşının bir neçə əsaslı təmirə ehtiyacı oldu.

Atamın o anda mənə dikilən baxışlarını heç vaxt unutmayacağam.

-Mənə yalan deməli olduğunu düşündüyünə məyusam, Cəkson.

-Siz nəyi nəsərdə tutursunuz? Mən həqiqəti deyirəm. – Atam mənə bir də baxdı. -Sən gəlib çıxmayanda mən qaraja zəng edib bir problemin olub-olmadığı ilə maraqlandım, dedilər ki, sən hələ maşını çıxarmamısan. Görürsən də mən maşında problemlərin olmadığını bilirəm. Zəif səslə gecikməyimin səbəbinin kinolara getdiyimin olduğunu etiraf edəndə

vücudumdan bir günah dalğası keçdi. Atam diqqətlə dinlədikcə onu pərişanlıq bürüdü.

-Sənə yox, özümə acığım tutur. Bilirsən, başa düşürəm ki, bu qədər illərdən sonra sən mənə yalan deməyi rəva görürsənsə mən bir ata kimi uğursuz olmuşam. Uğursuz olmuşam ona görə ki, atasına belə həqiqəti deməyi bacarmayan bir oğul böyütmüşəm. İndi evə piyada gedəcəyəm və  bu illər ərzində harada səhv etdiyim haqqında düşünəcəyəm.

-Ata, axı evə qədər 18 mil var. Qaranlıqdır. Evə qədər piyada gedə bilməzsən.

Etirazlarım, üzürxahlıqlarım və dilə gətirdiyim heç bir sözün əhəmiyyəti olmadı. Mən atamın etimadını doğrultmamışdım və həyatımın ən acı dərslərindən birini almaq üzrə idim. Atam tozlu yollarla addımlamağa başladı. Mən cəld maşından hoppanıb fikirini dəyişəcəyi ümidi ilə onun arxasınca getdim. Yol boyunca ona nə qədər peşiman olduğumu ifadə edərək yalvardım, lakin atam sakitcə, qayğılı və iztirabla yoluna davam edərək mənə fikir vermədi. Saatda təxminən beş kilometr sürətlə sürərək 18 millik yolu onun arxasınca  getdim.

Atamı bu qədər fiziki və emosional iztirab içində görmək mənim üçün bu vaxtacan üzləşdiyim ən əzabverici bir təcrübə idi. Buna baxmayaraq, bu təcrübə həm də ən uğurlu bir dərs idi. Ondan belə atama heç vaxt yalan demədim.

 

İngilis dilindən tərcümə edən: Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi,

qabaqcıl təhsil işçisi