“Eurovision 2014”ün qalibi Avstriya təmsilçisi olub

670

Bu gün Danimarkanın paytaxtı Kopenhagenin “B and V” arenasında “Eurovision-2014” mahnı müsabiqəsinin final konserti keçiriib.
“Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek və Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlayıb, iştirakçılara uğurlar arzulayıblar.
İyirmi altı ölkənin iştirakı ilə keçirilən finalda Azərbaycan təmsilçisi Dilarə Kazımova 3-cü nömrə altında Stefan Örnün bəstələdiyi “Start a fire” mahnısını təqdim edib.
Çıxışlardan sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərmək mümkün olub. “Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, yarışmanın finalından bir gün əvvəl münsiflər səs verirlər. Final şousu başa çatanadək gizli saxlanılan münsiflərin verdiyi səslər müsabiqənin yekununda tamaşaçı səsləri ilə toplanır.
Beləliklə, 36 ölkənin iştirak etdiyi səsvermə vaxtı “B and V” arenaya ilk olaraq Azərbaycan qoşulub. “Eurovision 2012” mahnı müsabiqəsində beşinci yerə sahib olan Səbinə Babayeva Azərbaycandan səslərin nəticələrini elan edib. S.Babayeva Azərbaycanın 8 səsi Macarıstana, 10 səsi Ukraynaya, 12 səsi isə Rusiyaya verdiyini bildirib.
Ümumi səsvermə nəticəsində 290 səs alan Avstriya təmsilçisi Conchita Wurst müsabiqənin birincisi olub. Niderlanddan “The common linets” qrupu ikinci, isveçli Sanne Nielsen isə üçüncü yerləri tutublar. Azərbaycan təmsilçisi Dilarə Kazımova müsabiqədə 22-ci yerdə qərarlaşıb.
Müsabiqənin qaydalarına əsasən, qalib ölkənin təmsilçisi yenidən “Eurovision”un əsas səhnəsinə çıxaraq ona birincilik qazandıran mahnısını bir daha ifa edib. Ona yarışmanın rəmzi olan “Billur mikrofon” təqdim edilib.
Danimarkanın ev sahibliyi etdiyi “Eurovision-2014” mahnı müsabiqəsinin bütün şouları 45-ə yaxın ölkədə birbaşa yayımlanıb.