“Etalon” olmuşuq…

0
491

Bilmirəm, fikir vermisiniz, ya yox, son vaxtlar dünya futbolunda yeni bir tendensiya formalaşmaqdadır. Bu da ondan ibarətdir ki, bu və ya digər ölkənin milli komandası bizim milli komandalara məğlubiyyətlərini heç cür həzm edə bilmirlər. Elə bu səbəbdən komandalarının baş məşqçilərini məhşər ayağına çəkirlər. Bununla kifayətlənməyərək onları tutduqları postlarından “bəh-bəhlə” uzaqlaşdırırlar. “Diaqnozları” da təxmini belə olur: “Azərbaycan yığmasına uduzmağımız rüsvayçılıqdır”. Yəqin xatırlayırsınız, hələ altı il əvvəl futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş turnirdə 3-cü yer uğrunda görüşdə Çexiyanı məğlub etdi – 2:0 (Bu, Azərbaycanın Çexiya ilə ilk görüşü idi). Bu oyundan sonra Çexiya yığmasının qapıçısı Petr Çex heç bilirsiniz nə demişdir? Demişdir ki, “Azərbaycan yığmasına uduzmağımızı heç cür qəbul edə bilmirəm”. Daha bu oyundan sonra Çexiya millisinin baş məşqçinin başına nələr gəldiyini deyə bilmərəm, amma dəqiq bildiyim budur ki, Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç, sözün həqiqi mənasında, Azərbaycanın “qurbanı” oldu. Yəni xorvatların Bakıda bizim milli ilə görüşdən qolsuz bərabərliklə ayrılması rüsvayçılıq kimi yozuldu, bu da onun istefasına yol açdı. Elə o vaxtdan Niko Kovaç öz komandasının azarkeşlərindən birinə çevrildi.

Hə, bu yaxınlarda da… Azərbaycan millisi daha iki baş məşqçinin sonuna çıxıb. Onlardan biri Rusiyaının 21 yaşadək futbolçularından ibarət komandasının baş məşqçisi Dmitri Xomuxadır. O Xomuxa ki, onun komandası AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində Yaşar Vahabzadənin rəhbərlik etdiyi Azərbaycan yığmasına Bakıda 0:3 hesab ilə məğlub oldu. Bu məğlubiyyətin acısı çəkilməmiş Rusiya Futbol Federasiyasının İcraiyyə Komitəsi Xomuxanı qabağına qoyub əməlli-başlı qınadı (Qeyd edək ki, Rusiya Bakıdakı məğlubiyyətdən sonra AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq şansını demək olar ki, itirib). Təxminən bu cür: “Ə, sən heç bilirsən hansı komandaya uduzmusan?” O da ərz edib ki, məgər bilmirsiniz ki, Azərbaycan futbola ciddi güc sərf edən böyük ölkədir, orada 10 il ərzində bütün dünyadan məşqçilər olublar, indi bu məmləkətdə də futbol oynaya bilərlər var? Rəsmilər deyiblər ki, daha bizə yox da, bəlkə Azərbaycan millisinin alternativi yoxdur?.. Xomuxa da bir sağa baxıb, bir sola… Görüb ki, onun tərəfini saxlayan, başqa sözlə desək, quru yuyub, amma onu yaş da sərmək fikirləri yoxdur, bizim Əli bəy demişkən, daha heç “mıq” da eləmədən elə oradaca günahını boyununa alıb və istefa ərizəsini yazıb.

Heç bu istefanın təri qurumamış yeni bir istefa xəbəri yayıldı. Xəbər də ondan ibarət oldu ki, Moldova Futbol Federasiyasının İcraiyyə Komitəsi Moldovanın milli komandasının baş məşqçisi Ştefan Stoykanı divara dirəyib. (Yəqin xatırlayırsınız, bu ilin noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçirilən yoldaşlıq görüşündə millimiz Moldova üzərində 2-1 hesablı qələbə qazanmışdı). Onunla isə söhbət təxmini belə olub: “Biz Azərbaycanı dişimizin yemi bilirdik, odur ki həmin qarşılaşmada müsbət nəticə gözləyirdik, lakin komandamız məğlub oldu, bu heç bilirsinizmi, nə deməkdir, sadəcə, rüsvayçılıq”. “Tovariş” Ştefan da deyib ki, axı siz niyə belə düşünürsünüz? Vallah, indi Azərbaycan millisi əvvəlki deyil. Bir də axı mən nə yatdım ki, nə yuxu da gördüm? Axı mənim bu komandaya gəldiyim heç iki ay deyil (O, baş məşqçilik “sükanı arxası”da bu ilin sentyabrında Aleksandr Kurtianunu əvəz etmişdi). Komitədən də deyiblər ki, sən Azərbaycan yığmasına uduzmaqla, şansını itirdin, bizə belə bir komandaya can verən bir məşqçi bizə lazım deyil”. Biçarə Stoyka da çemodanını götürüb aradan çıxıb.

Bəli, bu kimi xırdalıqlara daha çox üz tutmaq, daha çox misal çəkmək olardı. Lakin bunu lazım bilmədim. Çünki gələcəyim nəticə üçün elə bunlar kifayətdir. Bəli, son vaxtlar bizim milli komandalar digər ölkələrin komandaları üçün, həqiqətən də, ölçüyə – “etalon”a çevrilib. Bilmirəm, daha bu etalonla sevinim, yoxa ağlayım?

QVAMİ MƏHƏBBƏTOĞLU